Kataloniya referendumu: etiraz tətilləri başlayıb, yollar bağlanıb

Roadblock on Gran Via in central Barcelona, 3 Oct 17

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Barselonanın mərkəzindəki Gran Via-da yol bağlanıb: Pankartda "İşğalçı qüvvələr, çıxın!" yazılıb

Etirazçılar Kataloniyadakı əsas yolları tutduqlarına görə ictimai nəqliyyatın işi məhdudlaşıb.

Kataloniya həmkarlar ittifaqları, bazar günü regionun müstəqillik referendumunda seçicilərə qarşı ispan polisinin zorakı davranışından dolayı, ictimai qəzəbi göstərmək məqsədilə tətilə başlayıb.

Kataloniya boyu ən az 24 barrikadanın qurulduğu deyilir və bu da böyük nəqliyyat tıxacına səbəb olur. İttifaqdan bildirilib ki, Barselona limanı hərəkətsiz qalıb.

Lakin şəhərin El Prat aeroportu və taksilərinin fəaliyyəti öz axarı ilə davam edir.

Həmçinin oxuyun:

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Barselonada etirazçılar polis məntəqəsininin girişinin önündə dayanıblar

Kataloniydakı bir çox kiçik bizneslər də bu gün bağlanıb. Məktəblər, universitetlər və səhiyyə xidmətləri də ya bağlanıb, ya da minimal dərəcədə fəaliyyət göstərirlər.

Tətil, bazar günü baş tutan səsvermədə "haqların və azadlıqların tapdalanması" səbəbindən təşkil olunub. Madrid tərəfindən qeyri-qanuni elan edilən səsverməyə ispan polisinin müdaxiləsi zamanı təxminən 900 nəfər xəsarət alıb.

Bəzi polis zabitlərinin rezin güllələr ataraq səsvermə məntəqələrinə girdiyi və qadınları saçlarından dartdığı görülüb.

Kataloniya səhiyyə rəsmiləri, bazar günü baş verən qarşıdurmada 33 polisin yaralandığını bildiriblər.

Bütün bunlara rəğmən, 2,2 milyon insan səs verə bilib. Kataloniya hökuməti bildirib ki, müstəqillik lehinə səs verənlərin sayı təxminən 90% olub, lakin rəsmi nəticələr hələ açıqlanmayıb.

Səsvermədə iştirak sayı isə nisbətə az - 42 faiz olub və bu da Kataloniya prezidenti Carles Puigdemont-un mövqeyini zəiflədir.

Bu arada siyasi liderlər məsələnin həlli yollarını tapmağa çalışırlar.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Barselona metrosu: sərnişinlərə xəbərdarlıq verilib ki, bu gün işləyən qatarların sayı çox azdır

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Barselona bazarlarından biri bağlı qalıb

Prezident Puigdemont deyib ki, Madriddəki mərkəzi hökumət ilə yeni anlaşmaya gəlmək istəyir, amma ispan hökuməti, bu zəngin şimal-şərq regionuna muxtariyyətini əlindən almaq barədə xəbərdarlıq edib.

Səsvermənin xaotik təbiətini nəzərə alsaq, nəticə və səsvermə rəqəmləri yenidən gözdən keçirilməlidir, BBC-nin Barselona müxbiri Tom Burridge deyir.

İspaniya baş naziri Mariano Rajoy deyib ki, səsvermə demokratiyanı "gülünc" hala salıb.

O, əsas müxalifət sayılan Sosialist partiyasının lideri Pedro Sanchez və mərkəzçi Ciudadanos partiyasının rəhbəri Albert Rivera ilə danışıqlar aparıb.

Sosialist lideri, cənab Rajoy-un Kataloniya prezidenti ilə vaxt itirmədən danışıqlara başlamasını məsləhət bilsə də, cənab Rivera bildirib ki, İspaniya konstitusiyasının 155-ci maddəsini işə salaraq Kataloniyanın muxtariyyətini əlindən almalıdır.

Cənab Puigdemont tərəflər arasında vasitəçilik etmək üçün beynəlxalq ictimaiyyətdən kömək istəyib.

Bununla belə, Avropa Şurası böhranı İspaniyanın "daxili məsələsi" kimi təsvir edib və bildirib ki, konstitusiya əsasında həll olunmalıdır.