Türkiyədə yeni dərs ili: “Cihad gəlsin, təkamül getsin”

School girl Fotonun müəllifi AFP
Image caption Türkiyədə 6 yaşından 14 yaşınadək məktəblilər üçün yeni dərsliklər kəskin tənqid dalğası ilə qarşılanıb

Türkiyə məktəbləri yeni dərs ilinə ziddiyyətli tədris planı ilə başlayıblar. Bu plandan təkamül nəziriyyəsi çıxarılıb və onun yerini cihad konsepsiyası tutub.

Türkiyənin islamçı köklərə malik hökuməti bunu yeni "təhsil dəyərləri" adlandırır.

Tənqidçilər isə deyirlər ki, yeni dərsliklər "cinsi qərəzi" və "antisemitizmi" qızışdırır. Onların fikrincə yeni dərs kitabları ölkənin dünyəvi təhsil sisteminə böyük zərbədir.

"Təhsilə cihadçı dəyərləri gətirməklə onlar bizim körpə balalarımızın beynini Yaxın Şərqi qan çanağına çevirmiş ideologiya ilə doldurmaq istəyirlər", - dünyəvi müxalifət partiyası olan CHP-dən Bülent Tezcan deyib.

Lakin hökumət bu iradları qəbul etmir və bildirir ki, müxalifət qara təbliğat aparmaqla 2019-ci il seçkisindən əvvəl Türkiyəni qütbləşdirməyə çalışır.

"Biz dəyər deyəndə, onlar başqa şeyləri başa düşürlər. Biz özümüzün mühafizəkar-demokratik mövqeyimizlə fəxr edirik. Amma biz tələb etmirik ki, hamı bizim kimi olsun" - təhsil naziri İsmet Yılmaz deyib.

Cihadçılardan qaynaqlanan cihad

Fotonun müəllifi AFP
Image caption Yeni dərs ilinin başlanğıcı ərəfəsində İstanbul etirazçılarından birinin plakatı: "Mühafizəkar tədris planına yox deyək!"

Cihad ideyasını öyrədən yeni dərsliklər hələlik Türkiyədə İmam-Hatip kimi tanınan dini tətil məktəblərində keçilir. Yalnız bundan sonra bu dərsliklər orta məktəblərə bir il ərzində könüllü kurs kimi təklif ediləcək.

"Məhəmməd peyğəmbərin həyatı" adlı dərslik, iddia edilən cinsi qərəzliyinə və cihadın izah edilməsi tərzinə görə xüsusilə kəskin tənqidə məruz qalıb.

Tənqidçilər deyirlər ki, Türk Dil Akademiyasının təfsirinə görə cihad "müqəddəs müharibə" deməkdir. Lakin Təhsil Nazirliyinin rəsmiləri bildirirlər ki, cihad ideyasını İslam Dövləti kimi qruplaşmalar gözdən salıb.

Fotonun müəllifi Turkish education ministry
Image caption Tənqidçilər deyirlər ki, dərsliklərdə qadının yeganə rolunun analıq olduğu, kişilərin isə "güclü cins" olduğu təlqin edilir

Təhsil naziri bildirir ki, cihad konsepsiyası İslamın bir hissəsi kimi və "sevən bir millət" kontekstində tədris olunmalıdır.

"Cihad dinimizin bir elementidir. Bizim vəzifəmiz hər bir konsepsiyanı layiqincə təlim etmək və yalnış qavrananı düzgün izah etməkdir" - nazir deyir.

Eyni ziddiyyətli dərslik qadının kişiyə "itaətkarlığını" "ibadətin" bir forması kimi təqdim edir. Lakin hökumət rəsmiləri bunun normal olduğunu söyləyirlər, belə ki kitab İslam haqqındadır və Quran ayələrinə əsaslanır.

"Bunu mən demirəm, Allah deyir. Mən indi Allahın dediyini düzəltməliyəm?" - deyə Təhsil Şurasının sədri Alparslan Durmuş sual edir.

Lakin həftə sonunda Türkiyə sosial mediasında #NoToSexistCurriculum, #SayNoToNonScientificCurriculum və #DefendSecularEducation həşteqləri ilə iki böyük etiraz aksiyası keçirilib.

Bir həmkarlar ittifaqı lideri etirazçıları "21-ci əsrdə elmi qadağan edən geridəqalmış tədris planına yox deməyə" çağırıb.

Fotonun müəllifi Turkish education ministry
Image caption 2016-cı ilin iyul çevrilişinə həsr edilmiş bu dərslikdə Qurandan gətirilən ayədə deyilir ki, "igidlik qəddarlığa qarşı çıxmaqdır"

Opponentləri prezident Recep Tayyip Erdoğan-ın hakim Ədalət və İnkişaf Partiyasını (AKP) Türkiyənin dünyəvi əsaslarını islamçı və mühafizəkar dəyərlərlə əvəzləməkdə ittiham edirlər.

"İmanlı nəsil" yetişdirmək barədə prezidentin özünün qeydləri də həyəcana səbəb olub.

Fotonun müəllifi AFP
Image caption Ankaradakı etirazçılar hakim AKP-ni Türkiyənin dünyəvi təhsil sistemnini sarsıtmaqda ittiham edirlər

Təhsil naziri israrla bildirir ki, tənqidçilər "tamamilə məlumatsızdırlar" və buna görə də təkamül nəzəriyyəsinin tədris planından tam çıxarıldığını iddia edirlər.

Nazir deyir ki, mutasiya, modifikasiya və adaptasiya kimi anlayışlar dərsliklərdə izah edilir, amma məxsusi olaraq təkamülün adı çəkilmir.

Yılmazın fikrincə, bu nəzəriyyə "şagirdlərin səviyyəsinə uyğun deyil" və yalnız universitetlərdə tədris edilməlidir.

Lakin Türkiyə Təhsil İslahatı Təşəbbüsü qrupundan Aysel Madra sual edir ki, "cihadı başa düşən uşaq niyə də təkamülü başa düşməsin?"

Fotonun müəllifi AFP
Image caption Xristian və müsəlman yaradılışçılar təkamül nəzəriyyəsini rədd edirlər

Müəllimlər ittifaqları həm də cihad debatı məsələsində ikiyə bölünüblər.

Türkiyənin "Eğitim Sen" həmkarlar ittifaqı bunu hökumətin "ideoloji və bilərkdən" atılmış addımı sayır, amma onun daha mühafizəkar rəqibləri tənqidçiləri antiislami arqumentlərə əl atmaqda ittiham edirlər.

"Türkiyə Dil Akademiyasının təfsirinə görə cihadın əvvəlinci mənası "müqəddəs müharibədir" - "Eğitim Senin" lideri Feray Aydoğan deyir, - İkinci və üçüncü mənaları izah etməyin mənası nədir?"

Fotonun müəllifi TURKISH EDUCATION MINISTRY
Image caption İmam-Hatip məktəbləri üçün dərslikdə Qurandan İmanlılar (möminlər), Natəmizlər (kafirlər) və İkiküzlülər (münafiqlər) barədə iqtibaslar verilib

Əlaqəli mövzular

Bu barədə daha geniş