Britaniya mətbuatı: Rusiyanın “nəhəng hakerliyi” – ABŞ-dan Ermənistanadək

Fotonun müəllifi AFP
Image caption "ABŞ seçkisinə müdaxilə etdikləri söylənən hakerlərin hədəf coğrafiyası daha geniş olub"

"The Guardian" yazır ki, ABŞ seçkisinə müdaxilə etdikləri söylənən hakerlərin hədəf coğrafiyası daha geniş olub.

Məqalədə deyilir ki, onların "zərbə siyahısında" Ukrayna zabitlərinin e-mail-ləri, rusiyanın müxalifət fiqurları, ABŞ-ın müdafiə kontraktçıları və Kremlin marağında olan minlərlə başqası olub.

Bəzi məlumatlara görə ABŞ prokurorları Demokratlar Partiyasının serverlərinə haker müdaxiləsində ittiham olunan 6 Rusiya rəsmisinə qarşı cinayət işlərinin qaldırılmasını planlaşdırırlar.

Associated Press agentlyinin əldə etdiyi materiallar hakerlərlə Rusiya hökuməti arasında əlaqə olduğuna dair daha güclü dəlillər verir. Bu materiallardan aydın olur ki, hakerlər Roma papasının Ukraynadakı nümayəndəsindən tutmuş Moskvadakı Pussy Riot qrupunun üzvlərinədək 4700 Gmail ünvanına daxil olmağa cəhd göstəriblər.

Cambridge-dəki Münaqişə Araşdırmaları mərkəzinin direktoru Keir Giles deyir ki, AP-nin əldə etdiyi materiallar bunun Rusiyanın maraq siyahısı olduğunu söyləməyə əsas verir.

Bu materiallar Secureworks adlı kibertəhlükəsizlik firmasının araşdırmaları nəticəsində aşkar olunub.

Secureworks bu araşdırma zamanı aşkar edib ki, Fancy Bear haker qrupunun əməliyyatları ilə ABŞ prezident seçkisininin son mərhələsini lərzəyə gətrimiş sızmalar arasında, ələlxüsus da Hillary Clinton-un email-ləri ilə bağlı sızmalar arasında bilavasitə əlaqə var.

"The Guardian" yazır ki, Donald Trump-ın kampaniya rəsmisi George Papadopoulos-a ruslarda Clinton-a dair çirkli məlumatların olması barəsində informasiyanın verilməsi məlum idi.

Kremlin sözçüsü Dmitri Peskov dəfələrlə bildirib ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair iddialar əsassızdır. Lakin AP agentlyinin əlində olan materiallar bu iddiaların heç də əsassız olmadığını göstərir.

Macarıstandakı Pazmany Peter Katolik Universitetinin Rusiya təhlükəsizlik siyasəti üzrə eksperti Andras Racz deyib ki, o, müdaxilənin birbaşa Kreml və Rusiya Baş Qərargah İdarəsi tərəfindən edildiyinə şübhə etmir.

Ermənistanda balaca bir jurnal

"The Guardian" yazır ki, Secureworks-un siyahısı 2015-ci ilin mart ayından 2016-cı ilin may ayınadək olan müddəti və Birləşmiş Ştatlar, Ukrayna, Rusiya, Gürcüstan və Suriyada olan hədəfləri əhatə edir.

Bu da bəlli olub ki, Rusiyaya bağlı olduğu deyilən Fancy Bear qrupu Birləşmiş Ştatlarda keçmiş dövlət katibi John Kerry başda olmaqla ölkənin yüksək eşelonundakı 573 rəsminin elektron poçtlarını sındırmağa cəhd edib.

Bundan başqa Amerikanın müdafiə sənayesinə bağlı Boeing, Raytheon və Lockheed Martin şirkətlərinin, habelə ABŞ kəşfiyyatı nümayəndələrinin və təkcə Demokratlar Partiyasından 130 rəsminin email-lərinə müdaxilə cəhdləri olub.

Ukraynada isə hakerlər prezident Petro Poroşenko da daxil 545 rəsminin elektron poçtuna müdaxilə cəhdində bulunublar.

Bunların arasında bir vaxtlar Trump-ın kampaniya rəhbəri olmuş Paul Manafort-a ödənişləri faş etmiş Ukrayna millət vəkili Serhiy Leşşenko da var.

Fancy Bear hakerlərinin hədəfləri arasında Rusiya müxalifətinin liderlərindən Navalnı, keçmiş neft maqnatı Xodorkovski, Pussy Riot qrupundan Mariya Alyoxina kimi simalar var.

"The Guardian" yazır ki, bəzən haker hədəflərinin kimliyi məntiqə sığmır.

Məsələn, baş açmaq olmur ki, Rusiyanın Murmansk portundakı bir ətraf mühit fəalı və ya Ermənistandakı kiçik bir jurnal niyə hakerlərin diqqətini cəlb edib.

Moskva vaxtilə 9-dan 18-ə qədər

Məqalədə deyilir ki, Fancy Bear haker qrupunun Rusiyadan işləməsi barədə iddialar təzə deyil.

2016-cı il prezident seçkisindən sonra ABŞ kəşfiyyatı belə bir nəticəyə gəlmişdi ki, Fancy Bear Kremlin yaratdığı bir məxluqdur. Lakin bununla yanaşı kəşfiyyat gəldiyi nəticəyə dair çox az dəlil göstərirdi.

Lakin Secureworks firması Fancy Bear qrupunun istifadə etdiyi ziyanlı proqramlara əsasən haker müdaxiləsində onların "imzasını" üzə çıxara bilib.

Bundan da əhəmiyyətlisi odur ki, haker fəaliyyətlərinin əsasən Moskva vaxtı ilə səhər saat 9-dan axşam saat 6-ya kimi yer aldığı məlum olub.

Beləliklə də, bütün kibermüdaxilə fəaliyyətlərinin Rusiya üçün normal iş saatlarında baş verdiyi üzə çıxıb. Navalnının Antikorrupsiya Fondunun koordinatoru Artyom Torçinski deyib ki, hakerlərin Rusiya xüsusi xidmətləri tərəfindən idarə olunduğuna şübhə etmir.

Müdaxilə olunan hədəf və materialların həcmi nəzərə alınarsa bu işi nəhəng bir idarə görməli idi. Bu idarədə ingilis, gürcü, rus, ərəb və başqa dilləri bilən xeyli sayda tərcüməçi və təhlilçi olmalıydı.

Münbit torpaqla alt tuman-köynəyinin elmi əlaqəsi

"The Telegraph" yazır ki, fermerlər almaq istədikləri torpaqların münbitliyini yoxlamaq üçün o torpaqlarda bir-iki alt tuman-köynəklərini basdırmalıdırlar.

İngiltərə Kənd Təsərrüfatı və Gülçülük Şurası, habelə Şotlandiyanın Keyfiyyətli Ət mərkəzinin iddiasına görə torpağa basdırılmış alt paltarları torpağın keyfiyyətli olub-olmaması barədə əvəzsiz məlumat verə bilər.

Ekspertlərin fikrincə, steril və cansız torpaqda alt paltarları iki ay müddətində olduğu kimi qalır. Əksinə, üzvü baxımdan zəngin torpaqda alt tumanlarından yalnız rezin tumanbağı çürüməmiş qalır.

Ekspertlər deyirlər ki, torpağın münbitliyini bu üsulla müəyyən etmək üçün iki ay tamamilə kifayətdir.

Söhbət ilk növbədə heyvandarlıq üçün xüsusilə önəm daşıyan otlaqlardan və örüş yerlərindən gedir. Bir qayda olaraq keyfiyyətli otlaqlar keyfiyyətli ət məhsulu yetişdirilməsində həlledici rol oynayır.

"The Telegraph" yazır ki, şotland fermer Iain Green öz alt paltarlarını müxtəlif örüş yerlərində sentyabr ayından basdırqmağa başlayıb.

Fotonun müəllifi CORSKIE FARM
Image caption Iain Green öz alt paltarlarını müxtəlif örüş yerlərində sentyabr ayından basdırqmağa başlayıb.

"Nəzəriyyə bundan ibarətdir ki, pambıq parçadan hazırlanmış alt paltarları torpaqdakı mikrob və bakteriyalar tərəfindən yeyilir. Nə qədər çox yeyilsə bir o qədər yaxşıdır, - deyib fermer, - Biz öz alt paltarlarımızı çox torpaqlarda basdırmışıq. Bəzi yerlərdə bizə elə gəlirdi ki, torpaq münbitdir. Amma belə deyilmiş".

Cənab Green deyib ki, nəticələr doğrudan da heyrətamiz olub.

"Buradakı bəzi torpaqlar həddən artıq sulu idi. Bu isə o demək idi ki, bu torpaqlarda oksigen aclığı var və alt paltarları da tamamilə salamat qalırdı" - deyib Green.

Məqalədə deyilir ki, bu üsul ilk dəfə iyul ayında Californiya Fermerləri Gildiyası tərəfindən tətbiq edilməyə başlayıb. Sonradan bu üsulu dünyanın başqa yerlərində də sınaqdan çıxarıblar.

Alimlər deyirlər ki, sağlam torpaqlarda bakteriya, göbələk, qurdlar kimi milyonlarla kiçik orqanizmlər olur.

Californiya Fermerler Gildiyasının direktoru Evan Wiig izah edir ki, pambıq üzvü materialdır və buna görə də torpaqda tamamilə üzvü çürümə prosesindən keçir.

Alimin firkincə yaxşı torpaq axtarırısınızsa, pambıq parçadan olan alt paltarlarınızı bu torpaqda basdırın.

Əgər iki aydan sonra onların rezin bağlarından başqa heç nə tapmasanız, deməli, bərəkətli torpağı tapmısınız.

Əlaqəli mövzular