New York hücumu: 5 suala cavab

Nyu York Fotonun müəllifi Reuters
Image caption New York-da pikapın velosiped yoluna girməsi nəticəsində azı 8 adam ölüb, 11 nəfər ciddi yaralanıb

New York-da çərşənbə axşamı günü baş vermiş avtomobil hücumunda həlak olanlar arasında beş argentinalı dost olub.

Pikapın velosiped yoluna girməsi nəticəsində azı səkkiz adam ölüb, 11 nəfər ciddi yaralanıb.

Maşınını Lower Manhattan-da velosiped cığırına sürən 29 yaşlı özbək mühacirinə polis atəş açıb. O yaralanıb və həbs edilib.

Rəsmilər olayı terror kimi qiymətləndirirlər.

ABŞ mediası sürücünün 2010-cu ildə Amerikaya gəlmiş Sayfullo Saipov olduğunu yazır.

Avtomobilindən çıxarkən onun "Allahu Əkbər" qışqırdığı deyilir.

Nəqliyyat vasitəsindən özünü İslam Dövləti (İD) adlandıran hərbi birləşməyə aid qeyd tapılıb, CBS News hüquq-mühafizə orqanlarına istinadən xəbər yayır.

Saxlanmış şəxs xəstəxanaya yerləşdirilib.


Həmçinin oxuyun:


Hücumda həlak olanlar kimlərdir?

Argentina xarici işlər nazirliyi hücumda beş argentinalının ölümünü təsdiqləyib. Həlak olan dostlar mərkəzi Argentinanın Rosario şəhərində yerləşən politexnik kollecini bitirmələrinin 30 illiyini qeyd etmək üçün New York-a birlikdə səyahət ediblər, Argentina mediası bildirir.

La Nacion qəzeti yazır ki, həlak olanlardan biri, dəmir istehsalı şirkəti sahibi Ariel Erlij dostlarının New York-a səyahət xərclərini ödəyib.

Argentina xarici işlər nazirliyi 48-49 yaşlı həlak olan argentinalıların adlarını açıqlayıb - Hernan Diego Mendoza, Diego Enrique Angelini, Alejandro Damian Pagnucco, Ariel Erlij Hernan Ferruch.

Dostlardan biri, Martin Ludovico Marro xəstəxanaya yerləşdirilib.

Rosario şəhərində üç günlük matəm elan olunub.

Belçika xarici işlər naziri isə hücumda bir Belçika vətəndaşının həlak olduğunu, üç nəfərin isə xəsarət aldığını deyib.

Hücumda həlak olan digər iki nəfərin şəxsiyyəti barədə məlumat yoxdur.


Hücum necə baş verib?

New York Polis Departamenti rəsmisi James O'Neill bildirib ki, yaralılar ciddi xəsarət alıb, ancaq "həyatlarına təhlükə yoxdur".

James O'Neill olayla bağlı əldə etdiyi məlumatları belə təsvir edib:

  • Yerli vaxtla saat 3-də "Home Depot" pərakəndə mağazadan kirayə edilmiş pikap piyada və velosipedçiləri vurub.
  • Nəqliyyat vasitəsi daha sonra məktəb avtobusuna çırpılıb və dayanıb. İki uşaq və iki böyük yaralanıb.
  • Sürücünün əlində iki tapança görünüb.
  • Polis onu yaralayıb.
  • Hadisə yerindən peyntbol və pnevmatik tapançalar aşkar edilib.

Eugene adlı şahid pikapın sürətlə West Side küçəsinin velosiped yolu ilə sürdüyünü və bir neçə insanı vurduğunu ABC Kanal 7-ə deyib.

O həmçinin 9-10 silah atəşi səsini eşitdiyini bildirib.



Fotonun müəllifi CBS
Image caption ABŞ mediası yazır ki, sürücü 2010-cu ildə Amerikaya gəlmiş Sayfullo Saipov adlı mühacirdir

Hücumu törədən kimdir?

New York şəhəri polis departamenti yalnız hücumu törədənin 29 yaşı olduğunu bildirib.

Lakin ABŞ mediası onu Florida ştatının Tampa şəhəri və New Jersey ştatının Paterson şəhərində yaşayan Sayfullo Saipov olduğunu deyir.

O, ABŞ-a Özbəkistandan 2010-cu ildə gəlib ölkədə qanuni olaraq məskunlaşıb, məlumatda qeyd edilir.

Uber onun, şirkətin sürücüsü olduğunu təsdiqləyib.

Üç rəsmi, hücuma əlaqəsi olmayan başqa bir araşdırma nəticəsində cənab Saipov-un federal hakimiyyətin diqqətini cəlb etdiyini deyiblər, New York Times qəzeti yazır.

Polis məlumat bazası onun keçən il Missouri ştatında ödənməmiş cəriməyə görə həbs edildiyini göstərib.

Özbəkistanın prezidenti Şavkat Mirziyoyev ABŞ prezidenti Donald Trump-a ölkəsinin bu hücumu araşdırmaqda "bütün qüvvə və resurslardan" istifadə etməyə hazır olduğunu deyib.

Lakin Özbəkistan rəsmiləri hələ hücumu törədən şəxsin şəxsiyyətini və ya vətəndaşlığını təsdiqləməyiblər.


Hücuma nə reaksiyalar olub?

Prezident Donald Trump Twittter-də yazıb:

  • "Görünür ki, New York şəhərində çox xəstə və dəli adam tərəfindən növbəti hücum törədilib. Hüquq-mühafizə orqanları bunu yazından araşdırır. BU ABŞ-da BAŞ VERƏ BİLMƏZ!"
  • "Biz İŞİD-i [İslam Dövləti] Yaxın Şərqdə və digər yerlərdə məğub etdiyimizdən sonra ölkəmizə qayıtmağa və daxil olmağa imkan verməməliyik. Bəsdir!"
  • "New York şəhəri terror hücumu qurbanları və ailələrinə baş sağlığı arzulayıram. Düşüncələrim və dualarım olarladır. Allah və sizin ölkəniz sizinlədir!"

Cənab Trump həmçinin Extreme Vetting Program-nın (Sərt Yoxlama Proqramının) daha fəal işləməsinə əmr verdiyini deyib, lakin bu barədə daha ətraflı məlumat paylaşmayıb.

Prezident Trump mühacirlərin "sərt yoxlanmasını" istədiyini ilk dəfə keçən ilin avqust ayında, prezidentlik kampaniyası ərəfəsində deyib. Prezident seçildikdən sonra, o bir çox əsasən müsəlman ölkələrdən ABŞ-a səyahətləri qadağan edib. Bu fərmanın icrası dondurulub, lakin bir neçə həftəyə ali məhkəmə tərəfindən müzakirə ediləcək.

American Civil Liberties Union vətəndaş hüquqları təşkilatı "sərt yoxlama"nın "müsəmanlara qarşı ayrısçkiliyi" gizlətmək üçün uydurulmuş bir kəlimə olduğunu deyib.

New York meri Bill de Blasio deyib ki, bu, "günahsız sakinlərə yönəlik qorxaqcasına törədilmiş terror aktıdır".

O əlavə edib:

"Bilirik ki, bu hərəkət ruhumuzu sarsıtmağa yönəlib. Amma biz onu da bilirik ki, New York-lular güclüdürlər, nyu yorklular möhkəmdirlər və hər hansı zorakılıq və bizi qorxutmaq üçün edilən hərəkətlər ruhumuzu sındıra bilməz".



Şahidlər nə deyir?

Kompüter elmi üzrə tələbə olan 23 yaşlı Babatunde Ogunniyi hücuma şahid olub və gördüklərini BBC ilə paylaşıb.

"Biz sadəcə kollecin önündə oturmuşduq və bir maşının sürətlə yüksək motorlu səslə bir yandan o yana dönərək gəldiyini gördük. O, saatda 40 mil (64 kilometr) sürət həddi olan izdihamlı bir yerdə, yəgin ki, saatda 60-70 mil (təxminən 100-115 kilometr) sürətlə gedirdi."

"O iki nəfəri vurdu, mən bunu gördüm. Sonra o səki və velosiped yolu ilə sürməyə davam etdi. O bir məktəb avtobusunu vurdu və kəskin sola döndü."

"Nəyin baş verdiyi görmək üçün insanlar maşına tərəf qaçmağa başladılar və atəş səsləri gəldi. İnsanlar əks itisqamətdə qaçmağa başladılar."

"İnanılmaz bir səhnə idi, mən gözlərimə inanmırdım. Heç kəs nə baş verdiyini bilmirdi. Əvvəl bu bir qəzaya bənzəyirdi", o, izah edib.

O, hər kəsin çaşdığını və nə etmək lazım olduğuna qərar verə bilmədiklərini deyib.

"Biz hələ bilmirdik ki, vurulan insanlar ölmüşdü. Biz bilmirdik ki, hakimiyyətə və ya təcili yardım xidmətlərinə zəng edək, yoxsa gizlənməyə çalışaq", o, əlavə edib.

"Daha sonra biz gördüyümüz iki nəfərdən də çox insanın öldüyü öyrəndik."

"Biz sadəcə anlamaq istəyirik ki, niyə bu adam maşını ilə insanları vurub məktəb avtobusuna üzərinə sürüb."

"Bunun heç bir məntiqi yoxdur, dəlilikdir", o, deyib.

Bu barədə daha geniş