Britaniya mətbuatı: Səudiyyə şahzadəsi ölkəsini "mötədil İslama" qaytarmaq istəyir

Fotonun müəllifi Reuters

Səudiyyə şahzadəsi ölkəsini "mötədil İslama" qaytarmaq istəyir

"The Guardian" yazır ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman öz ölkəsini "mötədil İslama" qaytaracağını bəyan edib.

O mühafizəkar krallığın, öz vətəndaşlarını gücləndirəcək və investorları cəlb edəcək açıq cəmiyyətə çevrilməsi yolunda ölkəsi üçün qlobal dəstək istəyib.

"The Guardian" qəzetinə verdiyi müsahibəsində Səudiyyə taxt-tacının qüdrətli vəliəhdi deyib ki, son 30 ilin ifrat mühafizəkar dövləti normal bir hal sayıla bilməz.

O bildirib ki, İrandakı İslam inqilabına reaksiya olaraq Səudiyyədə təşəkkül tapan sərt doktrinalar ölkənin keçmiş liderlərini çarəsiz vəziyyətə salıb.

Şahzadə, investisiya konfransında Səudiyyə Ərəbistanı, İordaniya və Misiri əhatə edəcək müstəqil iqtisadi zonanın yaradılmasına 500 milyard dollar investisiya qoyacağını elan edib.

O deyib: "Biz G20 ölkəsiyik. Biz üç qitənin arasındayıq. Səudiyyə Ərəbistanını yaxşılığa doğru dəyişdirmək regiona və dünyaya kömək etmək deməkdir. Biz bunu etmək istəyirik. Biz bu işdə hamıdan dəstək gözləyirik".

"Son 30 ildə baş verənlər Səudiyyə Ərəbistanı deyil. Son 30 ildə regionda baş verənlər Yaxın Şərq deyil. 1979-cu ildə İranda inqilab baş verəndən sonra adamlar müxtəlif ölkələrdə bu modeli qurmaq istəyirdilər. Onlardan biri də Səudiyyə Ərəbistanı idi. Biz bilmirdik ki, bunu necə edək və bu problem bütün dünyaya yayılmışdı. Amma indi bu modeldən yaxa qurtarmağın vaxtı çatıb" - deyib Məhəmməd bin Salman.

Şahzadə Məhəmməd deyib ki, biz əslində vaxtilə olduğumuz yerə - mötədil İslama, bütün dünyaya və dinlərə açıq olan İslama qayıdırıq".

Ən emosional çıxış

O bildirib ki, hazırda səudların 70 faizi 30 yaşdan gənc olanlardır və o, ömrünün daha 30 ilini ekstremist düşüncələrə qarşı mübarizəyə həsr etmək istəmir.

"Biz bu zehniyyəti indi və dərhal məhv etməliyik" - deyib şahzadə.

"The Guardian" yazır ki, bu, son altı ayda mədəni və iqtisadi islahatlara başladığını deyən vəliəhdin ən emosional çıxşı olub.

"Belə bir çıxışın nə vaxtsa ediləcəyi son onilliklərdə heç ağla da gəlməzdi", "The Guardian" yazır.

Məqalədə deyilir ki, hazırkı monarxın vəliəhdi olan şahzadə Məhəmmədin bu çıxışı onun öz hakimiyyətini möhkəmləndirdiyi və ona dəstək verməyən ruhani liderləri iqtidardan kənarlaşdırdığı bir vaxta təsadüf edir.

"The Guardian" yazır ki, bu islahatların özəyində uzun illərdir milli xarakteri formalaşdıran mürtəce ruhanilərlə Səud xanədanı arasındakı bağların qırılması durur.

Ölkədə son zamanlar aparılan liberallaşdırma, qadınlara maşın sürmək icazəsinin verilməsi və kişi qəyyumluğunun ləğvi kimi addımlar bu siyasətdən xəbər verir.

Məqalədə deyilir ki, islahatların miqyası və gücü ölkənin yeni tarixində misilsizdir və buna görə də onun mühafizəkarların müqaviməti ilə üzləşəcəyi gözlənilir.

Fotonun müəllifi AFP

Heç olmasa Dubay kimi…

Yeni iqtisadi zonaya gəlincə isə, o Qırmızı dəniz sahili boyunca 470 kilometrlik ərazini əhatə edəcək. Plan buranı qadın və kişilərin eyni çimərlikdə istirahət etdikləri Dubayda olduğu kimi liberal turist məkanına çevirməkdir.

Lakin islahatların yolunda bir sıra obyektiv maneələr dayanır. Bunlar ölkənin neftdən tam asılılığı, iş etikasının qıtlığı və dəyişikliyə münasibətdə ümumi etinasızlıqdır.

Şahzadə müsahibəsində bunu da qeyd edib ki, iqtisadi transformasiya, sosial transformasiyasız mümkün deyildir. Onun fikrincə, üstəlik bu tandemdə sosial transformasiyanın sürətliliyi həlledici amildir.

"The Guardian" yazır ki, krallıqda alkoqol, kino və teatrlar, tanış olmayan kişilər və qadınlar arasında ünsiyyət hələ də qadağandır, lakin bir zamanlar qüdrətli olan dini polisin əl-ayağı yığışdırılıb. Bu qurum daha həbslər həyata keçirməkdən məhrum edilib.

Heç nə olmasa da, pul var

Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanının strateji investisiyalar yaratması və geniş sosial islahatlar həyata keçirməsi üçün nəhəng vəsaitlərə ehtiyacı olacaq.

Səud kral ailəsindən olan nüfuzlu fiqurlardan biri "The Guardian" qəzetinə deyib ki, "uşaqlara ictimai həyat imkanı, əyləncə imkanı verilməlidir. Qadınlar iş yerlərinə öz avtomobillərində gedə bilməlidirlər. Əgər bu baş verməsə, bizi uğursuzluq gözləyir".

Yeni islahatlara görə qarşıdan gələn 10 ildə 5 milyon səudiyyəli ölkənin işçi bazarına gəlməlidir. Lakin bu, rəsmiləri daha böyük bir vəzifə qarşısında qoyur. Bu insanlar üçün iş yerləri hələ yaradılmayıb.

Bu müddətdə iqtisadiyyat neftdən asılılığını minimum azaltmalı, bərpa olunan enerji növləri inkişaf etdirilməlidir.

Bütün bunlar üçün lazım olan pullar var. Ölkənin dövlət ehtiyat fondu 230 milyard dollar vəsaitə malikdir. Aramco dövlət neft şirkətinin 5 faizinin satışa çıxarılması daha bir neçə yüz milyard dollar gətirə bilər.

Fotonun müəllifi AFP

Trump-ı impiçment etmək olar, lazımdır, amma çətindir

"The Independent" qəzetində tanınmış Amerika jurnalisti Michelle Goldberg-in New York Times qəzetində çıxmış məqaləsi dərc olunub.

Jurnalist yazır ki, ötən həftə milyarder donor Tom Steyer 50 ştatda yayınlanmış televiziya reklamı ilə prezident Donald Trump-ın impiçmenti kampaniyasına 10 milyon dollar ayırdığını elan edib.

Bu reklamda deyilir ki, "Trump bizi nüvə müharibəsi uçurumunun ağzına gətirib, FTB-də ədalətin qarşısını alıb, Konstitusiyanı birbaşa pozaraq xarici hökumətlərdən pul alıb və həqiqəti deyən xəbər qurumlarını bağlayacağı ilə hədələyib".

Ekranda görünən Steyer deyir ki, "əgər bunlar, təhlükəli prezidentin impiçmenti üçün əsas deyilsə, onda bizim hökumətimizi nə gözləyir?"

Goldberg yazır ki, bu, çox yaxşı sualdır və seçkili demokratların bəlkə də əksəriyyəti Trump prezidentliyinin dəhşət olduğunu qəbul edir. Amma buna baxmayaraq onların çoxu "impiçment" sözünü dilə gətirmək istəmir.

Məqalədə deyilir ki, avqust ayında keçirilmiş rəy sorğusuna görə partiya elektoratının 72 faizi impiçmenti istəyir. Lakin hökumət məhəllələrində bu sözün işlədilməsi hələ də tabu olaraq qalır.

Trump Madaqaskara getsəydi

Bəzi Konqres üzvləri xüsusi prokuror Robert Mueller-in apardığı araşdırmanın nəticəsini gözləyirlər və ola bilər təhqiqat başa çatanda impiçmentə meyl də güclənəcək.

Amma Michelle Goldberg-in fikrincə, hətta Mueller-in araşdırması başa çatmadan da impiçment üçün kifayət qədər əsas var.

Konstitusiya prezidentlərin "xəyanət, rüşvət və başqa cinayət və qanun pozuntularına görə" impiçmentini nəzərdə tutur.

Məqalədə deyilir ki, Harvard Hüquq Məktəbinin alimi, "İmpiçment: Vətəndaşlar üçün məlumat" kitabının müəllifi Cass Sunstein deyib:

"Konqresin prezidenti impiçment etməsi üçün onun cinayət törətməsi mühüm deyil. Əgər prezident, deyək ki, 6 ay müddətinə Madaqaskara tətilə gedibsə, impiçment oluna bilər. Halbuki Madaqaskara getmək cinayət deyil, amma impiçmentlıik hərəkətdir".

Goldberg yazır ki, "Trump bədbəxtçilikdən Madaqaskara getməyib", lakin hüquq alimlərinin fikrincə, Konstitusiyanın bir neçə mühüm müddəalarını - o cümlədən bəxşişlər barədə qanunu pozub, İsrailin kəşfiyyat məlumatını ruslara verib və başqa qanunsuzluqlar edib.

Buna baxmayaraq konqresmen Brad Sherman-ın impiçment barədə təşəbbüsünə cəmi bir millət vəkili qoşulub.

Demokratlara 2016-cı ildə 91 milyon dollar xərcləmiş Steyer impiçmentin indiyədək niyə baş vermədiyini anlaya bilmədiyini söyləyib.

Clinton-u çoxdan impiçment etmişdilər

Goldberg yazır ki, bir çox millət vəkilləri impiçmentdən, məsələn səhiyyə və təhsil sistemi kimi daha mühüm məsələlərin olduğunu əsas gətirirlər. Digərləri isə Mike Pence administrasiyasının daha bərbad ola biləcəyini düşünürlər.

Məqalədə deyilir ki, hətta 2018-ci ildə demokratlar Konqresdəki çoxluğu ələ alsalar belə, impiçment məsələsi dərhal gündəliyə gəlməyəcək. Bunun üçün ictimai rəyin dəyişməsi lazım olacaq.

Jurnalist hesab edir ki, məhz buna görə də Steyer kampaniyasında bütün hallarda böyük bir fayda var. Çünki o, bir hərəkata başlayır, Trump-ın getməsini ürəkdən istəyən, lakin bunu necə etməyi bilməyənləri bir bayraq altına toplayır.

Məqalədə bu da deyilir ki, impiçment aləti adətən demokratlara qarşı yaxşı işləyir. Müəllifin fikrincə, seçkini Hillary Clinton udsaydı, indi çox güman onun impiçmenti prosesi kəllə-çarxa çatmışdı.

Lakin konqresmen Sherman-ın dediklərində də bir həqiqət var. O deyir ki, Trump-ın özünün impiçment oluna biləcəyini bilməsi də yaxşıdır. Ən azı bu bilik onu bir çox hallarda özünü yığışdırmağa sövq edə bilər.

Fotonun müəllifi AFP
Image caption Foto-Arxiv

Türkiyəli ata "sözə baxmayan qızına görə" Facebook-da intihar edib

"The Mail" qəzeti yazır ki, Facebook-da paylaşılmış dəhşətli bir videopostda qızının onun icazəsi olmadan evləməyə qərar verməsindən sarsılan kişinin tapança ilə intihar etdiyi görünür.

Türkiyənin Kayseri şəhərindən olan Ayhan Uzun Facebook-a canlı çıxdıqdan sonra intihar edib. O gicgahına sıxdığı tapançanın tətiyini çəkənədək bütün ailə üzvlərinə həqarətlər yağdırıb.

Videodakı 54 yaşlı kişi "Salamat qalın, mən getdim" dedikdən sonra üçədək sayaraq tətiyi çəkir.

Videoda Ayhan Uzunun döşəməyə yıxıldığı görünür. O bundan qabaq etdiyi qısa müraciətdə intihar qərarına gəlməsini qızının onun razılığı olmadan ərə getmək niyyəti ilə izah edir.

O videoda deyir: "Mən bu gün canlı yayına çıxmışam. Son vəsiyyətim budur ki, məni bu hala gətirənlər dəfnimə gəlməsinlər".

Evdə tək olan Ayhan Uzun deyir ki, ona qızının nişanlandığı barədə indicə telefonla xəbər veriblər.

"Qızımın həyatında ən xoşbəxt bir gündə onlar mənə zəng edib dedilər ki, "ata sən də məclisə gəl", - deyir cənab Uzun, - Onlar məni saymadılar, kişi yerinə qoymadılar. Qızımın xeyir-duasını mənim əvəzimə qaynatam verib. Bir kimsə demədi ki, bu qızın atası var. Halbuki mən qızımın və ailəmin məni çağıracağını gözləyirdim…"

Ayhan Uzun daha sonra davam edir: "Mənim arvadım zəng edib dedi ki, sənə ayrıca dəvətnaməmi göndərilməliydi?"

"Bəlkə də bəziləriniz bunu şou adlandıracaqsınız, amma mən heç kimin mənim yerimdə olmasını istəməzdim…"

"The Mail" yazır ki, Facebook-da canlı yayım zamanı kişinin dostları və qohumları ona mesaj yazaraq intihar etməməsi üçün yalvarırdılar.

Amma belə görünür ki, Ayhan Uzun bu yalvarışlara qulaq asmayıb və qərarını icra edib.

Məqalədə deyilir ki, polis iş üzrə cinayət araşdırmasına başlayıb.