Raqqa: ABŞ koalisiyası "şəhəri yer üzündən silib", Rusiya bildirib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Raqqanı İD-dən alan silhalılar qələbəni qeyd edirlər

Rusiya ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı Suriyanın Raqqa şəhərini, özünü İslam Dövləti (İD) adlandıran qrupa qarşı əməliyyatların gedişində, bombalayaraq "yer üzündən silməkdə" ittiham edib.

Suriya Demokratik Qüvvələri (SDF) ötən həftə Raqqanı və bazar günü Suriyanın ən böyük neft yatağını ələ keçirdiyini bildirib.

Raqqadan alınan son görüntülərə istinadən şəhərin xarabalığa çevrildiyini bildirən Moskva, Raqqanı İkinci Dünya Müharibəsi dövründə Qərb müttəfiqləri tərəfindən məhv edilən Drezden şəhərinə bənzədib.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya mülki əhali üçün riskləri minimumadək azaltmağa çalışdığını bildirib.

Ötən il Hələb şəhərini bombaladığına görə Rusiyanın özü də hərbi cinayət törətməkdə ittiham olunmuşdu.

Hərbi cinayətləri araşdıran BMT müstəntiqləri ötən həftə bildirib ki, Raqqada "dəhşətli sayda" insan həlak olub.

Suriyalı fəallara görə, Raqqada ölən mülkilərin sayı 1,130 - 1,873 arasındadır və onların əksəriyyəti ABŞ koalisiyasının hava zərbələri nəticəsində həlak olub.



Koalisiyanın hava zərbələri kürd və ərəb silahlılarının birləşdiyi SDF qüvvələrinə Raqqanı ələ keçirməyə imkan verib.

Rusiya Müdafiə Nazirliyi Raqqa xarabalıqlarının 1945-ci ildə Drezden şəhərinin düşdüyü vəziyyəti xatırlatdığını bildirib.

"Raqqa 1945-ci ildə ABŞ və Britaniyanın hava zərbələrindən sonra Drezdenin düşdüyü vəziyyəti xatırladır", - general-mayor İqor Konaşenkov deyib.

O, əlavə edib ki, indi Qərb Raqqada törədilmiş cinayətin üstünü ört-basdır etmək üçün, bu şəhərə maliyyə yardımı göndərməyə tələsir .

Fotonun müəllifi Getty Images
Image caption Drezden şəhəri 1945-ci ildə Qərb müttəfiqlərinin hava zərbələrindən sonra belə vəziyyətə düşüb.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya mülki şəxslərə təhlükəni azaldan sərt hədəfləmə prosesləri və prosedurlarına riayət etdiyini bildirib.

Keçən həftə, dörd aylıq döyüşlərdən sonra SDF üç il İD-in nəzarətində olan Raqqanı ələ keçirib.

Bundan sonra SDF həmçinin İD üçün mühüm maliyyə mənbəyi olan əl-Ömər neft yatağını da ələ keçirdiyini deyib.

Bununla İD-ə qarşı mübarizə artıq silahlıların Suriyadaki son dayağı - ölkənin şərqində yerləşən Deyr-ez-Zor əyalətinə yönəlib.

Suriya hərbi qüvvələri də, Rusiyanın hava və İran silahlılarının dəstəyi ilə İD-ə qarşı döyüşə davam edir.

Bu barədə daha geniş