İraq mübahisəli əraziləri kürdlərdən almağa davam edir

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İraq federal polis qüvvələri Kərkükə doğru irəliləyir

İraq hərbi qüvvələri kürd qüvvələrinin nəzarətində olan mübahisəli əraziləri geri almaq üçün başlanmış hərbi əməliyyatın bitdiyini deyir.

Bu bəyanat İraq qüvvələrinin Mosul Bəndi də daxil olmaqla Ninəva əyalətində kürd peşmərgə qüvvələrinin özünü İslam Dövləti (İD) adlandıran qruplaşmadan ələ keçirdiyi əraziləri geri almasından sonra verilib.

Bu həftənin əvvəlində əsgərlər və xüsusi polis qüvvələri Kərkük şəhəri və yaxınlıqda yerləşən neft yataqlarını da ələ keçirib.

İraq hökumətinin hərbi əməliyyatı kürdlərin nəzarətinə olan ərazilərdə müstəqillik referendumunun keçirilməsindən bir neçə həftə sonra başlanıb.

İraqın Baş naziri Heydər əl-Abadi referendumu "keçmişdə qalmış bir şey" adlandırıb.

O, kürd regional hökumətinə müraciət edərək, dialoq və İraqın konstitusiyası çərçivəsində "milli tərəfdaşlıq" istədiyini deyib. Konstitusiyaya əsasən, Dohuk, Ərbil və Süleymaniyə əyalətləri muxtar kürd regionuna daxildir.

Bununla kürd peşmərgə qüvvələri 2014-cü ildə nəzarətləri altında olan ərazilərə qayıdıblar, İraq hərbi kommandiri Reuters-ə deyib.

Kürd qüvvələri 2014-cü ildə İD-nin şimali İraqda hökumət qüvvələrinə qarşı qələbələrindən sonra, İD-ə qarşı hərbi mübarizəyə başlayıb və qruplaşmadan əldə etdiyi ərazilərlə kürd regional hökumətinin nəzarətində olan ərazini genişləndirib.


Həmçinin oxuyun:


Kürd regional hökumətinin məlumatına görə, müxtar İraq Kürdüstan Regional Hökumətinin (İKRH) nəzarətində olan ərazilərdə keçirilən müstəqillik referendumunda səs verənlərin böyük əksəriyyəti müstəqilliyin lehinə səs verib, lakin mərkəzi hökumət səsvermənin qanunsuz olduğunu bəyan edib.

Bundan sonra cənab əl-Abadi İraq hərbi qüvvələrinə mərkəzi hökumət və İKRH-in idda etdiyi mübahisəli əraziləri öz nəzarətinə gətirmək əmri verib.

Kərkük əyalətində İraqın ələ keçirdiyi neft yataqları İKRH-in hazırda ixrac etdiyi neftin üçdə ikisini təşkil edir.

Neft yataqlarının itirilməsi isə İKRH-in iqtisadi müstəqilliyinə böyük zərbədir.

Çərşənbə axşamı etdiyi çıxışında İKRH prezidenti Məsud Barzani kürd müstəqilliyinə doğru səylərinə davam edəcəyini deyib.

Eyni zamanda, o, Kərkükün döyüşsüz itirilməsinə görə, onun Kürdüstan Demokratik Partiyasının (KDP) siyasi rəqibi və hazırki koalisiya tərəfdaşı Kürdüstan Vətənpərvər İttifaqını (PUK) təqsirləndirib.

Fotonun müəllifi Reuters
Image caption İraq qüvvələri deyir ki, neft yataqları artıq onların nəzarətindədir

Qəflətən dəyişiklik

Orla Guerin, BBC News, Kərkük

Kərkük şəhərinin girişində hələ də böyük bir peşmərgə döyüşçüsünün heykəli durur, lakin kürdlərin idarəçiliyindən başqa bir əlamət qalmayıb.

Şəhər artıq İraq qüvvələrinin tam nəzarəti altındadır və şəhərə gələn bütün yollarda yerləşən yoxlama məntəqələrini İraq əsgərləri idarə edir.

Şəhərdə sakitlik var idi, lakin kürd rayonları çox sakit idi. Mağazaların çoxlu qapalı və evlərin bir çoxu tərk edilmişdi.

Görünür ki, İraq qüvvələrinin irəliləyişi zamanı şəhəri tələsik tərk edən minlərlə adamın hamısı hələ də Kərkükə qayıtmayıb.

Küçələrdə gördüyümüz bəzi sakinlər sadəcə itki hissi və naməlumluq barədə danışırdılar.

Bəziləri şəhəri müdafiə etmədikləri üçün Peşmərgə qüvvələrinə qəzəbli idilər. Digərləri referendum keçirmək qərarı ilə İraqın hərbi əməliyyatına səbəb verməsinə görə İKRH prezidenti Məsud Barzanini təqsirləndirdilər.

Prezidentin böyük bir plakatı yanğınla zədələnib. Yerlilər yanğının rəsmən Bağdad tərəfindən idarə edilən şiə silahlılarının başlatdığını deyirlər. Yanmış şəkil onun bu şəhərdəki nüfuzunun vəziyyətini əks etdirən güclü bir simvoldur.


Kərkük niyə böhranın mərkəzindədir?

Kərkük neftlə zəngin əyalətdir və İKRH-in iqtisadiyyatında böyük rol oynayır. Kərkük əyaləti rəsmən tanınmış müxtar kürd regionuna daxil deyil, lakin həm İKRH, həm də mərkəzi hökumət ərazinin özünə məxsus olduğunu deyir.

Əhalinin əksəriyyətinin kürd olduğu ehtimal olunur, lakin şəhərin həmçinin böyük ərəb və türkmən əhalisi var.

Kürd Peşmərgə qüvvələri əyaləti 2014-cü ildə ələ keçirib.

Çərşənbə axşamı İraq qüvvələri Kərkükün şimalında yerləşən və dövlətin sahib olduğu Şimal Neft Şirkətinə (Nort Oil Company) məxsus olan Bay Həsən və Avana neft yataqlarının ələ keçirib.

Bundan bir gün əvvəl, İraq qüvvələri yerli icra hakimiyyətinin qərargahı da daxil olmaqla, mühüm hərbi bazaları və digər neft yataqlarını da ələ keçirmişdilər. Onlar İraq bayrağı ilə yanaşı dalğalanan Kürd bayrağını aşağı salıblar, xəbərlərdə deyilir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) hərbi əməliyyat zamanı 61 min insanın Kərkükü tərk etdiyi, lakin onların bəzilərinin artıq qayıtdığını bildirib.

Bundan sonra Peşmərgə qüvvələri Diyala əyalətində yerləşən Xanaqin və Calavla şəhərlərini və Ninəva əyalətində yerləşən Maxmur, Başıqa, Sincar və digər şəhərləri tərk edib, İraq hərbi qüvvələrinin bəyanatında deyilir.

Fotonun müəllifi Xəritə

Bu barədə daha geniş