London metrosunda baş vermiş partlayış "terrorçuluq insidentidir" - Polis

Bag Fotonun müəllifi PA

Böyük Britaniya paytaxtının metropolitenində baş verən partlayış terrorçuluq aktı kimi nəzərdən keçirilir, London polisi bildirir.

Londonun cənub qərbində, metronun District xəttinin Parsons Green stansiyasında səhər saat 8:20 baş verən partlayış nəticəsində xəsarət alan 22 nəfərə xəstəxanada tibbi yardım göstərilib.

Onlardan çoxu yanıqlardan əziyyət çəkir.

London polis idarəsinin rəis müavini Mark Rowley deyib ki, müstəntiqlər yüzlərlə əks-kəşfiyyat əməkdaşı ilə birlikdə təhqiqata qoşulub.

Cənab Rowley hadisə ilə bağlı həbslər barədə suala cavab verməkdən imtina edib.

"Bu, əldə hazırlanmış qurğunun partlayışı olub. Hadisə yeri mühasirəyə alınıb və istintaq davam edir...

"London sakinləri gün ərzində, xüsusilə də nəqliyyat sistemində polislərin sayının artmasını gözləməlidirlər."

Polis rəisi ictimaiyyəti sayıq qalmağa səsləyib.

Hadisə yerində çəkilən şəkillər supermarket torbası içində yanan ağ vedrəni təsvir edir. Hərçənd ki, vaqonun daxilində ciddi zədə əlamətləri müşahidə olunmur.

Təhlükəsizlik məsələləri üzrə BBC müxbirinin verdiyi xəbərə görə, bomba tam partlasa idi insidentin "daha ağır nəticələri" ola bilərdi.

Hadisənin şahidi, üz nahiyəsindən xəsarət alan bir sərnişini gördüyünü deyib.

Luke adlı daha bir sərnişin "bərk partlayış" kimi bir səs eşitdiyini deyir.

"Bu, biz stansiyaya daxil olarkən baş verdi, beləki, hamı stansiyanın qarşısında toplaşıb qaldı. Orada xüsusi yanğın qoxusu var idi".


Fotonun müəllifi Getty Images
Image caption Polis hadisədə "bir neçə nəfərin" xəsarət aldığını bildirir.
Fotonun müəllifi Reuters
Image caption Parsons Green stansiyası qarşısında insanlar

Əlaqəli mövzular

Bu barədə daha geniş