Britaniya mətbuatı: Kişilərə hamilə qadın qanı köçürülməsi doğrudanmı onları öldürə bilər?

Fotonun müəllifi PA

Britaniya mətbuatı yazır: Kürdlər müstəqillik ümidini Kərküklə birlikdə itirdilər, Tacikistanda homoseksualları qeydiyyatdan keçirirlər, Hamilə qadının qanı kişi üçün təhlükəlidirmi?

Fotonun müəllifi EPA

Kürdlər müstəqillik ümidini Kərküklə birlikdə itirdilər

"Financial Times qəzetinin beynəlxalq işlər redaktoru David Gardner yazır ki, sentyabrın 25-də keçirilmiş referendumla qol-qanad açan kürd müstəqillik arzuları ötən bazar ertəsi İran tərəfindən dəstəklənən İraq qüvvələri Kərkükü alandan sonra "çiliklənərək yerə tökülüb".

Məqalədə deyilir ki, neftlə zəngin Kərkük ərəblər və kürdlər arasında Yaxın Şərqi parçalayacaq daha bir müharibənin cəbhə xəttinə çevrilə bilər.

Lakin Gardner-in fikrincə, Kərkük təkcə ərəblərlə kürdlərin arasında deyil, həm də İranla ABŞ arasında gedən geosiyasi yarışın predmeti olub. Bu hadisənin xüsusilə də, Trump-ın İranla nüvə sazişini ləğv edəcəyi ilə hədələdiyi bir vaxta təsadüf etməsi maraq doğurur.

FT yazır ki, Trump-ın hədələri yayğın idi, amma İran bir neçə cəbhədə qətiyyətli addımlar atmağa hazır idi.

Məqalədə deyilir ki, muxtar Kürdüstan Regional Hökumətinin (KRH) başçısı Məsud Bərzani Kərkükü də kürd müstəqilliyi referendumuna daxil edəndə bunun tezalışan məsələ olacağı aydın idi.

Buna görə də təkcə Bağdad hökuməti deyil, KRH-nin bütün qonşuları referendumun keçirilməməsi üçün xəbərdarlıq etmişdilər. Gardner yazır ki, ümumilikdə 30 milyon kürdə məskən olan Türkiyə, İran, İraq və Suriya öz aralarında çox sayda fikir ixtilafının olmasına baxmayaraq kürd məsələsində bir məxrəcə gəlməyi bacardılar.

Onlar ilk növbədə Bərzaninin keçirməyə can atdığı referendumdan doğan qığılcımın onların özlərinin kürd əhalilələrini alovlandıracağından narahat idilər.

Buna baxmayaraq İraq və Suriyanın gələcəkdə də unitar bir dövlət olaraq qalacağı şübhə doğurur. Suriyada 6 ildir ki, davam edən müharibə artıq ölkəni bir çox hissələrə bölüb. İndi burda, Türkiyə Respublikasının "qarnının altında" Kürd Demokratik İttifaqı - PYD-nin nəzarətində olan böyük muxtar ərazi var.

PYD Kürdüstan İşçi Partiyası və ya PKK-nın Suriya qolu olaraq tanınır. Məhz buna görə də Türkiyə Əsəd rejiminə qarşı döyüşən islamçılardan dəstəyini geri çəkərək səylərini PYD-nin nəzarətində olan ərazilərin birləşməsinin qarşısını almağa yönəldib.

Öz növbəsində Tehran İraq kürdlərinin keçirdiyi müstəqillik referendumunu ABŞ-ın qəsdi hesab edir. Tehran bu qənaətdədir ki, Amerika İrandakı sünni kürd azlığını ayağa qaldırmağa cəhd göstərir.

Kərkükün özü də qarışıq məsələdir. Onun gələcək statusu 2007-ci ildə keçirilməli olan referendumda həll olunmalıydı, lakin bu referendum keçirilmədi.

KRH-nin peşmərgə qüvvələri Kərkükü 2014-cü ildə İraq ordusu İŞİD-in qabağından qaçanda zəbt etmişdi.

Məqalədə deyilir ki, kürdlər Kərkükə yəhudilərin Yerusəlimə baxdıqları müqəddəsliklə baxırlar.

Onlar iddia edirlər ki, Səddam Hüseynin etnik təmizləmə siyasəti bu regiondakı demoqrafik vəziyyəti ərəb və türkmanların xeyrinə dəyişib. Və ən nəhayət Kərkük özünün zəngin neft yataqları ilə əhəmiyyətlidir. KRH-nin neft-qaz ixracatının yarısı burdan gəlir.

Amma indi hər şeydən mühüm olan Kərkükün Tehran, Bağdad və Ankarını birləşdirməsidir.

İraqın KRH-yə qarşı hücum əməliyyatının özəyini Xalq Səfərbərlik Qüvvələri təşkil edib. Bu şiə silahlı birləşmələrinin İran İslam Keşikçiləri Korpusunun birbaşa komandanlığı altında olduğu məlumdur.

Burada aparıcı rolu korpusun Qüds qüvvələri və onun sərkərdəsi general Qassen Soleymani oynayır.

FT yazır ki, Əsəd qüvvələrinin Fərat vadisi boyunca İŞİD-in nəzarətində olan Deyr əz-Zaura hücumunun da arxasında inqilab keşikçiləri dururdular.

Bu işdə İslam İnqilabı Keşikçilərinin əsas müttəfiqi Livanın Hizbullah təşkilatı idi. Bu qüvvələr ABŞ tərəfindən dəstəklənən Suriya kürdlərinin PYD peşmərgələrinə qarşı mövqe tutub.

Ötən cümə İrana bağlı qüvvələr Məyadin şəhərini ələ keçiriblər. Beləliklə Tehranın Aralıq dənizinə şiə zolağı ilə dəhliz açmaq ambisiyaları gerçəkləşməyə yaxındır.

FT yazır ki, ABŞ İraq və Suriya kürdlərini dəstəkləsə də İraqın kürd siyasətində aparıcı rolu İran oynayır. General Soleymani tez-tez təkcə şiələrin üstünlük təşkil etdiyi Bağdadda deyil, həm də Tehranın müttəfiqi olan Kürdüstan Vətənpərvərlər İttifaqının (PUK) Süleymaniyyədəki bazasında olur.

Buna qəti inanılır ki, İraq qoşunlarının Kərkükü tutmasına PUK kürdlərinin bir kənara çəkilməsi imkan yaradıb.

Maraqlıdır ki, İran NATO müttəfiqi Türkiyəni də özünün antikürd planlarına cəlb edə bilib.

Ötən çərşənbə axşamı İraqın şiə qüvvələri Sincara doğru irəliləyib. Bura İŞİD-in məhv etməyə çalışdığı yezidilərin məskəni sayılır.

Gardner yazır ki, məhz buna görə də İran və Türkiyə hazırda ABŞ-la ən pis qarşıdurma vəziyyətindədirlər.

Fotonun müəllifi PA

Tacikistanda homoseksualları qeydiyyatdan keçirirlər

"The Guardian" yazır ki, Tacikistanın hakimiyyət orqanları homoseksual olduqları iddia edilən 367 vətəndaşın qeydiyyat dəftərini tərtib ediblər.

Bu siyahıda olan şəxslər cinsi yollarla yayılan xəstəliklərə görə məcburi müayinədən keçməli olacaqlar.

Bu tədbirin detalları barədə məlumat Tacikistan prokurorluğunun mətbu orqanı olan Zakonnost qəzeti tərəfindən verilib.

İnsan haqları təşkilatları bundan əvvəl də mühafizəkar Tacikistanda LGBT icması üzvlərinin təqiblərindən narahatlıq bildirmişdilər.

Qəzetdə qeyd olunur ki, hakimiyyət orqanları indiyədək 319 gey kişi və 48 lesbian qadını uçota alıb.

Məqalədə deyilir ki, bu siyahı ölkədə dövlət tərəfindən aparılan iki reydin gedişində tətrib edilib. Bu reyd əməliyyatlarından biri "Mənəviyyat", digəri isə "İzləmə" adlanırdı.

Zakonnost qəzeti siyahıda olanların hansı tibbi müayinədən keçəcəyindən yazmır və bildirir ki, uçot kitabçası elə homoseksualların öz şəxsi təhlükəsizliyi üçün tərtib olunub.

"The Guardian" yazır ki, qonşu Özbəkistandan fərqli olaraq Tacikistanda homoseksuallıq qanunla qadağan deyil.

2014-cü ildə Tacikistanın ən vəzifəli ruhanisi homoseksual münasibətləri "fəlakətli günah" elan etmişdi.

"The Guardian" yazır ki, son vaxtlar keçmiş SSRİ-nin müsəlman ərazilərində LGBT icmasının təhlükəsizliyi ilə bağlı narahatedici vəziyyət yaranıb.

Mart ayında Rusiyanın "Novaya qazeta" qəzeti yazırdı ki, Çeçenistanda homoseksuallar həbs edilir və işgəncələrə məruz qalırlar.

Nəhayət ötən ay Amnesty İnternational Azərbaycanda LGBT icmasına aid insanların həbsləri barədə həyəcanlı xəbərlər yaymışdı.

Fotonun müəllifi Science Photo Library

Hamilə qadının qanı kişi üçün təhlükəlidirmi?

"The Telegraph" yazır ki, yenicə aparılmış araşdırmanın nəticələrinə görə, hamilə qadınlardan alınmış donor qanının kişi pasientlərə köçürülməsi onların ölümünə səbəb ola bilər.

Alimlər aşkar ediblər ki, hamilə qadınların qanında dölün qorunması üçün mövcud olan anticismlər kişilərdə ölümcül reaksiya doğurur.

Alimlər bildirirlər ki, hamilə qadınlardan kişilərə köçürülən qan kəskin ağ ciyər zədələnməsi ilə nəticələnə bilər.

"The Telegraph" yazır ki, Britaniyada hər il 2 milyon qan köçürülməsi əməliyyatı keçirilir və pasientlərə bu qanın hamilə qadınlardan alınıb-alınmadığı barədə məlumat verilmir.

Leidendəki Qan Mərkəzindən professor Rutger MiddelburgAmerican Medical Association jurnalında yazır ki, qadınların hamilə vaxtında onlardan alınmış donor qanının vurulduğu kişilərdə ölüm hallarının sayı əhəmiyyətli dərəcədə artır.

Professor bildirir ki, belə bir vəziyyətin səbəbi həm də hamilə qadınlarla kişilər arasındakı dəmir elementinin miqdar fərqi ola bilər.

Məqalədə deyilir ki, həkimlər ölüm hallarının araşdırılması üçün 31 min xəstənin tarixçəsini öyrəniblər. Bunlara 2005-2015-ci illər arasında Hollandiyanın 6 xəstəxanasında qan köçürülmüşdü.

Müqayisələr göstərib ki, kişilərə hamilə qadınlardan alınmış qan vurulduqda hər min nəfərə 101 ölüm hadisəsi qeydə alınıbsa, kışi qanı köçürülmüş kişilər arasında belə halların sayı 80 olub.

Hərçənd Açıq Universitetdən professor Kevin McConway fərqin əhəmiyyətli olmadığına inanır.

O deyib ki, bu müşahidə təcrübəsidir və burada nəyin nəyə səbəb olduğunu qəti demək çətindir.

Professor bunu da əlavə edib ki, bu təcrübələrdə yalnız Hollandiyaya aid məlumatlar araşdırılıb, halbuki başqa xalqlarda ölüm faizi tamamilə başqa genetik göstəricilərdən asılı ola bilər.