BBC-nin araşdırması: İD terror icraçılarını necə cəlb edir?

Вестминстер после нападения Fotonun müəllifi PA
Image caption Cihadçılar əksər hallarda hədəf kimi turistik yerləri seçirlər

BBC jurnalistlərinin əldə etdiyi faktlara görə, özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın döyüşçüləri bu il Londonda baş vermiş terror hücumlarının icraçılarını tapmaq üçün 2016-cı ildə aktiv şəkildə fəaliyyət göstəriblər.

BBC jurnalistləri İD agentləri ilə söhbət edərkən özlərini britaniyalı yeniyetmələr kimi təqdim ediblər.

Onlar İD agentləriylə ötən il əlaqə yaradıblar. Məlum olub ki, cihadçılar artıq o zaman Westminster və London körpüsündə hücumları həyata keçirmək üçün adam axtarırmışlar.

Araşdırma üzərində işləyən reportyorlar aldıqları məlumatları Böyük Britaniya Təhlükəsizlik Xidmətinə təqdim ediblər. Terrorla mübarizə üzrə ekspertlər alınan məlumatı "çox əhəmiyyətli" adlandırıblar.

Britaniya Təhlükəsizlik Xidmətinin məlumatına görə, jurnalistlər İD qruplaşmasının baş agenti ilə əlaqə saxlamağa nail olublar.

Özlərini uydurma gənclər kimi təqdim edən jurnalistlər agentləri cihad ideyalarına sadiq olmalarına inandırıblar.

Ötən ilin iyul ayında araşdırmaya başlayan jurnalistlər sosial şəbəkələrdə qruplaşmanın britaniyalı müsəlmanlara müraciətinə rast gəliblər. Onlar Britaniyadakı həmfikirlərini Londonun bir sıra turizm mərkəzləri yaxınlığında hücumlar həyata keçirməyə inandırmağa cəhd göstəriblər.

Jurnalistlər agentlərdən biri ilə əlaqə saxlayıblar. Agent isə onları şifrə ilə qorunan çata dəvət edib.

Özünü 17 yaşlı və valideynləri ilə birgə yaşayan gənc kimi təqdim edən bir jurnalistdən İD agentləri Westminster-in harda yerləşdiyini bilib-bilmədiyini soruşublar. Daha sonra onlar, Westminster-ə adətən çoxlu adam toplaşdığından oranın hücum üçün uyğun hədəf olduğunu söyləyiblər.

"Əgər səndə alınarsa..... bu onlara (Britaniyaya) böyük ziyan vuracaq", - deyə agent bildirib.

2016-cı ilin dekabrında İD-nin başqa agenti bu cür hücumları necə həyata keçirmək barədə danışıb.

"Kafirləri [dinsizləri, qeyri-müsəlmanları] qorxutmaq lazımdır. Çoxlu qurban lazımdır. Buna nail olmaq üçün ən yaxşı vasitə - adi insanları öldürməkdir ", - deyə agent izah edib.

Daha sonra agent özünü yeniyetmə kimi təqdim edən jurnalistlərə "qara internetdə" hücumların həyata keçirilməsi barədə təlimatı oxumağa verib. Agentin qeyd etdiyi saytda avtonəqliyyatdan necə ölümcül silah kimi istifadə olunması barədə danışılır. Saytda həmçinin soyuq silahdan istifadə edərək necə hücum etmək, bədənin hansı hissələrinə və necə zərbə endirmək barədə məlumatlar verilib.

Fotonun müəllifi Jack Taylor/Getty Images
Image caption Westminster-də 5 nəfər terrorun qurbanı olub

Təhlükəsizlik Xidmətinin fikrincə, Westminster London körpüsündəki hücumların icraçıları internet vasitəsilə İD döyüşçüləri ilə şifrəli çatlardakı yazışma nəticəsində cəlb olunub.

Martın 22-də 52 yaşlı britaniyalı Khalid Masud-un, idarə etdiyi avtomobili Westminster-dəki körpüdən keçənlərin üzərinə sürməsi nəticəsində 4 nəfər həlak olub və 50-dən çox insan yaralanıb. Daha sonra o, maşından çıxaraq parlamentin binası qarşısındakı polisi bıçaqla qətlə yetirmişdi.

İyun ayında isə silahlı Khuram Shazad Butt, Rachid Redouane Yussef Zagba-nın yük avtomobilini London körpüsündəki insanların üzərinə sürməsi nəticəsində 9 nəfər həlak olmuşdu, 48 nəfər xəsarət almışdı.

Daha sonra avtomobildən düşən silahlı şəxslər Borough marketyaxınlığındakı insanlara bıçaqla hücum etmişdilər.

Terror icraçıları saxta [boz lentlərlə sarınmış plastik butulkalar] intihar kəmərləri geyinmişdilər.

İD agenti London körpüsünə hücum planları barədə ilk dəfə, hələ ötən ilin yayında, özünü yeniyetmə kimi qələmə verən jurnalistlərlə söhbətində qeyd etmişdi.

Jurnalistə göndərilən məlumatda deyilir: "Hazırda başlıca məsələ hücum yerini müəyyən etməkdir. London körpüsü necədir?"

"Yük avtomobili, balta hər şeydən istifadə etmək olar", - deyə agent izah edib.

Bir neçə ay sonra cihadçı "yeniyetməyə" internetdə partlayıcı qurğunun hazırlanması təlimatını oxuması barədə tapşırıq verib.

Agentin tövsiyə etdiyi video dərslərdən birində saxta intiharçı kəmərinin necə hazırlanmasından danışılır. Rolik müəlliflərinin sözlərinə görə, saxta intiharçı kəməri geyinən zaman çox güman ki, polis onları yaxalamağa və sui-qəsdçini öldürməyə cəhd göstərməyəcək.

Fotonun müəllifi Gabriele Sciotto
Image caption London körpüsündə insanlara hücum edən terrorçular saxta intiharçı kəməri geyiniblər

London körpüsündə hücumu həyata keçirənlərdə saxta intiharçı kəmərləri olub. Lakin bu, onları polislərin gülləsindən xilas edə bilməyib.

Birləşmiş Krallıq Müdafiə Təhqiqatları İnstitutunda terrorla mübarizə üzrə ekspert olan Rafaello Pantucci deyir ki, jurnalistlərin əldə etdiyi bu məlumat "çox əhəmiyyətlidir" və İD-nin Londondakı terror hücumunu necə planlaşdırması və həyata keçirməsi barədə "sırf yeni təsvir" verir.

"Bu, Londondakı hücumlarla bağlı cihadçılarla internet vasitəsilə birbaşa və bu qədər informasiya verən ilk əlaqələrdir", - deyə ekspert bildirib.

Bir qədər əvvəl hökumət nümayəndələri bildimişdilər ki, bu il Londonda baş verən terror hücumlarının bir sıra ümumi tərəfləri var.

"Tamamilə dəqiqdir ki, hücumun təşkilatçıları, terrorçular və içraçılar rabitə kanallarının qorunma şifrəsindən istifadə ediblər",- deyə Britaniyanın təhülkəsizlik məsələləri üzrə naziri Ben Wallace bildirmişdi.

"Bu hücumların təşkil olunmasında daha bir ümumi tərəf var - bu da təlimatlandırıcı video roliklərə baxışdır", - deyə nazir əlavə edib.

Nazirin sözlərinə görə, son vaxtlar 250 min belə material və video silinib.

Twitter şirkəti qeyd edib ki, belə hallarda ölkə rəhbərliyi ilə texnologiya şirkətlərinin effektli əməkdaşlığı çox əhəmiyyətlidir.

Məlumdur ki, İD döyüşçüləri Twitter-dən təşviqat aparmaq və şifrəli çatda danışıqlar aparmaqla hücumların potensial icraçıları ilə əlaqə yaratmaq üçün istifadə ediblər.

Lakin Twitter şirkətinin Britaniyadakı nümayəndəsi Nick Pickles qeyd edib ki, Twitter cihadçıların ismarıclarını silə bilər, lakin bu müraciətin arxasında dayanan "ideologiyanı" silə bilməz.

Britaniyanın Təhlil və Sosial Şəbəkələr Mərkəzinin direktoru Jamie Bartlett bildirib ki, şifrədən istifadə edən çatların artması terrorçu agentləri üzə çıxarmağa cəhd edən təhlükəsizlik xidmətləri üçün "inanılmaz çətinlik" yaradır.

"Şifrədən istifadə edən tətbiq vasitəsilə keçən məlumatları, həmçinin anonimayzerli brauzerləri və "qara interneti" izləmək çox çətindir. Və bu kanallar inkişaf edir və çox tez böyüyürlər", - deyə Barlett bildirib.

Qorxurlar, amma planı dəyişmirlər

BBC YouGovbeynəlxalq tədqiqat şirkəti tərəfindən keçirilən ictimai sorğunun nəticələri göstərib ki, respondentlərin əksəriyyəti (81%) son 5 il ərzində Britaniyada terror hücumları təhlükəsinin artdığını söyləyirlər.

Fotonun müəllifi PA
Image caption Şifrədən istifadə edən tətbiq vasitəsilə keçən məlumatları, anonimayzerləri və "qara interneti" izləmək çox çətindir

Respondentlərin 90 %-nin fikrincə, yaxın vaxtlarda hücumlar baş verə bilər.

Lakin bununla yanaşı, təhlükənin artmasını qəbul etmələri respondentlərin planlarına və davranışlarına heç bir təsir göstərmir. Yalnız rəyi soruşulanların 7 %-i terror təhlükəsi ucbatından planlaşdırdıqları səfərdən imtina ediblər.

19%-i böyük yerlərdə - stadionlarda və konsert salonlarında keçirilən kütləvi tədbirlərdə iştirak etməkdən imtina etməyə cəhd etdiklərini etiraf ediblər.

20% isə ictimai nəqliyyatdan istifadə edərkən öz təhlükəsizliklərini düşünürlər.

Bununla yanaşı respondentlərin əksəriyyəti düşünür ki, terror onlardan yan keçəcək.

69%-in fikrincə, onların özü və ya qohumları böyük ehtimalla terrorun qurbanı və hücumda ziyan çəkənlərin sırasında olmayacaqlar.

Yalnız respondentlərin 10%-i terrorçuların qurbanı olmaq təhlükəsinin böyük olduğunu söyləyiblər.

Bu barədə daha geniş