Britaniya mətbuatı: Qərb media və təşkilatları Azərbaycanda cinsi azlıqların müdafiəsinə qalxıb

Fotonun müəllifi Getty Images

Qərb media və təşkilatları Azərbaycanda seksual azlıqların müdafiəsinə qalxıb

"The Independent" yazır ki, insan haqları qrupları Azərbaycan hökumətini həbs olunduğu söylənən onlarca cinsi azlıq nümayəndəsinin azadlığa buraxılmasını tələb ediblər.

Homoseksualların hüquqlarını müdafiə edən beynəlxalq ILGA təşkilatı bildirir ki, xəbərləri yayılan reydlərin tam miqyasını müəyyənləşdirmək mümkün deyil, lakin Azərbaycan LGBT şəxslərin təqib olunduğu yer kimi tanınır.

ILGA təşkilatının Avropa üzrə icraçı direktoru Evelyne Paradis bəyan edib ki, "LGBT icması nümayəndəsi olduğu düşünülən şəxslərin hədəflənməsinə heç cür haqq qazandıra bilməz".

Adının çəkilməsini istəməyən bir Azərbaycan rəsmisi "Kavkazski uzel" saytına deyib ki, "bizim ölkəmizdə cinsi azlıqlar heç vaxt təqib edilməyib".

Britaniya gey haqları təşkilatı Stonewall bidlirib ki, rəsmi Bakı həbslərin fahişəliyə qarşı reydlər zamanı həyata keçirildiyini söyləyir.

"Bakıda əsas küçələr, metro stansiyaları və LGBT icmasına rəğbətli klublar, pablar və barlar əsas hədəfdir" - deyib adının çəkilməsini istəməyən fəal, Londondakı Thomson Reuters fonduna.

İsveçdəki Civil Rights Defenders insan haqları qrupu isə iddia edib ki, həbs edilənlərin sayı yüzlərlə ola bilər, lakin onların çoxu yalnız başqa LGBT icma üzvlərinin adlarını verdikdən sonra azad olunub.

Əvvəllər də reydlər olub, amma beləsi yox…

"The Guardian" yazır ki, ölkədəki insan haqları fəallarının verdiyi məlumata görə Azərbaycanda hakimiyyət orqanları LGBT icması üzərinə qəddar hücumu davam etdirirlər.

Xəbər verilir ki, son 10 gün ərzində onlarla homoseksual və transgender həbs edilib. Qəzet yazır ki, onun əlaqə saxladığı şəxslərdən biri polisdə ikən döyüldüyünü bildirib.

Məqalədə deyilir ki, homoseksuallıq Azərbaycanda qadağan deyil, lakin ötən il insan haqları təşkilatlarının 49 Avropa ölkəsində apardığı rəy sorğusu Azərbaycanın geylərin yaşaması üçün ən pis ölkə olduğunu aşkara çıxarıb.

Həbs olunanların hüquqi müdafiəsini təşkil etməyə çalışan vəkil Səməd Rəhimli "The Guardian" qəzetinə deyib ki, ölkədə LGBT icması üzərinə əvvəllər də hücumlar olub, lakin özünün sistematik və geniş reydləri ilə budəfəki hücum daha böyükdür.

Rəhimli deyib ki, onun şəxsi məlumatına görə, LGBT icmasından olan 60 nəfər ya 20 günlük həbs cəzasına məhkum edilib, ya da cərimələnib. Vəkil deyib ki, hazırda həbsdə olanlara qarşı polisə müqavimət ittihamı irəli sürülüb. O əlavə edib ki, Azərbaycanda bu ittihamdan adətən əsassız həbslərin həyata keçirilməsi üçün istifadə olunur. O bildirib ki, ola bilsin, bu reyddə həbs edilənlərin çoxuna heç bir ittiham irəli sürülməyib.

"Ətrafdakılara açıq hörmətsizlik"

"The Guardian" yazır ki, Azərbaycan hökuməti spesifik olaraq bütün LGBT şəxslərin hədəfləndiyi barədə iddiaları rədd edir. Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov APA agentliyinə deyib ki, "bu reydlər heç də bütün seksual azlıqlara aid deyil".

Sözçü bildirib ki, "həbs edilənlər ətrafdakılara nümayişkəranə hörmətsizlik göstərənlər, öz davranışları ilə vətəndaşları narahat edənlər və polis və səhiyyə orqanlarının məlumatına görə yoluxucu xəstəliklərin daşıyıcısı olanlardır".

Zahidov nəyin narahatedici davranış və hörmətsizlik olduğunu xırdalamayıb. Başqa rəsmilər isə deyirlər ki, bu reydlərin hədəfi spesifik olaraq LGBT icması yox, fahişəliklə məşğul olanlardır.

Azərbaycanın müxtəlif yerlərində gizləniblər

"The Guardian" yazır ki, redaksiya reydlər zamanı saxlandıqlarını deyən üç nəfərlə yazışma aparıb. Onlar adlarının açıqlanmamasını istəyiblər və Azərbaycanın müxtəlif yerlərində gizləndiklərini bildiriblər.

Bu şəxslərdən biri qəzetə yazıb ki, onu polis idarəsində döyüblər və 150 manat ödəməyə məcbur etdikdən sonra sərbəst buraxıblar.

"Polis mənə xəbərdarlıq etdi ki, bir də küçədə görünsəm həbs olunacağam. İndi evdən çıxmağa qorxuram" - yazıb həmin şəxs.

Başqa bir şəxs bildirib ki, polis ona Bakı gecə klublarından birində yaxınlaşıb və LGBT şəxslərin axtarışında olduğunu deyib. "The Guardian" qəzetinə məlumat verən şəxslərin üçü də iddia edir ki, onların hazırda həbsdə olan dostları var. Onlar habelə bildiriblər ki, polis şəhərin küçələrində "geyə oxşayanları" həbs edir. "The Guardian" yazır ki, bu deyilənləri müstəqil mənbələrlə yoxlamaq mümkün olmasa da, məlumatlar vəkillərin dedikləri ilə səsləşir.

Məlumatları dəqiqləşdirmək çətindir

Məqalədə deyilir ki, Azərbaycanı 2014-cü ildə, təhlükəsizliyi üçün hədə hiss etdiyinə görə tərk edən və hazırda ABŞ-da yaşayan LGBT fəalı Səməd İsmayılov geylərə qarşı reydlər barədə ilk dəfə sentyabrın 16-da eşitdiyini bildirib.

O deyib ki, onun 33 nəfər barədə məlumatı var, çünki bunlar vəkillərə müraciət edənlərdir.

Səməd İsmayılov deyib ki, "Azərbaycanda xüsusi gey-klublar yoxdur, lakin geylərə xoş münasibətinə görə tanınan gecə klubları var".

Human Rights Watch təşkilatında LGBT haqları proqramının rəhbəri Boris Dittrich deyib ki, təşkilat Bakıda baş verən hadisələr barədə xəbərləri eşidib, lakin indiyədək bu məlumatları dəqiqləşdirməyə çalışır.

O bildirib ki, bu xəbərlər "diqqətlə və müstəqil şəkildə" araşdırlılmalıdır.

Reydlərin səbəbi bilinmir

"The Guardian" diqqəti belə bir məqama çəkir ki, Bakıdan alınan xəbərlərdən az əvvəl Rusiyanın Çeçenistan respublikasından geylərin həbslərinə və onlara işgəncələr verilməsinə dair məlumatlar daxil olurdu.

"The Guardian" yazır ki, Bakı reydlərinə nəyin səbəb olduğu və hakimiyyətin məqsədinin nə olduğu bilinmir.

Məqalədə deyilir ki, mühafizəkar Azərbaycan cəmiyyətində homoseksuallıq tabu mövzudur və ötən il keçirilmiş ILGA-Europe Rainbow Indeksində Azərbaycanın Avropada geylər üçün ən pis yer olduğu nəticəsinə gəlinib.

"The Guardian" habelə 2014-cü ildə özünü göyqurşağı bayrağından asaraq intihar etmiş gey fəal İsa Şahmarlını xatırlayıb. O özünün intihar məktubunda "Bu dünya mənim bütün rənglərimi daşıya bilməzdi" yazmışdı…

Fotonun müəllifi Justin Sullivan
Image caption Parazitlər otel sahibləri üçün böyük baş ağrısıdır, çünki onları adamları dişləyənədək görmək mümkün olmur.

Taxtabitilər dünya otellərini basır

"The Telegraph" yazır ki, çirkli pal-paltarın yataq otaqlarında saxlanması yataq həşəratların artmasına və yayılmasına şərait yaradır.

Məqalədə deyilir ki, son illərdə qansoran gecə həşəratlarının çoxalmasına ucuz otellərin populyarlaşması səbəb olub. Bu otellər vasitəsilə qorxulu həşəratlar ölkələr arasında nəql olunur.

Parazitlər otel sahibləri üçün böyük baş ağrısıdır, çünki onları adamları dişləyənədək görmək mümkün olmur.

Lakin Sheffield Universitetinin apardığı yeni elmi araşdırmadan məlum olub ki, ziyanlı həşəratlar çirkli pal-paltar və yataq ləvazimatı vasitəsilə yayılır.

Universitetin Heyvan və Bitki Elmləri departamentinin professoru William Hentley məsləhət görür ki, çirkli pal-paltarın yataq yerlərində saxlanmasına yol verilməmilidir.

Professor deyir ki, yataq həşəratları xüsusilə də böyük şəhərlərdəki otellərin bəlasına çevrilib.

Alim bildirir ki, bu həşəratlar otağa daraşdıqdan sonra onları məhv etmək son dərəcə çətin olur.

"Bizim təcrübəmiz göstərib ki, otellərdə yaşayan şəxslərin çirkli paltarlarını bağlı sellofan torbalarda saxlaması onların parazitləri evlərinə aparması şansını azalda bilər" - deyib doktor Hentley.

Scientific Reports jurnalında dərc edilmiş məqalədə deyilir ki, elmi eksperiment zamanı iki eyni tepmeraturlu və həşəratlı otaqda dörd palrat zənbili qoyulub.

Zənbillərdən ikisində təmiz, digər ikisində isə çirkli paltarlar var idi. Hər iki otağa insan nəfəsinin imitasiyası üçün karbon qazı buraxılıb.

İnsanın olmadığı şəraitdə həşəratlar çirkli paltar olan zənbillərdə ikiqat sürətlə çoxalıb.

Təcrübə göstərib ki, həşəratlar insanın təri hopmuş pal-paltara cəlb olunurlar.

Taxtabitilərdən necə qorunmalı?

Professor Hentley deyir ki, yataq həşəratları hamar və cilalı səthlər üzərində yeriyə bilmirlər və buna görə də səfər və səyahətlər zamanı otellərdə qalarkən çamadanları nikelli metal relslərin üzərində yerləşdirmək lazımdır. Bu olmadıqda paltarları boyuk plastik torbalarda saxlamaq daha təhlükəsizdir.

"The Telegraph" yazır ki, adi taxtabiti (Cimex lectularius) 1980-1990-cı illərdə azalsa da, son bir neçə il ərzində Britaniyada iki dəfə artıb.

Taxtabiti qan sormazdan əvəl yastı və açıq qəhvəyi rəngdə olsa da, qanla yemləndikdən sonra girdələşir və tündləşir.

Taxtabitilər heç bir qidalanmasız altı ay yaşaya bilir. Onlar ümumən təhlükəli olmasalar da, adamları dişləyərkən dəhşətli narahatlıq törədirlər.

Otaqda taxtabitinin olmasının göstəricisi insanın dərisində qırmızı nöqtələrin peyda olmasıdır.

Yataq həşəratları uça və atıla bilməsələr də, uzun məsafələrə sürünə və dırmana bilirlər.

Taxtabitilərin mövcudluğunun daha bir göstəricisi onların döşəkağlarında qalan ağ yumurtalarıdır.

Bundan başqa yatağınızda qan ləkəsi qalmışdırsa, deməli siz yatarkən qansoran həşəratı əzmisiniz.

Əlaqəli mövzular

Bu barədə daha geniş