Britaniya mətbuatı: Tualetə tez-tez getmək təhlükədən xəbər verə bilər

Toilet inside the public convenience at South End Green near Hampstead Heath - 8 August 2009

Britaniya mətbuatı yazır: BBC BMT-yə İrandan şikayət edib, Millətlərin də insanlar kimi axmaqlığı olur, Qadınlar yumurtalıq xərçənginin "görünməz" simptomlarına diqqətli olmalıdırlar.

Image caption BBC-nin fars televiziya kanalı studiyası, 2009-cu il

BBC BMT-yə İrandanşikayət edib

"The Telegraph" yazır ki, BBC 150-dək əməkdaşına qarşı İranda "milli təhlükəsizliyə qəsd" ittihamı ilə başlanmış təhqiqatla əlaqədar bu ölkədən Birləşmiş Millətlər Təşkilatına şikayət edib.

Korporasiya BMT-nin ifadə azadlığı üzrə xüsusi məruzəçisi David Kaye-yə ünvanlanmış şikayətində yazır ki, bu təhqiqatdan əvvəl İranın hakimiyyət orqanları jurnalistləri BBC ilə əməkdaşlıqdan çəkindirmək məqsədilə onlara qarşı "aramsız təhdid və qısnama kampaniyası" aparırdı.

BBC-nin bəyanatında deyilir ki, İran hakimiyyət orqanları BBC Fars xidmətinin 152 indiki və keçmiş, habelə ştatdankənar müxbiri barədə cinayət araşdırması açıb.

Bundan başqa İran hökuməti BBC Fars xidməti əməkdaşlarının mülkiyyəti üzərinə həbs qoyub. Bu isə o deməkdir ki, BBC əməkdaşları İrandakı daşınmaz əmlaklarını, avtonmobillərini sata və ya bağışlaya bilməzlər. Onlar habelə valideyn evləri üçün vərəsəlik etməkdən də məhrum olunublar.

BBC-nin baş direktoru Tony Hall deyib ki, İran hökuməti bu aşkar siyasi motivli hərəkəti ilə BBC-nin 152 əməkdaşına qarşı misli görünməmiş divantutma addımı atıb.

"Bu sadəcə olaraq BBC Fars xidmətinin heyətinə qarşı yox, ümumilikdə təməl insan haqlarına qarşı kampaniyadır və BBC İran hökumətini bu hüquqi hərəkətə dərhal son qoymağa çağırır" - Hall deyib.

BBC-nin Fars xidməti İranda qadağandır və verilişlərini Londondan yayınlayır. BBC bildirir ki, bu xidmətin verilişlərinin bütün farsdilli dünyada 12 milyon dinləyicisi və tamaşaçısı var.

BBC Dünya Xidmətinin başqa dil redaksiyaları kimi Fars xidməti də lisenziya ödənişləri ilə deyil, Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir.

BBC bildirir ki, Fars xidmətinin hazırkı və keçmiş əməkdaşları, uşaqlar da daxil İrandakı qohum və dostlarının saxlanması və dindirilməsi vasitəsilə hədələnir. Bu adamları çox vaxt İranda qadağan edilmiş seksual davranışlarda qondarma yollarla ittiham edirlər.

BBC bildirir ki, onun əməkdaşları nə İranda başlanmış cinayət təhqiqatı, nə də mülkiyyətin dondurulması hərəkətləri barədə xəbərdarlıq almaylıblar. Onlar bu tədbirlərdən yalnız qohumları onların əvəzinə ev satmaq istəyərkən xəbər tutublar.

Fars xidmətinin əməkdaşları və onların ailə üzvlərinin adından şikayət cənab Kaye-yə, habelə BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Asma Cahangirə göndərilib.

İran Xarici İşlər Nazirliyi hadisə ilə bağlı şərh verməyib.

Fotonun müəllifi Rex Features

Millətlərin də insanlar kimi axmaqlığı olur

"The Guardian" yazır ki, məşhur Michael Bloomberg elə bu qəzetdə dərc olunmuş məqaləsində Brexit-i, Trump-ın prezident seçilməsindən sonra hər hansı millətin ikinci ən axmaq hərəkəti adlandırmışdı.

İndi isə jurnalist Gavin Haynes, cənab Bloomberg-ə yarızarafat-yarıciddi tarixi bir cavab məqaləsi yazıb. O qeyd edir ki, Bloomberg İngiltərəni pis tanımamalıdır, çünki onun keçmiş arvadı ingilisdir və qızları da Britaniya pasportu daşıyırlar.

Amma jurnalist razılaşmır ki, Brexit hər hansı millətin yol verdiyi ən axmaq səhvdir.

Məqalədə deyilir ki, əlbəttə, Bloomberg adamların sənaye milyarderləri üçün mükəmməl işləyən bir sistemin əleyhinə niyə səs verdiklərini anlamaya bilər. Bu öz yerində.

Amma tarixdə bundan da axmaq hərəkətlərə yol verilib, yazır Haynes.

Troya atı

Doğrudan da yunanlar 10 illik mühasirəyə sinə gərdikdən sonra niyə bu taxta atı şəhərə buraxmalıydılar?

Bəs nə etməliydilər? Onu rentgen aparatından keçirməliydilər? - deyə sual edir jurnalist.

Kral Vortigern-in muzdluları

Britlərin 5-ci əsrdə padşahı olmuş kral Vortigern böyük bir problemlə üzləşmişdi.

Yadelli pikt işğalçıları ölkəyə tez-tez hücum edirdilər. Buna görə də kral onları qovmaq üçün asan bir yol tapmalıydı və tapdı. O sakson muzdlularını dəvət etdi.

Çox sayda saksonu. Amma sən demə ucuz xarici əməkçilərin də öz problemi var imiş.

İngiltərənin şöhrətini görən saksonlar öz dostlarını bu ölkəyə qonaq çağırdılar. Beləcə Vortigern-in ölkəsi işğal olundu.

Birmanın doqquzları

"Birmanın stalinçi prezidenti Ne Vinin sevimli rəqəmi vardı. Bizim hamımızın sevimli rəqəmi ola bilər, deyilmi?" - yazır Haynes.

O, 1987-ci ildə qərara gəldi ki, dəyəri bu rəqəmə bölunməyən bütün əskinasları ləğv etsin.

Beləliklə, dövriyyədə yalnız 45-lik və 90-lıq kyat pulları qaldı. Bəli, onun sevimli rəqəmi 9 idi.

Nəticədə insanların ömür boyu yığdığı əmanətlər batdı. Milli xaos başlandı. Beləliklə Aun San Su Kinin milli müqavimət hərəkatı başlandı.

Konfederasiyanın pambığı

Amerika vətəndaş müharibəsinin başlanğıcında cənubun qalib gələcəyi gözlənilirdi. Çünki bu torpaqlar elə indi olduğu kimi o vaxt da aqrar sənayenin əsasını təşkil edirdi.

Cənubluların mübarizəsinin əsas məqsədi qulları və quldarlığı saxlamaq idi.

Amma onlar Avropa ölkələri tərəfindən diplomatik tanınmanın xətrinə özlərinin bir nömrəli məhsulu olan pambığın ixracına qadağan qoydular.

Beləcə konfederatların iqtisadiyyatı suya düşmüş pambıq kimi zay oldu.

Majino xətti

Jurnalist yazır ki, fransızlar İkinci Dünya Müharibəsinin başlanğıcında ölkəni Hitlerin tanklarından qorumaq üçün büdcənin yarısını bütün Almaniya sərhədi boyunca müdafiə hasarına xərcləmişdilər.

Amma heç düşünməmişdilər ki, almanlar Belçikadan keçib gələcəklər.

Fotonun müəllifi Science Photo Library

Tualetə tez-tez getmək təhlükədən xəbər verə bilər

"The İndependent" qəzeti yazır ki, qadınların yalnız 1 faizi tez-tez ayaqyoluna getmək ehtiyacının yumurtalıq xərçənginin simptomlarından biri olduğunu bilir.

Target Ovarian Cancer xeyriyyə təşkilatının apardığı rəy sorğusu göstərib ki, bu xəstəliyin qarın ağrısı və köp kimi simptomlarına da İngiltərə qadınlarının əksəriyyəti məhəl qoymur.

Sorğuda iştirak etmiş 1000 qadından yalnız 200-ü tez-tez köpmənin simptom ola biləcəyini söyləyib.

The Royal Marsden xəstəxanasının ginekoloji onkologiya cərrahı John Butler-in firkincə, əsas problem bundadır ki, yumurtalıq xərçənginin çox qeyri-spesifik simptomları var.

Həkim "The Independent" qəzetinə deyib ki, bu simptomları ayda 12 dəfə hiss edən qadınlar mütləq həkimə müraciət etməlidirlər.

Buna baxmayaraq 2009-cu ildə aparılmış bir araşdırma göstərib ki, tualetə tez-tez getmək ehtiyacı duyan hər 1000 qadından yalnız iki və üçündə yumurtalıq xərçəngi aşkar edilib.

2016-cı ildə keçirilmiş Yumurtalıq Xərçəngi Maarifləndirmə Aylığında açıqlanmış rəqəmlər Birləşmiş Krallıqda hər il bu xəstəlikdən 4100 ölüm halının olduğunu göstərib.

"The Independent" yazır ki, qadınlarda döş, ağ ciyər və bağırsaq xərçəngindən sonra dördüncü ölüm səbəbi olan yumurtalıq xərçəngi halını orta hesabla hər sahə həkimi beş ildə bir dəfə aşkar edir.

Simptomların başqa xəstəliklərlə ümumi olması səbəbilə qadınların əksəriyyəti artıq iş-işdən keçənədək diaqnozsuz qalır.

Qadınların yalnız 4 faizi simptomlarının yumurtalıq xərçəngindən xəbər verdiyinə əmindir.

Belfastdakı Kraliça Universitetinin kliniki mühazirəçisi doktor James P Beirne deyir ki, xəstəlik bir çox hallarda ümumiyyətlə simptomsuz inkişaf edir.

O "The Independent" qəzetinə deyib ki, bəzi qadınlar onlara diaqnoz qoyulduqdan sonra hiss etdikləri simptomları yada salırlar.

Ən kədərlisi isə budur ki, ölüm hallarının artmasına baxmayaraq, bu növ xərçəngin tədqiqatlarına ayrılan vəsaitlər son beş ildə 34 faiz azalıb.

Bununla belə, həkimlər bildirirlər ki, başqa qadın xərçəngləri sahəsində böyük elmi irəliləyişlər baş verib.

İndi daha çox qadın döş xərçəngindən salamat qurtarır. Amma yumurtalıq xərçəngi üçün belə irəliləyşə nail olmaq mümkün olmayıb.