Atlanta polisi silahlı LGBT tələbəni güllələyib

Scout Schultz Fotonun müəllifi Facebook
Image caption Scout Schultz Georgia Texnologiya İnstitutunda LGBT qrupunun prezidenti olub.

ABŞ-ın Georgia ştatında LGBT tələbənin polis tərəfindən güllələnməsi müstəqil komissiya tərəfindən araşdırılacaq.

Şənbə günü axşamı "bıçaq və tapança ilə silahlanmış adam haqqında" polisə telefonla xəbər veriləndən sonra hadisə yerinə gələn polis nəfərləri Atlanta tələbə şəhərciyində Scout Schultz ilə qarşılaşıblar.

Videoyazıya düşdüyü güman edilən 21 yaşlı Shultz-un polisin bıçağı yerə atmaq barədə əmrinə tabe olmaqdan imtina etdiyi görünür.

Schultz-un anası deyib ki, polis, gərək öldürücü silahdan istifadə etməzdi.

Georgia Texnologiya İnstitutu tələbələrinin çəkdiyi videoda Schultz-un polis nəfərlərinə tərəf "Güllələ məni" deyərək yaxınlaşdığı görünür.

Özünün kimliyini nə kişi, nə də qadın kimi müəyyən edən Schultz-un əlində müstəntiqlərin ilkin mülahizələrinə görə tapança olmayıb.

Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tələbə hospitalda ölüb.

Polis nəfərlərindən heç kim hadisə zamanı yaralanmayıb.

Tələbəyə atəş açan zabitin adı açıqlanmayıb.

Schultz-un anası Lynne sonradan deyib ki, Scout liberal ruhlu tədbirlərdə fəal iştirak edib, The Atlanta Journal-Constitution nəşri bildirib.

O deyib ki, Schultz-un bir sıra tibbi problemləri olub, depressiyadan əziyyət çəkib və iki il bundan əvvəl özünü öldürməyə cəhd edib.

"Polis niyə bibər qazı və ya elektroşokdan istifadə etməyib?" - mərhumun anasından sitat gətirilib.

Schultz, Georgia Texnologiya İnstitutunda LGBT qrupunun prezidenti olub.

"Biz hamımız kədərlənmişik", - hadisə ilə bağlı qrup bəyanatında bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş