Sebastian Kurz: Dünyanın ən gənc lideri, Avstriyanın "dahi uşağı"

Sebastian Kurz "Avstriyanı Avropanın zirvəsinə qaldıracağam" deyib Fotonun müəllifi Getty Images
Image caption Sebastian Kurz "Avstriyanı Avropanın zirvəsinə qaldıracağam" deyib

Avstriyada keçirilən seçki gözlənildiyi kimi mühafizəkar Xalq Partiyası - ÖVP-nin qələbəsi ilə bitib.

Partiyanın qələbəsi onun 31 yaşlı lideri Sebastian Kurz-u baş nazir postuna gətirir.

Beləliklə, o dünyanın ən gənc hökumət başçısı olacaq.

Getdikcə nüfuzunu itirən Avstriya Xalq Partiyasını (AXP) cəmi bir neçə ilin ərzində üçüncü yerdən hakimiyyətə gətirmiş Kurz-u həm də Avstriya siyasətinin "dahi uşağı" adlandırırlar.

İşçi məhəlləsində doğulub orta sinfə məxsus ailədə böyüyən Kurz siyasətə çox gənc yaşlarından gəlib.

15 yaşından AXP-nin gənclər qolunda fəallığa başlayan Kurz 24 yaşında nazir müavini olmuşdu.

Kurz 27 yaşında artıq xarici işlər naziri idi

Sebastian Kurz 27 yaşında dünyanın ən gənc xarici işlər naziri olub.

Kurz 2017-ci ilin fevralında etdiyi çıxışda Türkiyə prezidenti Recep Tayyip Erdoğanın öz hakimiyyət səlahiyyətlərini artırmaq məqsədilə referendum keçirməsini kəskin tənqid etmişdi.

Bunun cavabında Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş Kurz-un bəyanatını demokratik standartlara sığmayan ritorika adlandırmışdı.

Kurz-un siyasətdə yüksəlişi əsas etibarilə Avropanı bürüyən qaçqın böhranına görə olub.

O hətta nazir olduğu dövrdə də ölkənin miqrant probleminin həlli üçün çarələr axtaran birisi kimi tanınırdı.

Kurz miqrant və qaçqınlara münasibətdə sərt mövqe və assimilyasiyaya yönəlik siyasətin tərəfdarı olmaqla avstriyalıların bir çoxunun damarını tutmuşdu.

Qətiyyətli, lakin təmkinli siyasətçi

Qaçqlınlara qarşı sərt, lakin düşmən olmayan mövqeyi Kurz-a hətta radikal Müstəqillik Partiyasının tərəfdarlarını da öz tərəfinə çəkmək imkanı verib.

Fotonun müəllifi AFP
Image caption Kurzun tərəfdarları seçki qələbəsini bayram edirlər

Avstriyalıların çoxu qaçqınların alman dilini öyrənmələrini, amma həm də öz mədəniyyətlərinə bağlılıqlarını qoruyub saxlamalarını istəyir.

Kurz məhz bu mövqeyə uyğun siyasi kurs tutub. Başqa sözlərlə o bu bu əhval-ruhiyyənin dalğasında hakimiyyətə gəlib.

Kurz, qaçqınlara qucaq açsalar da, qaçqın probleminin həlli üçün yol göstərə bilməyən sosial-demokratlar və əksinə qaçqınlara qarşı radikal mövqe tutanlar arasında əxlaqlı optimal siyasət qura bilməklə elektoratın ən müxtəlif kəsimlərini öz tərəfdarına çevirə bilib.

Müxbirlər yazırlar ki, çox gənc olmasına baxmayaraq Kurz öz partiyası daxilində sözü keçən və güclü lider hesab olunur.

Əslində onu partiyanın liderliyinə gətirən də bu xüsusiyyətləri olub.

Təhlilçilər bildirirlər ki, ölkəsinin siyasi palitrasını yaxşı bilən Kurz üçün koalisiya hökuməti qurmaq da bir o qədər çətin olmayacaq.

"Avstriyanı Avropanın zirvəsinə qaldıracağam"

Sebastian Kurz gənc, dinamik və Avstriya xalqının sevdiyi liderdir.

Siyasət naminə hətta universitet təhsilini yarımçıq qoyan Kurz-un gözləri daim hakimiyyət zirvəsində olub.

Boş vaxtlarında alpinistlik edən Sebastian Kurz seçki təbliğatı kliplərindən birini də Avstriyanın Alp dağlarında çəkdirmişdi.

O həmin klipdə "Avstiyanı Avropanın zirvəsinə qaldıracağam" deyirdi.

Avropanın zirvəsi hələlik fəth olunmasa da, Kurz artıq öz ölkəsinin hakimiyyət olimpinə yüksəlib.

Əlaqəli mövzular