Rosneft Ərbillə 1 milyard dollarlıq razılaşma imzaladı

Kuzey Irak'ta boru hattı Fotonun müəllifi Getty Images

Rusiyanın öncül neft şirkətlərindən olan Rosneft 25 sentyabrda keçirilməsi planlaşdırılan müstəqillik referendumundan əvvəl İraq Kürdistan Regional Hökuməti (İKRH) ilə bir milyard dollardan artıq məbləğə malik təbii qaz boru kəməri razılaşmasını imzalayıb.

İKRH 2014-cü ildən başlayaraq Bağdaddakı mərkəzi rəhbərlikdən asılı olmayaraq müstəqil şəkildə neft ixrac edir. Rosneft də bu il bu ərazidən neft alan şirkətlər arasına daxil olaraq gələcəkdəki neft alış-verişi qarşılığında regional hökumətə yüz milyonlarla dollar kredit verib.

Şirkət bu son müqavilə nəticəsində regiondakı sərmayələrini genişləndirib.

Razılaşma ilə tanış olan mənbələrin Reuters agentliyinə verdiyi məlumatda sərmayələrin məbləğinin bir milyard dolları keçəcəyi söylənilib.

Ərbil rəhbərliyi neft gəlirlərinin necə bölüşdürüləcəyi məsələsində Bağdadla illərdir ki, davam edən münaqişədən sonra 25 sentyabrda müstəqillik referendumunu keçirəcəyini açıqlamışdı.

İKRH özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə mübarizə aparması, neft və təbii qaz qiymətlərinin aşağı düşməsi səbəbiylə yeni mənbələrə ehtiyacı olduğunu söyləyir.

2020-ci ildən sonra ixrac

Ərbil rəhbərliyi maliyyə vəziyyətini düzəltmək üçün gələcəkdə satış perspektivi olan razılaşmalardan asılı vəziyyətdədir. Lakin bu günə qədər uzun müddətli daha böyük sərmayələr tələb edən böyük təbii qaz yataqlarını inkişaf etdirməyi bacarmayıb.

Rosneft razılaşmasının, bu günə qədər daha çox orta səviyyəli şirkətlər tərəfindən həyata keçirilən təbii qaz yataqlarının inkişafını sürətləndirməsi gözlənilir.

Razılaşmanın Türkiyə üçün, Avropaya gedən təbii qazda əhəmiyyətli mərkəzlərdən birinə çevrilməsi yolunda bir addım olacağı ehtimal olunur.

Boru kəmərinin ildə 30 milyard kubmetr həcmə sahib olması nəzərdə tutulub. Bu miqdar Avropanın qaz tələbatının yüzdə 6 faizi, qitənin ən böyük qaz tədarükçüsü Rusiyanın satdığı təbii qazın altıda biridir.

Boru kəmərinin 2019-cu ildə regionun daxili istehlakında istifadə olunması, 2020-ci ildən sonra isə ixraca başlaması nəzərdə tutulub.

Bundan başqa, İKRH hazırda gündəlik 650 min barrel olan neft ixracını 2020-ci ildən etibarən bir milyon barrelə yüksəltməyi planlaşdırır.

Əlaqəli mövzular

Bu barədə daha geniş