Britaniya mətbuatı: Türkmənistan lideri indi də qolf heyranı olub

Türkmənistan lideri indi də qolf heyranı olub

"The Guardian" yazır ki, Türkmənistanın diktator prezidenti bu vaxtadək bir neçə sahədə - yazıçılıqda, atçılıqda, müğənnilikdə və sairdə fitri istedadlarını nümayiş etdirib və indi ölkənin dövlət televiziyasının xəbərlərinə inansaq, o həm də yüksək səviyyəli qolf ustası imiş.

Şəxsiyyətinə ifrat pərəstiş yaradılmış Qurbanqulı Berdımuxammedov bu yaxınlarda qolf əfsanəsi Jack Nicklaus-a ölkə paytaxtı Aşqabadın ətraf rayonlarından birində qolf kursunun tikintisini sifariş etmişdi.

Altın Asır telekanalında və Azadlıq radiosunda dərc olunmuş videoda "küləkli havaya baxmayaraq xalqımızın liderinin kürəni 75 metrdən çalaya saldığı" iddia edilir.

Amma sözü gedən videolarda millətin liderinin o məsafədən kürəni çalaya salmasının təfərrüatları görünmür. Görünən yalnız Berdımuxammedovun şarı çox əziyyətsiz və yavaş zərbə ilə vurmasıdır.

Lakin kamera, tez bir şəkildə, alqışlayan və çəpik çalan kütləni, bunun ardınca isə şəxsən Niklausun təbriklərini qəbul edən prezidenti göstərir.

Məqalədə deyilir ki, ABŞ qolferi Nicklaus Design bütün dünya boyunca yüzlərlə qolf kursu düzəldib, lakin onun türkmən sifarişinə xüsusi diqqətlə yanaşdığı bildirilir.

Şöhrətli pensiyaçı deyilənlərə görə kursun tikintisi vaxtı Türkmənistana 6 səfər edib və hər dəfə də liderlə şəxsən görüşüb.

Keçmiş diş həkimi Berdımuxammedov 2006-cı ildən Türkmanıstan prezidentidir, çox sayda insan haqları pozuntularına imza atıb və onun ölkəsi dünyanın ən qapalı ölkələrindən biridir

Berdımuxammedovun qızıldan tökülmüş atlı heykəli paytaxtın mərkəzini bəzəyir.

Hökumət nəhəng qaz yataqlarından gələn milyardlarla dollar gəliri nəhəng, amma lüzumsuz və dəbdəbəli layihələrə xərcləyir.

Bəzi məlumatlara görə sentyabr ayında keçirilmiş Asiya Döyüş Oyunları çempionatına 5 milyard dollar xərclənib.

Amma indi Berdımuxammedovun təzə heyranlığının obyekti qolfdur.

Hərçənd pensiyaçı Nicklaus müxbirlərin siuallarına cavab verərkən qolf kursunun prezidentin nəyinə lazım olduğunu bilmədiyini deyib. Beləki Türkmənistandakı 2500 əcnəbidən başqa qolfa həvəs göstərən kimsə yoxdur.

Amma Berdımuxammedov Niklausa deyib ki, o ölkəsinin hər vilayətindəki insanları qolf kursu ilə sevindirməyi düşünür.

Nicklaus Design şirkətinin sözçüsü "The Guardian" qəzetinin çoxsaylı sorğularına cavab verməyib və buna görə də Berdımuxammedovun bu yeni hobbisinə nə qədər xərcləməsi barədə sual açıq qalıb.

Qəzet həm də liderin kürəni 75 metrdən çalaya salmasının təfərrüatları ilə maraqlanmaq istəyirdi.

Bu ilin əvvəllərinfə Türkmənistanın dövlət mediası yazırdı ki, Donald Trump yeni qolf meydanı ilə bağlı Berdımuxammedovu təbrik edib və əslində Nicklausu Türkmənistan liderinə o məsləhət görübmüş.

"Mənim dostum Jack Nicklaus Aşqabada səfərdən yenicə qayıdıb və mənə Türkmənistanın gözəllikləri və türkmən xalqının qonaqpərvərliyindən bəhs edib" , deyib Trump Türkmənistan mediasının iddiasına görə.

"The Guardian" yazır ki, Berdımuxammedovun qolf göstəricisi hələlik Şimali Koreya lideri Kim Yong İlin göstəricisindən geridə qalır.

Kimin cangüdənlərinin dediyinə görə onların lideri kürəni çalaya 100 metrdən salıb.

Russia Today Tvitteri ittiham edir

Rusiya RT telekanalı Twitter-in seçki reklamları üçün ona verdiyi təklifin mətnini dərc edib.

Bu mətndən sosial media şirkətinin 2016-cı ilin ABŞ seçkisi ərəfəsində milyonlarla dollar qazanmaq məqsədilə Rusiyanın bu dövlət mediasına reklam təklifi verdiyi görünür.

Bu təklif mətni dərc olunandan bir gün əvvəl Tvitter keçmiş adı Russia Today olan RT şəbəkəsindən maliyyələşdirilən heç bir reklamı verməyəcəyini elan etmişdi.

Tvitter bu qərarını onunla əsaslandırıdı ki, ABŞ millət vəkillərinin fikrincə RT və Sputnik şəbəkələri seçkiyə təsir göstərmək məqsədi ilə çox sayda siyasi reklam alıb və onlardan Amerika xalqı arasına ədavət salacaq mövzuların qaldırılmasında istifadə edib.

Amma indi belə görünür ki, reklam satışı üçün təşəbbüs əslində Rusiya medialarından yox, Tvitterin özündən gəlib. RT-nin dərc etdiyi mətndən Tvitterin bu mediyaya reklam satmaq üçün necə canfəşanlıq etdiyi təsəvvürü yaranır.

Bu son xəbər ABŞ hökumətinin Facebook, Google və Tvitter-in Rusiya qurumlarına siyasi reklam satmasının səbəblərini araşdırdığı bir vaxta təsadüf edir. Bu üç şirkətin nümayəndələri noyanbrın 1-də ABŞ Konqresi və Senatında millət vəkillərini maraqlandıran suallara cavab verməli olacaqlar.

Sentyabr ayında Facebook Rusiyadan qaynaqlanan təsir əməliyyatının onun reklamlarına 100 min dollar xərclədiyini aşkar etdiyini bildirmişdi. Tvitter və Google şirkətləri də buna bənzər açıqlamalar vermişdi.

Bu reklamlara xərclənən pulun məbləği nisbətən az olsa da, sosial media şirkətlərinin siyasi reklam satışı üçün məsuliyyəti məsələsini gündəmə gətirib.

George Washington Universiteti Media və İctimai İşlər Məktəbinin professoru David Karpf deyib ki, o bu rəqəmsal reklamların seçki nəticəsinə ciddi təsir göstərdiyinə o qədər də inanmır.

Amma buna baxmayaraq alim əlavə edib: "Watergate otelinə girən adamlar seçkinin nəticəsinə təsir göstərməmişdilər, amma buna cinayətkar bir şəkildə cəhd edilməsinin aşkarlanması prezidentliyi bitirimişdi".

Bu həftə Tvitter və Facebook öz platformalarında reklam verilməsi işini şəffaflaşdıracaqlarını elan ediblər.

Twitter ötən cümə günü elan edib ki, öz platformasında "şəffaflıq mərkəzi" yaradacaq. İctimaiyyət bu mərkəzdən hansı reklamların satıldığı, hansı müddətdə istifadə olunduğu və onların mətnləri barədə informasiya ala biləcək.

Bundan başqa spesifik namizdələrin adını çəkən siyasi reklamların hansı təşkilatlar tərəfindən maliyyələşdirildiyi, bu reklama nə qədər pul xərcləndiyi də açıqlanacaq.

Belə reklamlar Tvitterdə çap olunduqda onların üstündə siyasi hesabdan maliyyələşdirildiyinə dair məlumat olacaq.

Ötən cümə günü Facebook da buna bənzər bəyanat verərək bildirib ki, siyasi reklamları verənlərin kimliyi və yeri soruşulacaq. Kimlik və məkan dəqiqləşdirildikdən sonra bu reklamların baş tərəfində ödənişli olduğu barədə məlumat veriləcək.

Facebook habelə ictimaiyyətə onun Messenger və Instagram kimi platformalarında verilən reklamların görülməsinə imkan yaradacaq.

Karpf şəffalıq tədbirlərini "ilk yaxşı addım" adlandırıb, lakin deyib ki, siyasi reklamlama sahəsinin tənzimlənməsi üçün daha çox tədbirlərin görülməsi zəruridir.

Lakin Virginia Universitetinin media araşdrmaları professoru Siva Vaidhyanathan deyib ki, şəffalıq aləti problemin kökünü həll eytmir.

Onun sözlərinə görə bu platformların dizaynı onlardan millətçi, antidemokratik və avtoritar qrupların öz məqsədləri üçün istifadə etməsinə imkan yaradır.

Professorun sözlərinə görə hədəfli reklamların üzərinə ciddi qadağanlar qoyulmalıdır, lakin ABŞ hökuməti çətin belə bir addım atsın.

Problemin bir hissəsi də bundan ibarətdir ki, siyasi reklamlarla siyasi reklam mahiyyəti daşıyan postları çox vaxt bir-birindən ayırmaq mümkün olmur, çünki onlar eyni post xəttində verilir.

"Məsələ burasındadır ki, reklam alanların hamısı müəyyən missiya və dəyərlərə, reklam satan platformaların sahibləri isə başqa dəyər və məqsədlərə malikdirlər və onların heç biri bunda problem görmür" - deyib ekspert.

Əlaqəli mövzular