New York hücumu: Şübhəli özbək kimdir?

Sayfullo Saipov Fotonun müəllifi ST CHARLES COUNTY POLICE DEPT
Image caption ABŞ mediası şübhəlinin Sayfullo Saipov olduğunu bildirirb - foto 2016-cı ildə çəkilib.

ABŞ mediası Sayfullo Saipovu New York-da çərşənbə axşamı günü törədilmiş yük avtomobili hücumunun əsas şübhəlisi adlandırıb.

Hücum nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.

Güman edildiyinə görə, ABŞ-a Özbəkistandan 2010-cu ildə gəlmiş Saipov ölkədə qanuni qalıb.

Məlumatlara görə, 1988-ci il təvəllüdlü Saipov, ona ABŞ-da işləməyə imkan verən yaşıl kart əldə edəndən bəri Ohio, Florida və New Jersey ştatlarında yaşayıb.

ABŞ-da yaşayan özbək ruhani fəal və bloqer Mirrakhmat Muminov BBC-ə deyib ki, evli və üç uşağı olan Saipov ABŞ-a gəldikdən sonra internetin təsiri altında radikallaşıb və beləcə aqressiv bir şəxsə çevrilib.

"Onun yaxşı təhsili olmayıb, ABŞ-a gələnədək Quranı bilməyib, - Muminov deyib. - Bura təzə gələndə normal bir adam olub".

Muminovun sözlərinə görə, sürücü işinə düzələ bilməməsi Saipovu məyus edib, o, dost-tanışdan uzaqlaşıb, daha acıqlı və qəzəbli olub.

"Radikal baxışları səbəbindən digər özbəklərlə tez-tez mübahisə edirdi və sonra Floridaya köçdü, - Muminov əlavə edib. - O vaxtdan onunla əlaqəm kəsilib".

Ötən il yol hərəkəti cəriməsinə görə Saipov Missouri-də həbs olunmuşdu.

New York Times qəzetinin yazdığına görə, Saipov ABŞ-a gəldiyi vaxt ingilis dilini pis bilib və yük avtomobili və ya Uber taksi sürücüsü kimi özünə iş axtarıbmış.

"Mən onu bir yaxşı adam kimi tanıyırdım", - özbək immiqrant Kobiljon Matkarov deyir.

O, Saipovla Floridada bir neçə il bundan əvvəl görüşüb.

"O, ABŞ-ı bəyənirdi. O, bəxti gətirmiş, işləri qaydasında olduğu və hər şeydən razı qalan kimi görünürdü. O, terrorçuya bənzəmirdi", - Matkarov qəzetə bildirib.

Fotonun müəllifi Getty Images
Image caption Sayfullo Saipov-un Floridada qaldığı mənzilin eyvanı.

Washington Post qəzetinin məlumatına görə, Saipovun aldığı güllə yaraları ölümcül deyil.

Odur ki, müstəntiqlərin onu dindirmək və motivlərini bilmək imkanı olacaq.

Güman edildiyinə görə, Saipov özünü İslam Dövləti (İD) adlandıran qrupdan ilhamlanmış, lakin hücum törətmək barədə İD-dən birbaşa təlim almayan bir şəxs - "tənha canavar" kimi hücum edib

New York qubernatoru Andrew Cuomo mətbuat konfransında bildirib ki, geniş bir qəsdin olduğunu düşünməyə əsas verə biləcək sübut yoxdur.

"Bu, ağrı, zərər və mümkündür ki, qətl törətmək istəyən bir fərdin hərəkəti olub", - Andrew Cuomo deyib.

Güc strukturlarına istinadən ABŞ mediyası yazır kı, Saipovun idarə etdiyi yük avtomobilində İD- barədə bir qeyd tapılıb. Digər xəbələrdə deyilir ki, hücumçu hücumdan sonra maşınından çıxanda "Allah Əkbər" sözlərini qışqırıb.

Son zamanlar Saipovun yaşadığı yer Paterson, New Jersey olub. Həmin yer hücum baş verən ərazidən 40km şimal-qərbdə yerləşir.

New York Times-ın məlumatına görə, şəhərdə 25,000-30,000 arası müsəlman yaşayır, bu isə New York City ərazisində müsəlmanların ən sıx yaşadığı ərazilərdən biri deməkdir.

Özbəkistan Xarici İşlər Nazirliyi, məlumatlara görə, Saipovun özbək köklərini yoxlayır.

Son 20 il ərzində Özbəkistanda İslam ekstermizminə qarşı sərt xətt yürüdülüb.

Prezident Trump hücumu törətmiş şəxsi "başıxarab", "ruhi xəstə" adlandırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş