Britaniya mətbuatı: Avropa üçün hansı daha mühümdür: Azərbaycanın qazı, yoxsa demokratiyası?

Fotonun müəllifi BP

Avropa üçün hansı daha mühümdür: Azərbaycanın qazı, yoxsa demokratiyası?

"Financial Times" qəzeti yazır ki, Azərbaycanda korrupsiya və demokratiyanın vəziyyəti ilə bağlı narahatlıqlara baxmayaraq, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan qazını Xəzər dənizindən Avropa İttifaqına nəql edəcək qaz kəməri üçün Bakıya həlledici 500 milyon dollarlıq krediti verib.

Məqalədə deyilir ki, beləliklə bankın direktorlar şurası Azərbaycanın Trans-Anadolu və ya Tanap kimi tanınan konsorsiumuna maliyyə dəstəyi vermək qərarına gəlib.

FT yazır ki, qiyməti 40 milyard dollar olan 3500 kilometrlik "Cənub dəhlizi" qlobal qaz və neft sənayesinin ən böyük infrastruktur layihələrindən biridir.

Bu kəmər Xəzər qazını Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliya ərazisindən keçən üç kəmərlə bağlayacaq.

Qəzet bunu da qeyd edir ki, Tanap Avropa İttifaqının "prioritet layihələrindən" hesab olunur.

FT yazır ki, bu kəmərin maliyyələşdirilməsi məsələsi ötən mart ayında Azərbaycan, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü (Extractive Industries Transparency Initiative - EITI) tərk etdikdən sonra sual altına düşmüşdü.

EITI vətəndaş cəmiyyəti üzərinə hücumlarla bağlı Azərbaycanın təşkilatdakı üzvlüyünü dayandırmışdı.

Kreditləri verərkən ölkələrin demokratik standartlara necə cavab verdiyini rəhbər tutan AYİB bildirib ki, Tanap adi tələblərə cavab verir.

Bu da qeyd olunur ki, Azərbaycana verilən kredit bankın ümumiyyətlə bir dəfəyə verdiyi ən böyük kredit olub.

Bankın Şərqi Avropa və Qafqaz üzrə menecment direktoru Francis Malige deyib ki, Azərbaycanın təşəbbüsdən imtina etməsinə baxmayaraq, bu kreditə EITI prinsipləri şamil edilib.

O, həmçinin vurğulayıb ki, Cənub dəhlizi Avropa İttifaqının ən mühüm layihələrindən biridir.

AYİB-in enerji və təbii ehtiyatlar üzrə meneceri Nandita Parshad deyib ki, bu layihə təkcə Azərbaycana aid deyil və onun "Avropa üçün çox, çox geniş təsiri var".

Lakin Cənub Qaz Dəhlizi layihəsini izləyən Bankwatch təşkilatının apardığı kampaniyanın fəal üzvlərindən Anna Roggenbuck deyib ki, "Tanap Azərbaycanda insan haqlarının pozulmasına xidmət edəcək".

"Bu layihə Azərbaycana yanacaq ixracatından, qaz ixracatından gələn gəlirləri dörd dəfə artıracaq və qəti şəkildə Azərbaycanın avtoritar lideri İlham Əliyev ailəsini gücləndirəcək" - deyib Roggenbuck.

FT yazır ki, ümumi dəyəri $8.6 milyard olan Tanap kəməri artıq Azərbaycan və Gürcüstanda istismarda olan və Şahdəniz yatağından alınan qazı ixrac edən Cənub Dəhlizi Kəmərini Tükiyədən keçərək Yunanıstanla birləşdirəcək. Oradan isə təbii qaz - Trans-Adriatik və TAP kəməri ilə Albaniya və İtaliyaya nəql edəcək.

FT yazır ki, Tanap kəməri ilə 2020-ci ildə ixrac ediləcəyi gözlənilən ilk qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya gedəcək. Məqalədə deyilir ki, bu, 10 milyon evin qazla təchizatı üçün kifayətdir.

Bu layihədə Azərbaycanın payı 58 faizdir. Daha 30 faiz Türkiyənin Botas və 12 faiz isə BP-nin payına düşür.

AYİB TAP kəmərinin maliyyələşdirilməsi üçün daha 1. 5 milyard dolların ayrılmasını planlaşdırıb. Bunun 500 milyon dolları, donorlardan yox, bankın öz ehtiyatlarından veriləcək.

Avropa İttifaqının İnvestisiya Bankı da həm Tanap, həm də Tap kəmərlərini maliyyələşdirməyi planlaşdırır.

FT yazır ki, Tanap kəmərinin ən böyük payçısı və əsas təchizatçısı olan Azərbaycan, Avropanın siyasi dairələrində narahatlıq obyektidir. Avropa Parlamenti ölkənin dövlət büdcəsindən Avropa İttifaqı rəsmilərinin ələ alınması üçün istifadə edildiyinə dair iddiaları araşdırır. Ölkədə insan haqlarının vəziyyəti də çoxdan bəridir ki, narahatlığa səbəb olub.

FT yazır ki, BP, Azərbaycanın SOCAR, Rusiyanın Lukoil və Malayziyanın Petronas şirkətlərinin mülkiyyətində olan kəmər Avropa istehlakçısı üçün mühüm əhəmiyyət kəsb edir.

Məqalədə bu da deyilir ki, Avropa İttifaqı gələcəkdə bütün qitə istehlakının 20 fazinin Azərbaycandan gəlməsini planlaşdırır.

Fotonun müəllifi Science Photo Library

Türkiyə polisi 7500 qurbağanı xilas edib

"The Guardian" yazır ki, Türkiyə jandarmeriyası qaçaqmalçılardan tutulmuş 7500 qurbağanı canlı təbiətin qoynuna buraxıb.

Qaçaqmalçılar ölkə boyunca brakonerliyə qarşı keçirilən böyük əməliyyat zamanı ələ keçiblər.

"The Guardian" yazır ki, bu, ölkə tarixində qurbağa qaçaqmalçılığına qarşı aparılmış ən böyük əməliyyat olub.

Türkiyə mediası xəbər verir ki, qaçaqmalçılar mikroavtobusla səfər edərkən Kapadokiya ərazisində saxlanılıblar.

Polislər mikroavtobusda çox sayda tor və minlərlə qurbağa aşkar ediblər.

Qaçaqmalçılar Adanaya getmək və "malı" orada müştəriyə satmaq niyyətində olduqlarını bildiriblər.

"The Guardian" yazır ki, kulinariyada istifadə olunan qurbağaların ticarəti hazırda çox gəlirli biznes sayılır.

Amfibiyaların ən böyük bazarı Çin və Fransadır.

Yerli canlı təbiət rəsmisi Hasan Hüseyin Doğançay deyib ki, qaçaqmalçılardan tutulan qurbağalar canlı təbiətə qaytarılıb.

Sinqapur Milli Universitetinin dosenti F Gözdü Çilingir deyib ki, bu, müsadirə edilmiş qurbağaların sayına görə ən böyük əməliyyat olub.

Ekspert bildirir ki, bu hadisədə başlıca problem həbs edilənlərin qurbağaları canlı təbiətdə ovlamaları ilə bağlıdır.

O deyir ki, kommersiya məqsədli qurbağalar bir çox fermalarda yetişdirilir.

Ekspertlər bidlirirlər ki, qurbağaların ovlanması üçün xüsusi mövsümlər müəyyən edilib, bəzi qurbağaların ovlanması isə ümumiyyətlə qadağandır.

"The Guardian" yazır ki, sözü gedən qurbağalar şərqi Anadoluda Qara dənizə axan Kızılırmak çayının hövzəsində ovlanmışdı.

Kızılırmak deltası və gölmələri dünyanın ekoloji baxımdan ən rəngarəng regionlarından biri sayılır. Burada 350 quş, 560 bitki növü aşkar edilib.

"The Guardian" yazır ki, fransızların qurbağa tamarzısı olması bu heyvan növünün onun təbii məkanlarında kəskin azalmasına əsas səbəbdir. Fransa Avropada qurbağanın ən böyük istehlakçısıdır.