Rusiya son illərin ən böyük hərbi təlimlərinə başlayır

Russia Fotonun müəllifi Rio Novosti / Getty Images
Image caption (Arxiv şəkil)

Rusiya son illərin ən böyük hərbi təlimlərinə başlayır. Təlim Avropa İttifaqının (Aİ) şərq sərhədlərində həyata keçirilir.

Zapad-2017 adlı bu hərbi təlim Rusiyanın qərb, Aİ-nin isə şərq sərhədlərinin kəsişdiyi yerdə - Belarusda baş tutacaq. Bu təlim həmçinin Rusiyanın Baltik dənizi sahillərində yerləşən Kalininqradın ərazisini də əhatə edəcək.

Sentyabrın 8-də Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda bu təlimləri müzakirə etmişdi. Həmin vaxt cənab Gerasimov cənab Pavel-ə təlimlərin müdafiə xarakterli olduğunu və üçüncü ölkələrə qarşı yönəlmədiyini bildirib.

Təlimlərin 20 sentyabra qədər davam edəcəyi ehtimal olunur.

Moskva hərbi təlimlərdə 12700 əsgərin iştirak edəcəyini deyib, ancaq NATO bu rəqəmlərin daha böyük olacağını ehtimal edir.

Hərbi təlimlər, Soyuq Müharibədən bəri Rusiya və NATO arasında vəziyyətin ən gərgin olduğu zamanda həyata keçirilir.

Rusiya, bu təlimlərə görə yaranan narahatlıqlara "bu, Rusiya təhdidinin ritorikasını güçləndirmək üçün olan bir mifdir" şəklində cavab verib.

25 il əvvəl Rusiyanın təsiri altından çıxmış Polşa və Baltikyanı dövlətlər isə bu təminatlara şübhə ilə yanaşır.

Böyük Britaniyanın Müdafiə naziri Michael Fallon BBC-ə açıqlamasında bildirib ki, bu təlimlər bizi təxribata cəlb etmək, özümüzü necə müdafıə edəcəyimizi sınaqdan keçirmək üçün hazırlanıb, buna görə də, güclü olmalıyıq.

"Rusiya bizi sınaqdan keçirir və demək olar ki, hər fürsətdə sınaqdan keçirir. Biz indi daha aqressiv Rusiya ilə qarşı-qarşıyayıq", - deyə o, əlavə edib.

NATO-ya üzv olmaq istəyən Ukrayna prezidenti Petro Poroshenko isə Rusiyanın müharibəyə hazırlaşdığını iddia edir.

Moskva Ukrayna müharibəsinə görə Qərblə münasibətlərinin gərginləşməsindən sonra bir sıra hərbi təlimlər keçirib.

Bunlardan bəzilərinə yüz min əsgərin qoşulduğu iddia edilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş