Kataloniya böhranı: Carles Puigdemont "parlament seçkilərində iştirak edə bilər"

Carles Puigdemont, 28 October Fotonun müəllifi Reuters
Image caption Puigdemont Madridin hərəkətlərini "əvvəlcədən hazırlanmış təcavüz" adlandırıb.

İspaniya höküməti bildirib ki, Kataloniyanın vəzifəsindən kənarlaşdırılmış lideri Carles Puigdemont yeni seçkilərdə iştirak edə bilər və İspaniya höküməti bunu alqışlayacaq.

Madriddəki mərkəzi hökumət Kataloniya parlamentinə yeni seçkiləri dekabr ayına təyin edib.

Kataloniya parlamenti müstəqillik lehinə səs verdikdən sonra İspaniya hökuməti bu regiounun muxtariyyətini ləğv edib.

Carles Puigdemont "demokratik müxalifəti" Madridin birbaşa idarəçilik yürütmək səylərinə dirənmə nümayiş etdirməyə çağırıb.

O, Kataloniyanın muxtariyyətinin dondurulmasını pisləyib, və "azad ölkə quruculuğu istiqamətində" səylərini davam etdirəcəyini vəd edib.

Kataloniyanın paytaxtı Barselonada bazar günü müstəqillik əleyhinə nümayişin keçiriləcəyi gözlənilir.

Şənbə günü Madriddəki mərkəzi hökümət Kataloniyanın muxtariyyətinin ləğv edildiyini və bölgənin birbaşa idarəçilik altına keçdiyini elan edib.

Kataloniyanın yeni rəhbəri İspaniya Baş nazirinin müavini Soraya Saenz de Santamaria təyin olunub.

Kataloniya polisi də İspaniya Daxili İşlər Nazirliyinin tabeçiliyinə verilib, Kataloniya polisinin rəhbəri isə vəzifəsindən kənarlaşdırılıb.

Madriddə İspaniya hökümətinin sözçüsü Íñigo Méndez de Vigo deyib ki, vəzifəsindən kənarlaşdırılmasına baxmayaraq, Carles Puigdemont siyasi fəaliyyətini davam etdirmək və seçkidə iştirak etmək hüququna malikdir.

Bundan əvvəl isə, şənbə günü region sakinlərinə ünvanladığı müraciətində Carles Puigdemont İspaniya hökümətinin son addımlarını Kataloniyaya qarşı "düşünülmüş təcavüz" kimi səciyyələndirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş