"Üç ildən artıq tab gətirmək mümkün deyil": İspaniyada xidmətçilər öz hüquqları uğrunda necə mübarizə aparırlar

На пляже в Барселоне Fotonun müəllifi Reuters

İspaniyada ötən il turizm sənayesi rekord həddə çatıb. Ölkəyə digər ölkələrdən 76 milyon turist gəlib. Lakin çox güman ki bu rekord uzun müddət belə qalmayacaq.

İspaniya əvvəlki kimi dünyanın ən məşhur istirahət yerlərindən biri olaraq qalsa da, sənayenin özündə işlər bir o qədər də yaxşı deyil. Otel otaqlarını yığışdıran xidmətçilər aşağı məvacibdən və ağır iş şəraitindən şikayətlənirlər.

"İşləyənlərin hamısı qadındır. Kişilər bu işlə məşğul olmaq istəmirlər ", - "Las Kellies" Xidmətçilərin Həmkarlar İttifaqının Madrid bölməsinin başçısı Angeles Munos deyir.

Bu peşə heç bir zaman xüsusi gəliri olan iş olmayıb. Lakin ittifaq fəallarının sözlərinə görə, 2012-ci ildə İspaniyanın əmək qanunvericiliyində edilən islahatlar xidmətçilərin vəziyyətini daha pisləşdirib.

İslahatlar nəticəsində ilk dəfə olaraq otellərə sənaye standartlarına riayət etməsi tələb edilməyən xarici özəl şirkətləri işə cəlb etməsinə icazə verilmişdi.

Fotonun müəllifi Getty Images
Image caption Həmkarlar İttifaqı iddia edir ki, xadimələr növbəli iş zamanı 30 otağı təmizləməyə məcburdurlar

Ötən il turizm sənayesinin İspaniya Ümumi Daxili Məhsuluna (ÜDM) 11% və ya 125 milyard dollar gəlir gətirdiyi bir vaxtda xadimələr və xidmətçilər daha az qazanırlar. Onlar tez-tez səhhətlərində yaranan problemlərdən və rəhbərliyin onlara pis münasibətindən şikayətlənirlər.

Təqib qorxusu

"Otaqlar təmiz olmasa müştəriləri cəlb etmək mümkün deyil. Baxmayaraq ki, otel sahəsində işçi ştatının 30%-ni xidmətçilər təşkil edir, iş bizə çatanda biz gözəgörünməz oluruq ", - deyə Angelos Munos deyir.

Onun iddia etdiyinə görə, ittifaqa başçılıq etdiyi 20 il ərzində iki böyük otel şirkəti fəaliyyətinə görə onu iki dəfə qara siyahıya salıb.

"Xidmətçilərin çoxu xüsusilə həssas sosial qruplara məxsusdurlar. Onların arasında çoxlu mühacirlər və uşağını tək böyüdən analar var. Onlar diqqət mərkəzində olmamağa cəhd edirlər, təqib edilməkdən və qazanclarını itirməkdən qorxurlar ", - Angelos deyir.

2012-ci ilə qədər Madriddəki xidmətçilər daimi müqavilə əsasında çalışaraq kollektiv sənaye razılaşmasına uyğun olaraq ayda orta hesabla 1200 avro qazanırdılar.

Image caption "Las Kellies" həmkarlar ittifaqı bir qədər əvvəl Fuerteventura adasında etiraz aksiyası keçirib

Lakin Munos-un dediyinə görə, sonradan mühafizəkar hökumət əmək qanunvericiliyində islahatların edilməsi barədə qanun qəbul etdi.

Bu islahatlar ilk dəfə olaraq otellərə xarici subpodratçılarla - işçilərinə ayda 6 saatlıq növbəli iş üçün 800 avrodan çox ödəməyən özəl şirkətlərlə müqavilə bağlamaq imkanı yaratdı.

"Lakin bu vaxt ərzində onlar eyni sayda otaqları yığışdırmalıdırlar. Adətən növbəli iş zamanı təmizlənən otaqların sayı 20-dən az olmur. Onların nahar fasiləsi və müqavilənin uzadılmasına inamları yoxdur. Adətən onlara WhatsApp tətbiqi vasitəsilə qısa - "Sabah işə çıxın" mesajı göndərilir".

Madriddən kənarda işləyən xidmətçilərə daha az əmək haqqı verilir.

"Hər otağa görə 1,25 avro"

"Las-Kellies" həmkarlar ittifaqının Lanzarote adasındakı bölməsinin rəhbəri Miriam Barros deyir ki, əvvəllər yerli otellərdə xidmətçinin orta əmək haqqı 1400 avro təşkil edirdi.

İndi isə əmək haqqı iki dəfə azaldılıb, lakin buna baxmayaraq xidmətçilər iş növbəsi ərzində 30 otaq yığışdırmalıdırlar.

"Bu isə o deməkdir ki, bizim işçilər hər otağa görə, 1,25 avro alırlar. Bura vergi və gəlirlər daxil deyil", - deyə o bildirib.

"Las Kellies" həmkarlar ittifaqı xidmətçilərin və xadimələrin təkcə layiqli əmək haqqı almasını deyil, həmçinin ağır əmək şəraitləri olduğuna görə mükafat olaraq 67 yaşa qədər təqaüdə çıxmaq hüqüquna malik olmalarını tələb edir.

Həmkarlar İttifaqı fəalları öz üzvlərinin nümayişini təşkil edir, həmçinin iş sahiblərinin qanunları pozmasından şübhələnən zaman onların şikayət ərizələrini əmək müfəttişliyinə göndərərək konkret olaraq onların müdafiəsilə məşğul olurlar.

İttifaq fəallarının öz haqqlarını müdafiə edərkən təqiblərə məruz qalması nadir hadisə deyil. Mirriam Barros qonşu Fuerteventura adasındakı otellərdəki xarici şirkətlərə qarşı keçirilən etiraz aksiyasında iştirak zamanı mühafizəçi tərəfindən vurulduğuna görə, polisə şikayət etmişdi.

Şikayətin qiyməti

Image caption Olqa Romero xadimələrin iş şəraitini yaxşılaşdırmaq cəhdinə görə təqib edildiyini bildirir

Olqa Romero deyir ki, Həmkarlar İttifaqına üzv olması ona Gran Canaria adasındakı Las-Palmas otelində müvəqqəti xidmətçi vəzifəsini itirməsi bahasına başa gəlib.

"Mən digər işçilərə "Las Kellies" ittifaqı barədə danışdım, sonra mənə zəng vurub işdən azad edildiyimi söylədilər",-deyə 34 yaşlı tək-ana danışır.

Bu Olqanı elə də təəccübləndirməyib.

"Əvvəlcə məni işlə yükləyərək qorxutmağa cəhd göstərdilər. Daha sonra hansısa işi sona qədər görmədiyim bəhanəsiylə məni bazar günləri işə çağırmağa başladılar",-deyə o danışır.

Lakin Həmkarlar İttifaqı subpodratçının davranışları barədə yerli rəhbərliyə məlumat verib. Biz əmək standartları üzrə müfəttişlikdən gələn məktubu gördük.

Məktubda Olqa Romero və digər işçilərlə bağlanan müvəqqəti müqavilənin qanuni olmadığı və bu müqavilələrin daimiyə keçirilməsi yazılmışdı.

Lakin Olqa Romero-nun sözlərinə görə, şirkət bu günə qədər müfəttişlik tərəfindən qoyulan tələbləri yerinə yetirməyib. O, növbə ərzində 25 otağı yığışdırmalı olduğu xidmətçi işi üçün darıxmadığını deyir. Növbə isə 10 saat da davam edə bilər və buna görə, onlara cəmi 916 avro verilir.

"Belə ağır işdə xidmətçilər 3 ildən artıq tab gətirmirlər. Onları aldıqları kölə məvacibi qarşılığında çox sıxışdırırlar və bununla böyük gəlir əldə edirlər", - deyə o izah edir.


Otel sahiblərinin maraqlarını təmsil edən İspaniya Otel və Turist Yerləşdirmə Konfederasiyası BBC-nin "Las Kellies" Həmkarlar İttifaqının tələbləriylə bağlı sualını cavablandlrmaqdan imtina edib.

Meliá Hotels International otel şirkəti tərəfindən yazılan məktubda onların mövcud qanunlara beynəlxalq səviyyədə, həmçinin kollektiv razılaşma səviyyəsində hörmət və riayət etdikləri bildirilib.

İspaniyanın ən böyük otel şirkəti olan Meliá Hotels International 2016-cı ildə 314 otelə və 80 min otağa sahiblik edib.

Lakin İspaniiyanın otel sənayesində yaxşı tanınan, Marriot qrupuna daxil olan AC Hotels şirkətinin prezidenti Antonio Catalan mövcud vəziyyətə qarşı çıxaraq, əmək qanunlarının pozulmasıyla yaranan vəziyyəti "faciə" adlandırıb.

"Sənayedə iş yaxşı gedir və belə bir siyasətə qaçmağa ehtiyac yoxdur", - deyən Catalon başçılıq etdiyi şirkətin xarici subpodratçıları təmizliyə cəlb etmədiyini əlavə edib.

"Bizim bütün otellərdə xidmətçilər sənaye standartlarına uyğun zəmanətli ödəniş alırlar.Biz işçilərimizə layiq olduqları qədər məvacib verərək daha az qazanc əldə etsək də, biz bunu edirik", - o deyib.

Lakin Angeles Munos-un sözlərinə görə, otellərin çoxunda əmək şəraitinin pis olması barədə şikayətlər administrasiya tərəfindən anlayışla qarşılanmır.

"Biz hər dəfə eyni sözləri eşidirik - iş belə qurulub, xoşunuz gəlmirsə işdən çıxa bilərsiniz. İş sahibləri bilirlər ki, İspaniyada hazırkı işsizlik səviyyəsində belə şərtlərdə işləməyə arzu edənləri tapmaq elə də çətin deyil", - deyə o bildirib.

"Bizlərdən çoxu stress əleyhinə sakitləşdirici qəbul edirik. Tanıdığım qadınlardan biri döşəmə yuyan ağacı almaq üçün növbəsinin başlamasına yarım saat qalmış işə gəldiyini danışmışdı. Əgər o işə tez gəlməsə, döşəmə yuyan ağac qurtarır və ona döşəməni dizi üstə dəsmalla silməyi deyirlər".

Əlaqəli mövzular

Bu barədə daha geniş