Nyu York hücumu: Saipov ifadəsində nə deyib?

Sayfullo Saipov Fotonun müəllifi ST CHARLES COUNTY POLICE DEPT
Image caption Sayfullo Saipov hücumu iki ay öncə planlaşdırdığını bildirib

Nyu York Federal prokurorluğu kiçik yük maşınını velosiped yoluna sürərək azı 8 adamın ölümünə səbəb olmuş şəxsə rəsmi ittiham elan edib. O, 8 adamın ölümündə və özünü İslam Dövləti adlandıran hərbi qruplaşmaya yardım etməkdə təqsirləndirilir.

Həftənin ikinci günü, günortadan sonra baş verən hücum zamanı 29 yaşlı, üç uşaq atası Sayfullo Saipov polisin açdığı atəş nəticəsində yaralanıb və hazırda xəstəxanada müalicə alır.

Sayfullo Saipov öz əleyhinə ifadə verməmək hüququndan imtina edərək istintaqçıların suallarını cavablandırıb, rəsmilər bildiriblər.

Oktyabrın 31-də törədilən hücumda 6 nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada vəfat edib. Yaralanan 12 nəfərdən 9-u hələ də xəstəxanadadır.

Federal məhkəmənin iddiaları:

  • Sayfullo Saipov hücumu iki ay öncə planlaşdırdığını bildirib.
  • O deyib, Halloween bayramını qəsdən seçib ki, küçələr qələbəlik olsun.
  • Sayfullo Saipov istəyib ki, özünü İslam Dövləti adlandıran hərbi qruplaşmanın bayrağını idarə etdyi maşına taxsın, amma sonra qərara alıb ki, adamların diqqətini özünə cəlb etməsin.
  • Təhqiqatçılar onun mobil telefonundan İD-nə aid 90 zorakılıq qrafika və videosu tapıblar.
  • Sayfullo Saipov, xüsusilə, İD lideri Abu Bakr al-Baghdad-nin İraqda baş vermis ölümlərə görə müsəlmanların necə qisas almalı olduğu müraciətindən ruhlanıb, - o, ifadəsində bildirib.

Federal Təhqiqatlar Bürosu Saipov-dan şübhələnibmiş

Nyu York polis komissarının müavini John Miller reportyorlara bildirib ki, "Sayfullo Saipov İD-in sosial mediada əvvəllər paylaşdığı "T" adlı təlimata dəqiq əməl edib", bu təlimatda belə hücumların necə həyata keçirilməsindən bəhs olunur.

Təhqiqatçılar hücumla bağlı 32 yaşlı başqa bir şəxsi axtarıblar. O, 32 yaşlı özbək əsilli Mukhammadzoir Kadirov-dur. Federal Təhqiqatlar Bürosu artıq bu şəxsi tapdıqlarını açıqlayıb, ancaq təfərrüata varmayıb.

CBS News təhlükəsizlik orqanlarındakı mənbəyə əsasən bildirib ki, Sayfullo Saipovun adı Federal Təhqiqatlar Bürosunun əks-terrorizmlə bağlı 2015-ci ildə apardığı təhqiqata düşüb.

CBS Newsin mənbəsi iddia edib ki, Sayfullo Saipovun radikal-ekstremist sayılan şəxslərlə əlaqəsi olub, onlardan biri də özbək imiş. Amma məlum deyil ki, araşdırılan şəxslər xaricdə, ya ABŞ-da yaşayırlar.

Fotonun müəllifi Social Media
Image caption (soldan sağa) Hücumda həlak olan argentinalı Alejandro Damián Pagnucco, Ariel Erlij və Hernán Ferrucci

Sayfullo Saipovun hücumu nəticəsində həlak olanların 5-i argentinalıdır. Onlar Argentina vətəndaşı kolleci bitirmələrinin 30 illiyini qeyd etmək üçün Nyu Yorka gəliblərmiş.

Həlak olanlar arasında 31 yaşlı belçikalı Anne-Laure Decadt da var.

Digər ölən iki amerikalının şəxsiyyəti isə hələ müəyyənləşdirilməyib.

Bu barədə daha geniş