Britaniya mətbuatı: Çar Nikolaydan sonra inqilab olmuşdu. "Çar Putindən" sonra nə olacaq?

Fotonun müəllifi AFP
Image caption "Economist": Çar kimi Putin də Rusiyada patronajlardan ibarət hakimiyyət piramidası qurub

"Economist" yazır ki, Vladimir Putin 17 il bundan əvvəl prezident olandan bəri onun Rusiya üzərindəki hakimiyyəti həmişə olduğundan daha güclüdür.

Rusiyaya hələ də post-Sovet ölkəsi kimi baxan Qərb hesab edir ki, Putin Stalindən sonra bu ölkənin ən qüdrətli başçısıdır. Həm liberal-demokratlar, həm də mühafizəkar ənənəçilər Putini 21-ci əsrin çarı hesab edirlər.

Məqalədə deyilir ki, Putin öz şöhrətini ölkəni rusların yaddaşında xaos kimi qalan 1990-cı illərdən çıxarıb onu yenidən dünyanın sayılan ölkəsi etməklə qazanıb. Lakin Oktyabr inqlabının 100-cü ildönümü yaxınlaşdıqca daha bir acı həqiqət üzə çıxır: Putində də çarın zəiflikləri var.

"Economist" yazır ki, Putin keçmiş SSRİ-dən dalğa kimi keçən rəngli inqilablardan narahatdır, halbuki təhlükə bu dalğa yox, bolşevizimin dirilməsidir.

Məhz buna görə də Putin 2018-ci ilin yazından, özünün Konstitusiya tərəfindən icazə verilən son 6 illik prezidentliyinə başlayandan sonra ortaya böyük bir sual çıxacaq: Bəs sonra nə olacaq? Narahatlıq bundandır ki, "çar" Vladimir də özündən sonra böyük bir xaos və təlatüm qoyub gedə bilər.

Məqalədə deyilir ki, Putin dünyanın yeganə avtokratı deyil. Son 15 ildə bir çoxları "qalib hər şeyə sahib olur" prinsipi ilə hakimiyyəti zəbt ediblər. Bu, Sovet İttifaqının çöküşü ilə başlanmış demokratiya təntənəsinə zərbə olub, "Economist" yazır.

Recep Tayyip Erdoğan, mərhum Hugo Chavez və Narendra Modi özlərini elə aparıblar ki, sanki onlara ümumxalq dəstəyi xüsusi imtiyazlı hakimiyyət verib.

Çin lideri Si Cinpinq də bu həftə özünün Kommunist Partiyası üzərindəki hakimi-mütləqliyini rəsmiləşdirib.

Məqalədə deyilir ki, Putinin avtoritarlığı bilavasitə Rusiyanın tarixi keçmişindən qaynaqlanır. Bu hökumət hakimiyyətin necə işlədiyini və hansı səhvlərə yol verdiyini göstərir.

Çar kimi Putin də Rusiyada patronajlardan ibarət hakimiyyət piramidası qurub. O, 2001-ci ildə oliqarxlara qarşı çıxdıqdan sonra, medianı, bunun ardınca neft və qaz nəhənglərini nəzarətə götürməklə elə bir sitem yaradıb ki, bütün pul və hakimiyyət ondan keçir.

Putin bütün hərəkətlərini hüquqi qaydalara uyğun rəsmiləşdirir, amma hamı bilir ki, prokurorlar və məhkəmələr tam olaraq onun tabeliyindədir.

O, hazırda rəy sorğularına görə rusiyalıların 80 faizinin dəstəyinə malikdir, ona görə ki, rusiyalılara "Putin yoxdursa, Rusiya da yoxdur" formulunu təlqin ediblər.

"Economist" yazır ki, birinci Pyotrdan bu yana, 3-cü Aleksandr və 2-ci Nikolay da daxil bütün rus çarları belə bir sual qarşısında qalıblar: Rusiya Qərb yolu ilə modernizasiya olunmalıdır, yoxsa sabitiliyin xətrinə irəli getməməlidir. Bu sual Putinin də qarşısında dayanır. Putinin cavabı belədir ki, o iqtisadiyyatı liberal texnokratlara, siyasəti isə DTK zabitlərinə etibar edir.

Təbiidir ki, belə vəziyyətdə siyasət iqtisadiyyata üstün gəlir. Burası da var ki, sanksiyalara və rublun devalvasiyasına baxmayaraq Rusiya iqtisadiyyatı xammal satışına bel bağlayır.

Xammal satışı indi cəmi 2 faiz ÜDM artımı verə bilər, halbuki 2000-2008-ci illərdə bu rəqəm 5-10 faiz idi.

"Economist" yazır ki, Putin də, bütün çarlar kimi öz hakimiyyətini repressiya və hərbi münaqişələrlə möhkəmləndirib.

Ölkə daxilində o stabillik, ənənə və pravoslav dini naminə siyasi müxalifəti və sosial liberalları əzib.

Onun Krımı ilhaq etməsi, Suriya və Ukraynada apardığı münaqişələr isə axşamlar TV qarşısına toplaşan xalq üçün təntənəli qələbə xəbərlərinin yayınlanmasına imkan yaradıb.

Bu xəbərlərə görə Putin öz ölkəsini 1990-cı illərin alçaldılmalarından sonra yenə də hörmətə mindirib.

Bəs postmodern çarı dünya üçün nə deməkdir? İndiyədək alınan dərslərdən biri Rusiya təhlükəsidir. Rusiya Ukraynaya müdaxilə edəndən bəri Qərbi Rusiya revanşizmi narahat edir. Ən böyük narahatlıq Baltik ölkələrindəndir.

Lakin Putin öz legitimliyini itirmədən həqiqətən də böyük qurbanların verilməsinə gedə bilməz. 1904-1905-ci ilin rus-yapon müharibəsində və Birinci Dünya Müharibəsində ikinci Nikolayın başına məhz bu gəlmişdi.

Məqalədə deyilir ki, Rusiyanın tarixində hələ də xalqın qorxa biləcəyi təcrübələr var. Ölkənin xaricində təhlükə olmadıqda hakimiyyət asanlıqla repressiyalara əl ata bilər.

Putin üçün daha bir çətin sual hakimiyyətə ondan sonra kimin gələcəyidir. Zaman dəyişib. O hakimiyyətini qan qohumluğu ilə ötürə bilməz. Belə olduğu surətdə Rusiya prezidenti özündən sonra hakimiyyətə kifayət qədər zəif fiqurun gəlməsini təşkil edəcək. Elə bir zəif fiqur ki, əsl hakimiyyət gücü onun əllərində qalmış olsun.

Beləliklə, real demokratiyanın olmadığı bir ölkədə legitim hakmiyyətin gələcəyini yenidən Rusiyanı parçalayan hakimiyyət çarpışması həll edəcək.

"Economist" yazır ki, Putinin bugünkü hakimiyyəti qüvvətli olduqca, onun xələfinin tapılması prosesi daha çətin olacaq.

Image caption Misirli hüquqşünas yırtılmış cins şalvar geyinən qadınlara qarşı çıxıb

Vəkil açıq-saçıq geyinən qızları zorlamağa çağırır

"The Independent" yazır ki, Misirdə bir hüquqşünas yırtılmış cins şalvar kimi açıq-saçıq paltarları geyinən qızların zorlanmasının "milli vəzifə" olmasını deməklə böyük qalmaqala səbəb olub.

Tanınmış mühafizəkar Nabih əl-Vəhş bu bəyanatı fahişləlik qanunu lahyihəsinin televizya müzakirəsi zamanı verib.

"Küçədə gedərkən qarşınızdakı qızın arxasının yarıçılpaq olması xoşunuza gəlirmi, - deyə vəkil sual edib, - Mən deyirəm ki, küçədə belə geyimdə gəzən qızın zorlanması vətənpərvərlik borcu və milli qeyrət vəzifəsidir".

Cənab əl-Vəhşin bu bəyanatı Misir Qadınlar Şurasının hiddətinə səbəb olub və təşkilat vəkilə efir vermiş telekanalı məhkəməyə vermək qərarına gəlib.

Qadınlar şurası bundan başqa bütün media qurumlarını qadınlara qarşı zorakılığa çağıran belə şəxslərə platforma verməməyə çağırıb.

Milli Qadınlar Şurası cənab əl-Vəhşdən ayrıca qaydada şikayət veriləcəyini bildirib.

Təşklilatın bəyənatında qadınlara qarşı seksual zorakılığa və zorlamaya çağırışlar kəskin şəkildə pislənir.

Şuranın başçısı Maya Morsi deyib ki, əl-Vəhşin çağırışı hər şeydən əvvəl Misir Konstitusiyasını pozur. Bu konstitusiyada qadınların haqlarının müdafiə olunacağı xüsusi maddə ilə təsbit edilib.

"The Independent" xatırladır ki, elə ötən ay ilk dəfə olaraq keçirilən araşdırmanın hesabatına görə Qahirə şəhəri qadınlar üçün ən təhlükəli meqapolis elan edilib. Bu araşdırmada əhalisi 10 milyondan çox olan dünya şəhərlərində qadınların vəziyyəti təhlil edilirdi.

Tanınmış Misir jurnalisti Şahirə Əmin deyib ki, Misir paytaxtının küçələrində gündəlik qaydada qadınlara qarşı baş verən zorakılıqlar onların hüquqsuzluğundan irəli gəlir.

2008-ci ildə aparılmış araşdırma göstərmişdi ki, Misir qadınlarının 83 faizi cinsi təqibə məruz qalır. Eyni zamanda, rəyi soruşulan kişilərin 53 faizi bildirmişdi ki, başlarına gələn seksual zorakılıqlara görə məsuliyyəti qadınların özləri daşıyırlar.

Məqalədə deyilir ki, elə ötən ilin oktyabrında cənab əl-Vəhşin bir liberal ruhani ilə televiziya müzakirəsi də dava-dalaş və masaların çevrilməsi ilə başa çatmışdı.

Bu teledebat zamanı əl-Vəhşi özündən çıxaran bu olmuşdu ki, onun müsahibi şeyx Rəşad qadınların saçlarını örtmələrinin dindən gələn bir tələb olmadığını söyləmişdi.

"Sən kafirsən" - deyə vəkil qışqırmışdı.

Liberal ruhani isə ona sakit bir tərzdə "sən xəstəsən və yerin ruhi xəstəxanadır" demişdi.

Cənab əl-Vəhş ayaqqabısını çıxararaq şeyx Rəşada tərəf atmağa cəhd göstərmişdi. Ərəb dünyasında kiməsə ayaqqabı atmaq böyük təhqir hesab olunur.

Teledebat iki müsahibin bir-birilə güləşməsilə başa çatmışdı.

Bundan əvvəl cənab əl-Vəhş qadınların hakim olmasına etiraz bildirirdi. O deyirdi ki, qadına hakim olmaq hüququ verilərsə, o mufti də ola bilər.

Bu barədə daha geniş