Britaniya mətbuatı: Son yazısında "hara baxsan fırıldaqçılardır" yazan jurnalist öldürüldü

Fotonun müəllifi Linkedin

Son yazısında "hara baxsan fırıldaqçılardır" yazan jurnalist öldürüldü

"The Telegraph" yazır ki, Maltanın baş naziri ölkənin ən tanınmış təhqiqat jurnalistinin qətlindən sonra milli birliyə çağırıb.

53 yaşlı jurnalist Daphne Caruana Galizia korrupsioner siyasətçilər və dələduz biznesmenlər haqqında qamçılayan tənqidi yazıları ilə tanınırdı. O, bazar ertəsi evindən çıxdıqdan az sonra sürdüyü avtomobildə baş vermiş partlayış nəticəsində həlak olub.

Polis bildirib ki, bomba jurnalist günorta saatlarında avtomobili ilə Maltanın şimalındakı Bidniya kəndinin yanından keçərkən partlayıb.

Maltanın baş naziri Joseph Muscat bu qətli "mətbuat azadlığı üzərinə vəhşi hücum" adlandırıb.

"Mən bu məsələdə ədalət yerini tapmayınca rahatlıq bilməyəcəyəm. Ölkəmizin ədalətə ehtiyacı var" - deyib baş nazir televiziya ilə müraciətində.

Caruna Galizia-nın "Running Commentary" adlı bloqu Maltada çıxan bütün qəzetlərin birlikdə tirajından daha çox oxunurdu. Jurnalist bu bloqda Panama sənədləri kimi tanınan korrupsiya iddiaları əsasında təhqiqat yazıları ilə çıxış edirdi.

"The Telegraph" yazır ki, onun çox vaxt şəxsləri hədəfləyən yazıları jurnalistin tez-tez məhkəmələrə çəkilməsi ilə nəticələnirdi.

Bu ilin əvvəllərində Politico jurnalı Galizia-nı "Avropanı silkələyən" 28 kişi və qadından biri adlandırmışdı.

Jurnalist təhqiqat yazılarında ölkənin siyasi rəhbərliyini korrupsiya və dostbazlıqda ittiham edirdi.

O, 2016-cı ildə iddia edirdi ki, Panama sənədləri ovaxtkı enerji naziri Konrad MizziMuscat administrasiyasının başçısı Keith Schembri-nin gizli ofşor şirkətlərinə sahib olduqlarını göstərir.

Mizzi Schembri bu iddiaları inkar edirlər.

Bu ilin əvvəllərində xanım Caruna Galizia iddia etmişdi ki, Maltada yerləşən kiçik banklardan birinin sənədləri baş nazir Muscat-ın arvadının Panamada şirkət sahibi olduğunu göstərib.

Jurnalist bunu da iddia edirdi ki, bu şirkət və Azərbaycandakı bank hesabları arasında böyük pulların köçürülməsi qeydə alınıb.

Baş nazir və arvadı bu ittihamları rədd edirlər. Cənab Muscat Caruana Galizia-nın iddialarına görə erkən seçki çağırmağa məcbur olmuş və bu seçkidə çətinliklə qalib gəlmişdi.

"The Guardian" qəzeti yazır ki, bu ilin əvvəllərində, Malta Avropa İttifaqının prezidenti olarkən jurnalistin açıqlamaları Brüsseldə böyük hay-küyə səbəb olmuşdu.

O vaxt Avropa Parlamentinin üzvləri Muscat-ın arvadının adına Panamada olduğu söylənən şirklətlə Azərbaycan prezidentinin ailələsi arasında iddia edilən ödənişlərlə bağlı iddialara görə Muscat-dan dərhal istefa verməsini tələb edirdilər.

Jurnalistin qətli ilə bağlı Almaniyadan olan Avropa millət vəkili Sven Giegold sarsıldığını bildirib.

Giegold deyib ki, belə hadisələr Avropa İttifaqını yox, Putin Rusiyasını xatırladır.

"Avropa İttifaqında mətbuat üzərinə hücumlar və ifadə azadlığının pozulmasına dözüm göstərilə bilməz" - deyib millət vəkili.

Qəzet yazır ki, son illərdə Maltada bir neçə avtomobil partlayışları törədilib. Bu hadisələri törədənlər müəyyən edilməsə də, hücumların kriminal dəstələr arasında mübahisələrdən qaynaqlandığına inanılır.

Caruana Galizia-nın ölümü onun əri və üç oğlu üçün dəhşətli zərbə olub.

Ölümündən bir-neçə saat əvvəl yazdığı son bloqda jurnalist onun ifşa etdiyi korrupsiya hallarının ləng araşdırılmasından şikayətlənirdi.

O, son məqaləsinin son cümləsində yazırdı: "Hara baxsan fırıldaqçılardır. Vəziyyət ümidsizdir".

Fotonun müəllifi Reuters

"Kürdlər Kərkükü həmişəlik itiriblər"

"Financial Times" yazır ki, bir ay əvvəl İraq kürdləri keçirdikləri referendumda əksər səs çoxluğu ilə müstəqilliyi dəstəkləmişdilər, amma indi İraq ordusu Kərkükə daxil olandan və binaların damındakı kürd bayrağını qopararaq yerinə İraq bayrağı taxandan sonra bu arzular, deyəsən çilik-çilik olub.

Məqalədə deyilir ki, Bağdad hökuməti ilə Kürdüstan Regional Hökuməti arasında mübahisəli olan neftlə zəngin Kərkük şəhəri kürdlərin müstəqillik ambisiyalarının təməlini təşklil edirdi.

FT yazır ki, iqtisadi baxımdan Kərkükün neft mədənləri kürd dövlətinin yaradılması üçün həyati məna daşıyırdı.

Lakin eyni zamanda bu etnik baxımdan qarışıq şəhər heç vaxt tamlığı ilə kürd şəhəri olmamışdı.

FT yazır ki, bazar ertəsi Kərkükün küçələri ilə yeriyən İraq tanklarını şəhərin ərəb və türkman sakinləri salamlayıblar.

Beləliklə, ərəb və türklmanların üzərində üç il davam edən kürd hakimiyyətinə son qoyulub.

Məqalədə deyilir ki, indi ABŞ-ın təlimləndirdiyi və dəstəklədiyi iki qüvvə - İraq ordusu və kürd peşmərgələri üz-üzə gəliblər.

FT yazır ki, bu bölgədə kürd-ərəb qarşısdurmasının şiddətlənməsi İŞİD-dən yenicə təmizlənmiş bölgəni təlatümə gətirə bilər.

Qəzet yazır ki, hazırda Bağdadda hamı Kürdüstan Demokaratik Partiyasının lideri və kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin nə deyəcəyini gözləyir.

O, bundan əvvəl İraq hökumət qoşunlarının Kərkükə hücumunun ərəb-kürd müharibəsinə səbəb ola biləcəyi ilə hədələmişdi.

"Hələlik hər şey nəzarət altındadır, amma qarşıdan gələn iki gün çox təhlükəli ola bilər. Əgər KDP vəziyyəti gərginləşdirmək istəsə, onda situasiya təhlükəli olacaq" - deyib bir İraq rəsmisi FT-yə.

Sosial mediada paylaşılan şəkillərdə Kərkükdən qaçan kürd uşaqları və öldürülmüş peşmərgələrin cəsədlərinin yanında gülərək şadlıq edən İraq əsgərləri görünür.

Həmin İraq rəsmisi deyib ki, böyük fırtına qopub, lakin bu, heç də təkcə kürdlər və Bağdad arasında çarpışma deyil.

Məsələ burasındadır ki, Kürdüstan Regional Hökumətinə daxil müxtəlif kürd siyasi partiyaları Kərkükün itirilməsinə görə bir-birlərini xəyanət və satqınlıqda ittiham edirlər.

"Financial Times" yazır ki, İraq ordusunun hərbi uğuruna Kürdüstan Regional Hökumətindəki ikinci ən böyük partiya - Kürdüstan Vətənpərvər İttifaqı - PUK-un koalisiyadan çıxması kömək edib.

Məqalədə deyilir ki, bu regionun tarixində onilliklərlə kürd fraksiyaları arasında barışmaz düşmənçilyin daha bir manifestasiyası olub.

Fotonun müəllifi AFP/Getty Images

Qardaş xəyanəti

Bu partiyalar bundan əvvəl də dəfələrlə bir-birlərinə qarşı xəyanətkar addımlarda bulunublar. Bunlardan ən rüsvayçısı 1996-cı ildə baş verib. O vaxt Bərzani öz partiyasının PUK-a qarşı vətəndaş müharibəsində üstün gəlmək üçün diktator Səddam Hüseynin qoşunlarını dəvət etmişdi.

FT yazır ki, bugünə qədər də döyüşçü pereşmərgələr PUK və KDP partiyaları arasında bölünüblər.

İndi bir çoxları Bərzanini referendum keçirdiyinə, xüsusən də Kərkükü bu referenduma qatdığına və kürdləri çətin duruma saldığına görə tənqid edirlər.

Bu referendumun keçirilməsinə nəinki regional dövlətlər, hətta ABŞ-da qarşı çıxmışdı.

Referendumun keçirilməsi Türkiyə və İranı kürdlərə qarşı mübarizədə Bağdadla birləşdirib.

Belə bir vəziyyətdə ABŞ bir-biri ilə çarpışan heç bir tərəfi dəstkləməyib.

"Biz onların bir-biri ilə döyüşməsini istəmirik, amma biz tərəf də saxlamırıq" - deyib ABŞ prezidenti Trump.

FT yazır ki, İraq ordusunun əlinə keçən ərazilər faktiki olaraq PUK peşmərgələrinin döyüşsüz qoyub getdiyi mövqelərdir.

Xəbərlərə görə, bəzi neft mədənləri perşmərgələrin əlində qalır. Bu ərazilər uğrunda döyüşlərin olub-olmayacağı hələlik bəlli deyil.

"Kürdlər Kərkükü həmişəlik itirblər - deyib Durham Universitetindən Dana Nəvzər Cəf, - Biz 2014-cü ilin sərhədlərini itirmişik. İndi 2003-cü ilin sərhədlərinə qayıdırıq".

Hələlik belə görünür ki, həm Bağdad, həm də Ərbil Kərkük neftinin borularla şimala axmasına mane olmaq istəmirlər.

Türkiyənin Ceyhan portuna çıxan bu boru kəmərinə Kürdüstan Regional Hökuməti nəzarət edir.

Əlaqəli mövzular