Britaniya mətbuatı: Azərbaycanın Avropa Şurasından çıxarılması realdırmı?

Fotonun müəllifi AFP
Image caption "The Guardian" yazır ki, Avropa Şurasının rəhbəri Thorbjorn Jagland-ın çağırışına səbəb, Avropa İnsan Haqları Məhkəməsinin müvafiq qərarlarının olmasına baxmayaraq, müxalifət lideri İlqar Məmmədovun hələ də həbsxanada saxlanması olub.

Azərbaycanın Avropa Şurasından çıxarılması realdırmı?

"The Guardian" yazır ki, Avropa Parlamenti, nüfuzlu Avropa siyasətçilərinin Azərbaycanın pozitiv imicini yaratmalarına təsir etmək üçün Bakının 2, 9 milyard dollarlıq çirkli pullar fondundan istifadəsinə dair "The Guardian" da daxil, media partnyorları tərəfindən açıqlanmış iddiaların araşdırılmasına çağırıb.

Avropa millət vəkilləri "Azərbaycanın və başqa avtokratik rejimlərin Avropa siyasətçilərinin qərarlarını qanunsuz yollarla təsirləndirməsi cəhdlərinin hərtərəfli araşdırılmasını" tələb ediblər.

Bu, korrupsiya haqqında hesabata son anda edilmiş düzəlişlər sayəsində mümkün olub.

Bu arada Avropa Şurasının rəhbəri Thorbjorn Jagland,Avropa məhkəməsinin hökmlərinə baxmayaraq, Azərbaycanın "siyasi məhbusları" azad etməkdən boyun qaçırması ilə əlaqədar Bakıya qarşı misli görünməmiş hüquqi prosedurun keçirilməsinə çağırıb.

"The Guardian" yazır ki, Jagland-ın bu məsələyə müdaxiləsinin əsas səbəbi Avropa İnsan Haqları Məhkəməsinin müvafiq qərarlarının olmasına baxmayaraq, müxalifət lideri İlqar Məmmədovun hələ də həbsxanada saxlanması olub.

O, 2013-cü ildə kütləvi iğtişaşların təşkilinə görə məhkum edilsə də, Avropa Məhkəməsi onun hökuməti tənqid etdiyinə görə məhbus edildiyi barədə hökm çıxarıb.

Ötən çərşənbə günü Avropa Şurası səfirlərinin görüşündə Jagland Azərbaycana qarşı hüquqi addımların atılmasına çağırıb.

Məqalədə deyilir ki, bu, Avropa Şurasının 68 illik tarixində görünməmiş presedent olardı.

Jagland "The Guardian" qəzetinə açıqladığı bəyanatda bildirir ki, Avropada siyasi məhbusların olması, Avropanın ən yüksək məhkəmə instansiyasının qərarına rəğmən İlqar Məmmədovun məhbusluğunun davam etməsi yolverilməzdir və Azərbaycanın öz öhdəlikləri haqqında ciddi düşünməsinin zamanı çatıb.

"The Guardian" yazır ki, Azərbaycanın onun qərarlarını yerinə yetirməməsi Avropa Məhkəməsinin özündə də böhrana səbəb olub.

Məqalədə deyilir ki, Jagland Azərbaycana qarşı Avropa Şurası Konvensiyasının 46.4 maddəsinin tətbiqini istəyir. "The Guardian" yazır ki, bu, "nüvə variant" sayılır və Azərbaycanın Avropa Şurası üzvlüyünü itirməsi ilə nəticələnə bilər.

Amma "The Guardian" yazır ki, belə bir addımın atılması yalnız Avropa İttifaqı xarici işlər nazirlərinin qərarı və məhkəmənin rəyi əsasında reallaşa bilər.

Bundan başqa Avropa Parlametində Azərbaycana qarşı korrupsiya araşdırmasının keçirilməsinə dair hesabat qəbul edilib.

"The Guardian" yazır ki, bu düzəliş "Avropa İttifaqının üzvü olmayan ölkələrdə korrupsiya və insan haqları pozuntuları barədə" hesabata son anda əlavə edilib.

Qəzet yazır ki, sözü gedən təhqiqatın miqyası çox geniş ola bilər, lakin ona başlanıb-başlanmayacağı hələlik məlum deyil.

Məqalədə deyilir ki, Avropa Parlamentinin əvvəllər Panama və Lüksemburq sənədləri ilə bağlı buna bənzər bəzi qərarları heç bir nəticə verməyib.

Qəzet yazır ki, elan olunan təhqiqatın mümkün iflası Avropa Parlamentinin nüfuzdan düşməsi ilə nəticələnə bilər.

"The Guardian" yazır ki, Azərbaycana qarşı çirkli pul yuyulması iddialarında heç bir Avropa millət vəkilinin adı çəkilmir və bu iddialarda söhbət Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvlərindən gedir.

Bunların arasında keçmiş Almaniya millət vəkili Eduard Lintner və keçmiş italiyalı deputat Luca Volonte-nin adları çəkilir.

Belçika mediası çərşənbə axşamı yazıb ki, kələfin bir ucu iki belçikalı siyasətçiyə tərəf uzanır. L'EchoDe Tijd qəzetlərinin müştərək təhqiqatında bunların liberal millət vəkili Alain Destexhe və keçmiş siyasətçi Stef Goris olduqları iddia olunur. Onlar birlikdə qeyri-mənfəət seçki müşahidəsi qrupu yatamışdılar. Bu təşkilatın 2012 və 2014-cü illərdə Lintner-dən 800 min dollar aldığı iddia edilir.

Destexhe bu təşkilatın menecmentində hər hansı rol oynadığını inkar edib, Goris isə Azərbaycandan heç bir pul almadığını bildirib.

Destexhe Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatın müəllifidir və bu hesabatda korrupsiya məsələsinə toxunmadığına görə tənqid edilib.

ABŞ Kaspersky proqramlarından istifadəni qadağan edir

Fotonun müəllifi Reuters
Image caption "The Independent" yazır ki, ABŞ hökuməti federal qurumlara Rusiyanın Kaspesky Lab internet təhlükəsizliyi şirkətinin kompüter proqramlarından istifadəni qadağan edib.

"The Independent" yazır ki, ABŞ hökuməti federal qurumlara Rusiyanın Kaspesky Lab internet təhlükəsizliyi şirkətinin kompüter proqramlarından istifadəni qadağan edib. Rəsmilər bu proqramların hökumət tərəfindən maliyyələşdirilən casusluq fəaliyyəti ilə əlaqəli ola biləcəyindən narahatdırlar.

ABŞ daxili təhlükəsizlik nazirinin əvəzi Elaine Duke azı 6 federal agentliyə hökumət şəbəkələrinin sözü gedən şirkətin proqramlarından təmizlənməsi göstərişini verib.

Bu hadisə Konqres və xüsusi prokuror Robert Mueller-in Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşdırdığı bir vaxta təsadüf edir. Mueller və Konqres komitələri hazırda Trump-ın seçki kampaniyası ilə Rusiya rəsmiləri arasında mümklün əlaqələri araşdırırlar.

Hökumət idarələrinə sözü gedən kompüter proqramlarından istifadə edib-etmədiklərini müəyyənləşdirmələri üçün 30 gün vaxt verilib. Belə proqramlardan istifadə etdiyi aşkar olunan idarələrdən isə 60 gün ərzində bu proqramlardan azad olmaq planı vermələri tələb olunur.

Bu barədə danışmaq səlahiyyətləri olmayan rəsmilərin fikrincə, xanım Duke Kaspersky Lab şirkətinin Rusiya hökuməti ilə münasibətlərinin ABŞ hökumətinə təhlükə yaratdığı qənaətindədir. Belə bir ehtimal var ki, Rusiya hökuməti bu şirkətin proqramları ilə ABŞ-ın hökumət informasiyalarına "arxa qapıdan" giriş əldə edə bilər.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi direktivlə birlikdə yaydığı bəyanatda qeyd edir ki, Kaspersky rəsmilərinin Rusiya kəşfiyyatı və başqa xüsusi orqanlarla bağlılığı informasiyanın bu sayaq alınmasına imkan yarada bilər. Rusiya qanunları Kaspersky şirkətindən informasiyanın məcburi qaydada alınmasına imkan verir.

Daxili Təhlükəslik Nazirliyi, Kaspersky şirkətinə ona qarşı iddialarla əlaqədar hökumətə müraciət etmək hüququnu tanıdığını bildirib.

Massachusetts Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology) kibertəhlükəsizlik proqramına rəhbərlik edən R. David Edelman "The Independent" qəzetinə deyib ki, ABŞ hökumətinin bu tədbirləri Amerika-Rusiya münasibətlərinin, xüsusilə də kibertəhlükəsizlik məsələlərində soyuq dövrə qədəm qoyduğunu göstərir.

Öz növbəsində Kaspersky "The Independent" qəzetinə verdiyi bəyanatda Rusiya hökuməti ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Bəyanatda deyilir ki, şirkətin Rusiya hökuməti ilə münasibətləri barədə iddialar əsassızdır və Rusiya hökumətinin şirkətə hər hansı təsirinin mövcudluğuna dair sübutlar yoxdur.

Kaspersky bunu da bəyan edib ki, onun gəlirlərinin 85 faizi Rusiyadan kənarda qazanılır.

Lakin şirkət onun qazancının nə qədər hissəsinin ABŞ-ın federal idarələrindən gəldiyinə dair suallara cavab verməyib.

Milli Təhlükəsizlik Agentliyinin direktor müavini Richard Ledgett deyib ki, ABŞ hökuməti Kaspersky barədə müdrik qərar qəbul edib.

O "Washington Post" qəzetinə bildirib ki, Kaspersky Rusiya qanunları ilə öz informasiyasını təhlükəsizlik xidmətləri ilə bölüşməyə məsul edilib.

Lakin Kaspersky bu iddiaları rədd edir və bildirir ki, ona qarşı çıxanlar Rusiya qanunlarını bilərəkdən yalnış təfsir edirlər.

"Narahatedici haldır ki, özəl bir şirkət təqsirsizliyi sübut olunmadan geosiyasi zəmində müqəssir bilinib" - deyilir Kaspersky şirkətinin bəyanatında.

Cənab Edelman bunu da bildirir ki, bəziləri Daxili Təhlükəsizlik Nazirliyinin direktivində ziddiyyət görə bilərlər. Bu o deməkdir ki, başqa şirkətlər belə bir nəticəyə gələ bilər:

"Əgər hökumətlə işləmək belə təhlükəlidirsə, onda ABŞ hökumətinin özü ilə də işləməmək olar".

Əlaqəli mövzular