Britaniya mətbuatı: Seks kuklalarından ibarət ilk bordel açılıb

sex doll Fotonun müəllifi PA

Britaniya mətbuatı yazır: "Birləşmiş Krallıq xarici dələduzların və despotların məskəninə çevrilib", Dünyanın kəpənəkləri tükənir, Seks kuklalarından ibarət ilk bordel açılıb.

Fotonun müəllifi Getty Images

"Birləşmiş Krallıq xarici dələduzların və despotların məskəninə çevrilib"

"The Guardian" Britaniya millət vəkillərindən Margaret Hodge-un sözlərinə istinadən yazır ki, "Azərbaycan camaşırxanası" qalmaqalı Birləşmiş Krallığın dələduzlar və despotlar üçün məskənə çevrildiyini göstərib.

Millət vəkili həmkarları qarşısında etdiyi çıxışda deyib ki, Birləşmiş Krallığın korporativ qaydaları və zəif tənzimləyici çərçivəsi "yaramazlar üçün hədiyyədir".

"The Guardian" və başqa mediaların Azərbaycan hökumətinin çirkli pullar üçün istifadə etdiyi "camaşırxana" barədə iddialarının ardınca çıxış edən müxalif Leyborist Partiyasından millət vəkili deyib ki, Britaniya bütün dünyada büdcə oğruları, dələduzlar və despotlar üçün seçim ölkəsinə çevrilir.

Parlament debatlarında danışan Margaret Hodge deyib ki, Birləşmiş Krallıq özünü "təmizlik, ehtiram və doğruçuluq ölkəsi" hesab edir, lakin Azərbaycan, Rusiya və başqa ofşor sənayesi ilə bağlı qalmaqallar bu inamın "qüsurlu" olduğunu nümayiş etdirib.

Parlamentdə ictimai hesabatlılıq komitəsinin keçmiş başçısı və vergilərdən korporativ yayınmaların qatı tənqidçisi Hodge dünən, oktyabrın 19-da keçirilən debatlarda çıxış edib.

O millət vəkillərinə deyib ki, Britaniyanın korporativ strukturlarından vergidən yayınma və rüşvət kimi cinayətlərin törədilməsində istifadə edilir.

Onun təbirincə deyilsə, bunun səbəbi odur ki, hökumət "şəffaflığın davamlı şəkildə çatışmaması" barədə heç bir tədbir görməyib.

O deyib: "Biz çirkli pullar üçün saxlanc yerinə çevrilmişik. Biz vergidən yayınmanın və çirkli pul yuyulmasının sənaye miqyasında baş verməsinə yol veririk".

"Azərbaycan Camaşırxanası" (Azerbaijani Laundromat) adlı gizli fond ilə bağlı araşdırma ötən ay "The Guardian", Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) və Avropa mediaları tərəfindən aparılıb.

Bu iddialara görə, yaradılmış gizli fond 2012 və 2014-cü illər arasında 2, 9 milyard dollar vəsaiti Azərbaycanın paytaxtından Daninamarka bank hesabları vasitəsilə Londonda qeydiyyatdan keçmiş 4 ofşor şirkətə göndərib.

Xanım Hodge deyib ki, bu pullardan "Avropa siyasətçilərinə rüşvət verilməsi, lobbiçi və məddahlara pul ödənməsi üçün istifadə olunub".

Millət vəkili bu fondla Azərbaycan prezidenti İlham Əliyev arasındakı əlaqəni göstərən dəlillər olduğuna dair iddiaları təkrar edib.

Prezident Əliyevin ofisi bu iddiaları rədd edir.

Bundan əvvəl Azərbaycan prezidenti administrasiyasının verdiyi rəsmi bəyanatda deyilirdi ki, "prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır".

"The Guardian" yazır ki, "Azərbaycan camaşırxanasının" ardınca 20 milyard dollarlıq "Rusiya camaşırxanası" qalmaqalı baş verib.

"Mən dərin utanc və xəcalət hissi keçirirəm ki, biz burada, Birləşmiş Krallııqda baş verən rüsvayçılıqlarla sadəcə əlaqəli deyilik və hətta bu üzdəniraq praktikalarda mərkəzi rol oynamışıq, - deyib millət vəkili, - Hazırda belə görünür ki, Brexit bizi dünyanın hər hansı başqa ölkəsinin xətrinə dəyməmək üçün bu pozuntulara qarşı tədbir görməkdə aciz edib".

Başqa bir leyborist millət vəkili - Rupa Huq deyib ki, keçmiş baş nazir David Cameron korrupsiyaya qarşı tədbirlər görmək və Britaniyadakı mülk sahiblərinin adlarının yazılacağı və ictimaiyyət üçün açıq qeydiyyat reyestrini yaratmaq niyyətində idi.

Lakin indi hökumət Brexit-in xətrinə bu tədbirləri uzun müddətə təxirə salmaq istəyir.

Biznes naziri Margot James deyib ki, hökumət kriminalların Birləşmiş Krallıq şirkətlərindən sui-istifadəsinin qarşısını almaq məqsədilə islahatları nəzərdən keçirir.

O xatırladıb ki, "Azərbaycan camaşırxanasında" iki Şotlandiya müştərək şirkətindən sui-istifadə edilməsi "ciddi narahatlığa" əsas verir.

Fotonun müəllifi Thinkstock

Dünyanın kəpənəkləri tükənir

"The Telegraph" yazır ki, Almaniya alimləri son üç onillik ərzində onlarca təbii qoruqda uçan həşəratların sayca fəlakətli azalması ilə əalqədar həyəcan təbili çalıblar. Alimlərin fikrincə, bu azalmaya səbəb kənd təsərrüfatında geniş istifadə edilən pestisidlərdir.

Kəpənək və arıların Avropa və Şimali Amerikada sayca azalması bundan qabaq da məlum idi, lakin PLOS ONE jurnalında dərtc edilmiş hesabat Almaniyada 1989-cu ildən bəri uçan həşratların 75 faiz azaldığını göstərən ilk sənəddir.

Bu azalma alimləri ona görə narahat edir ki, həşəratlar mühüm tozlandırıcı olmaqdan başqa, həm də quş və kiçik heyvanların qida zəncirinə daxildir.

"Uçan həşəratların belə yüksək sürətlə və belə geniş ərazidə azalması həyəcanlı xəbərdir" - deyib Radboud Universitetinin aparıcı tədqiqatçısı Hans de Kroon.

Bu hesabatın hazırlanması üçün alimlər 63 təbii qoruqda yapışqanlı tələlər qurmuşdular. Bundan sonra biokütlə ölçülüb və zaman içində baş verən dəyişikliklər qeydə alınıb.

Alimlər son 27 ildə uçan həşəratların 76 faiz azaldığı nəticəsinə gəliblər. Yay ərzində bu azalmanın 82 faizə çatması isə dəhşət doğuran hadisə sayılır.

Radboud Universitetindən Caspar Hallmann deyib ki, bu hələ xüsusi olaraq qorunan təbii guşələrdir.

Hesabatda azalmanın səbəbləri konkret olaraq göstərilməsə də, ekspertlər bunun pestisidlərlə bağlı olduğuna inanırlar, çünki sözü gedən təbii yasaqlıqlar dörd tərəfdən kənd təsərrüfatı əkinlərinin əhatəsindədir.

Doktor de Kroon deyib ki, həşəratlar tozlandırıcı və yem olduğundan onların azalması bütöv ekosistemə dağıdıcı təsir göstərir.

Alim deyib ki, "buna səbəb olduğunu bildiyimiz bir sıra fəaliyyətlərə, məsələn pestisidlərdən istifadəyə son qoymalıyıq".

O, həmçinin qorunan təbiət ərazilərinin genişləndirilməsini təklif edib.

Fotonun müəllifi AFP

Kuklalardan ibarət "fahişəxana" açılıb

"The Independent" qəzetində dərc edilmiş məqalə də Almaniya barədədir. Məqalədə deyilir ki, bu ölkədə seks kuklalarından ibarət ilk bordel açılıb.

Elə adı da "Bordoll" (doll kukla və ya gəlincik deməkdir) olan bu fahişəxana Dortmundun qırmızı fanarlı küçələrindən birində 29 yaşlı Evelyn Schwarz adlı qadın tərəfindən açılıb.

Burada 11 silikon kukla saatı 80 avroya "icarəyə" verilir.

Hər birinin çəkisi 30 kiloqram olan kuklaların öz adları və fərqli estetik görünüşləri var.

Schwarz bu kuklaları Asiydan sifariş edib və hər birinə 2340 dollar ödəyib.

Bordoll saytının yazdığına görə, kuklalar "son dərəcə yüksək keyfiyyətə" malikdir.

"Bu xanımlar həqiqətən də nağıllardakı gözəlliyə malikdirlər və "daim xoşqılıq" və "sadəqəlblidirlər" - deyilir internet saytında.

Sayt yazır ki, plastik seks işçiləri ilə seksin reklam edilməsi "razılıqsız seksin" təbliğatı sayıla bilməz və buna görə də kuklalar bəzi "mümkün xidmətləri" "passiv şəkildə" həyata keçirə bilirlər.

11 kuklanın reklamında onların "real", "incə", fantastik" və "canlı" olduğu vurğulanır. Hər bir kuklaya aid məlumatda onun bədən ölçüləri və saç rəngi də göstərilib.

Müştərilərə kuklaları geyindirmək üçün özlərinin aldıqları paltarları gətirmək qadağan olunmur.

Schwarz deyib ki, bu bordel çox populyardır və kuklaların hər biri gündə 12 saat müxtəlif yaşlı kişilər tərəfindən kirayə edilir.

O iddia edir ki, müştərilərin 70 faizi ikinci dəfə buraya baş çəkir.

Elə də olur ki, müştərilərin "tolerant" arvadları kuklalarla seks edən ərlərini küçədə və ya maşında gözləyirlər.

Schwarz bunu da deyir ki, o kuklalardan ən populyarı olan Anna adlı birini bu yaxınlarda yenisi ilə əvəzləməli olub. Buna səbəb müştərilərdən birinin Annanı sıradan çıxarması olub.

"The Independent" yazır ki, xanım Schwarz-ın passiv seks kuklaları seks robotlarından tamamilə fərqlənir. Seks robotlatı danışa, hərəkət edə və toxunuşlara reaksiya göstərə bilən cihazlardır. Bununla belə kukla və robotlarla cinsi əlaqənin etikası arasında fərq yoxdur.

"Sevgi və seks robotları" kitabının müəllifi David Levy deyir ki, robotlar xüsusilə də tənha və utancaq insanlara pozitiv təsir göstərə bilir.

O "Time" jurnalına deyib ki, seks robotları ilə cinsi əlaqələrdə heç bir etik problem görmür.

Əksinə, "canlı robotika" ekspertləri deyirlər ki, seks robotları sevgi aləminə "inqilab" gətirə bilər.