Paradise Sənədləri: Ultra-zənginlərin vergi cənnəti sirləri aşkarlanıb
- Paradise Sənədləri xəbər qrupu
- BBC Panorama

Şəklin mənbəyi, EPA
Sizmış sənədlərə görə, kraliçanın 10 milyon funt (13 milyon dollar) şəxsi pulu ofşora yatırılıb.
Maliyyə sənədlərinin nəhəng yeni sızması Britaniya kraliçasının əmlakı da daxil olmaqla, qüdrətlilərin və ultra-zənginlərin ofşor vergi cənnətlərinə böyük miqdarda pulu gizli şəkildə necə yatırdıqlarını aşkar edib.
Donald Trump-ın kommersiya katibinin ABŞ-ın sanksiyalarına məruz qalan rusiyalılarla iş görən şirkətdə paya malik olduğu göstərilib.
Cənnət Sənədləri (Paradise Papers) adı verilmiş və əsasən ofşor maliyyəsi sahəsində aparıcı bir şirkətdən baş vermiş sızma 13,4 milyon sənəddən ibarətdir.
BBC Panorama, həmin sənədləri araşdıran təxminən 100 kütləvi informasiya vasitəsindən ibarət qrupun iştirakçısıdır.
Ötən il Panama Sənədləri adlı sızıntıda olduğu kimi, sənədlər Almaniyanın Süddeutsche Zeitung qəzeti tərəfindən əldə edilib, bu nəşr istintaqa nəzarət etmək üçün Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumuna (ICIJ) müraciət edib.
Bazar günü yayılan reportajlar həftə ərzində açıqlanacaq məlumatların yalnız kiçik bir hissəsidir. Həmin məlumatlar sənədlərdə adı çəkilən yüzə yaxın fərd və şirkətin vergi və maliyyə işlərinə işıq salır, onlardan bəzilərinin isə Britaniya ilə sıx əlaqəsi var.
Məlumatların çoxunda diqqət siyasətçilər, transmilli şirkətlər, məşhurlar və zəngin fərdlərin mürəkkəb struktur, fond və saxta şirkətlərdən necə istifadə edərək, pullarını vergi rəsmilərindən qoruduqları və ya fəaliyyətlərini məxfilik pərdəsi altında gizlətdiklərinə yönəldilib.
Əməliyyatların əksəriyyətində qanun pozuntusu yoxdur.
Bazar günü açıqlanan digər mühüm məlumatlar:
- Kanada Baş nazirinin əsas köməkçisi, ölkəyə milyonlarla dollarlıq vergi yayınmasına başa gələn ofşor sxemləri ilə əlaqəli olub, bu isə, vergi cənnətlərinin bağlanmasına çağıran Justin Trudeau-nu xəcalətli duruma sala bilər
- Mühafizəkarlar partiyasının keçmiş sədr müavini və əhəmiyyətli donor olan Lord Ashcroft, mümkündür ki, ofshor investisiyalarının idarəsi qaydasına məhəl qoymayıb. Digər sənədlər güman etməyə əsas verir ki, Britaniyada daimi vergi rezidentliyi əldə etməsi xəbərlərinə baxmayaraq, Lordlar Palatasında olduğu dövrdə o, qeyri-rezident statusunu saxlayıb
- Everton futbol klubunda səhmlərin nəzarət paketinin maliyyələşdirilməsinə dair suallar nədən yarandı?
Bu barədə məlumatlar həftə ərzində saytımızda olacaq. Digər media mümkündür ki, öz bölgələrinə aid fərqli məlumatları işıqlandırsın.
Kraliça haqqında sənədlər
Paradise Sənədlərinə görə, kraliçanın 10 milyon funt (13 milyon dollar) şəxsi pulu ofşora yatırılıb.
Həmin vəsait Kayman Adaları və Bermudadakı fondlara, kraliçanı gəlirlə təmin edən və 500 milyon funtluq əmlakını idarə edən Lancaster hersoqluğu tərəfindən yatırılıb.
Həmin investisiyalarda qanunsuz nəsə bir şey yoxdur və kraliçanın vergi ödəmədiyinə dair heç bir işarə yoxdur, lakin monarxın ofşora yatırım etməsi məsələsinin özü suallar doğura bilər.
Kasıbları istismar etməkdə ittiham olunan, "almaq üçün kirayə" sxemi ilə işləyən pərakəndəçi şirkət BrightHouse-a və sonradan 17,5 milyon funt sterlinq vergi borcu ilə müflisləşən, 6,000 adamı işsiz qoyan Threshers spirtli içki mağazalar şəbəkəsinə kiçik məbləğdə investisiya yatırılıb.
Şəklin mənbəyi, Alamy
BrightHouse pərakəndəçi şirkətinə kraliçanın şəxsi əmlakından kiçik miqdarda investisiya qoyulub.
Hersoqluq bildirib ki, fondların qərar qəbul etməsində iştirakı olmayıb, kraliçanın isə, onun adından edilmiş spesifik investisiyalardan xəbərinin olmasına dair heç bir əlamət yoxdur.
Hersoqluq bundan əvvəl qeyd etmişdi ki, əmlakına "əsaslı maraq" ayıran kraliçanın nüfuzuna mənfi təsir göstərə bilən "hər hansı hərəkət və ya hərəkətsizliyin olmaması üçün daimi diqqət verilir" .
Ross və Trump üçün xəcalət?
Wilbur Ross 1990-cı illərdə Donald Trump-ı müflisləşməkdən xilas edib və Trump administrasiyasında ticarət katibi vəzifəsi ilə mükafatlandırılıb.
Sənədlər aşkar edib ki, cənab Ross gəmiçilik şirkətində paya malik olub. Həmin şirkət səhmdarları arasında Vladimir Putinin kürəkəni və ABŞ sanksiyalarına məruz qalan iki şəxsin də olduğu bir Rusiya enerji firması üçün neft və qaz daşımalarından hər il milyonlarla dollar qazanıb.
Bu, yenidən Donald Trump komandasının Rusiya əlaqələri ilə bağlı suallar yaradır.
Onun prezidentliyi dövrü, keçənilki ABŞ seçkilərinin nəticələrinə rusiyalıların təsir göstərməyə çalışdıqları barədə iddialarla müşayiət olunur.
O, həmin iddiaları "saxta xəbər" adlandırıb.
Sızma haradan gəlir?
Məlumatların əksəriyyəti ofşor sənayəsinin zivəsində yerləşən Appleby adlı, Bermudada mənzillənən və hüquqi xidməti göstərən şirkətdən gəlir. Həmin şirkət müştərilərə xarici yurisdiksiyalarda aşağı və ya sıfır vergi dərəcələri ilə təsislənməyə kömək edir.
Bu şirkətdən olan sənədlər və eləcə də, əsasən, Karib yurisdiksiyalarında olan korporativ reyestrlərdən olan digərləri Süddeutsche Zeitung tərəfindən əldə olunub. Sənədlərin mənbəyi açıqlanmayıb.
Media partnyorları istintaqın ictimaiyyətin marağına cavab verdiyini bildirərək, ofşor aləmindən sızan məlumatın dəfələrlə pozuntulara yol verildiyini aşkarladığını qeyd edib.
Sızmalara cavab olaraq, Appleby "özümüz və müştərilərimiz tərəfindən pozuntuların olmasına dair heç bir əlamətin olmadığından məmnun" olduğunu bildirərək, əlavə edib: "Biz qanunsuz rəftara qarşı dözümsüzük".
Ofşor maliyyəsi nədir?
Əslində, bu, öz ölkəsinin qanunvericiliyi xaricində yerləşən bir yerdir, hansına ki, aşağı vergi dərəcəsindən faydalanmaq üçün, şirkətlər və ya fərdlər pul, aktiv və ya gəlir yönəldə bilir.
Bu yurisdiksiyaları sıravi vətəndaşlar vergi cənnəti adı ilə və ya bu sahə üçün daha təmtəraqlı deyilsə, bu industriyanın ofşor maliyyə mərkəzləri (OFC) kimi tanıyır.
Onlar bir qayda olaraq sabit, məxfi və etibarlı, çox vaxt - lakin bu heç də şərt deyil - kiçik adalardır və pozuntuların yoxlanılması qaydalarının sərtliyi müxtəlif ola bilər.
Britaniya burada böyük bir oyunçudur, təkcə ona görə yox ki, xarici ərazilərinin və asılı ərazilərinin çoxu OFC-dir, həm də ona görə ki, ofşor industriyasında işləyən vəkil, mühasib və bankçıların çoxu London City-də yerləşir.
Bu, həm də meqa-zənginlərə aid olan bir sahədir.
Brooke Harrington, Sərhədsiz Kapital: Sərvət Menecerləri və Bir Faiz adlı kitabın müəllifi deyir ki, ofşor maliyyəsi 1 faiz üçün yox, 0,001 faiz üçündür.
Onun sözlərinə görə, 500000 ABŞ dolları səviyyəsində olan aktivlər təkcə ofşora yerləşdirmə xərclərinin ödənilməsi üçün belə kifayət etməyəcək.
Bizə təsiri nədir və bu bizi qayğılandırmalıdırmı?
Bəli, bu böyük miqdarda puldur. Boston Consulting Group deyir ki, ofşorlarda 10 trilyon pul saxlanır.
Bu, Böyük Britaniya, Yaponiya və Fransanın birlikdə ümumi daxili məhsullarının toplumuna bərabərdir.
Ola bilsin ki, bu aşağı qiymətdir.
Ofşor tənqidçiləri deyir ki, pozuntulara və bərabərsizliyə yol açan əsasən məxfilikdir.
Onlar deyir ki, hökümətlərin bunun qarşısını almağa yönələn hərəkəti çox vaxt ləng və səmərəsiz olur.
Brooke Harrington deyir ki, zənginlər vergidən qaçır, yoxsullar vergi ödəyir: "Hökumətlərin fəaliyyət göstərməsinə lazım olan və zənginlərin və korporasiyaların ödəmədiyi minimum məbləğ bizdən alınır".
Britaniyanın Leyboristlər partiyasından olan deputatı və İctimai Hesablama Komitəsinin sədri Meg Hillier Panorama-ya deyib: "Biz ofşorda nə baş verdiyini görməliyik, ofşor gizli olmasa, bəzi şeylər, sadəcə, baş verə bilməz ... bizə şəffaflıq lazımdır və lazımdır ki bunlara işıq salınsın".
Ofşor necə müdafiə olunur?
Ofşor maliyyə mərkəzləri deyir ki, onlar mövcud olmasa, hökumətlərin təyin etdiyi vergilər hüdudsuz ola bilər.
Onlar deyir ki, pulun üstündə oturmayıb, pulun dünya boyu hərəkət etməsinə kömək edən agent rolunu oynayırlar.
Panorama proqramı üçün müsahibə verərkən Bermudanın maliyyə naziri olmuş Bob Richards deyib ki, digər ölkələr üçün vergi yığmaq onun işi deyil və onlar bu məsələni özləri həll etməlidir.
Man adasının Baş naziri Howard Quayle də Panorama-ya müsahibə verib. Onun Britaniya krallığından asılılığı sızmada böyük rol oynayıb.
Bob Richard və Howard Quayle onların yurisdiksiyalarının vergi cənnəti sayıla bilməsini hətta inkar ediblər, çünki, onlara görə, bu yurisdiksiyalar yaxşı idarə olunur və beynəlxalq maliyyə hesabatçılığı qaydalarına tam riayət olunur.
Appleby özü keçmişdə bildirib ki, OFC-lər "cinayət, korrupsiya və ya cəzalardan zərər çəkmiş insanları korrupsiyalaşmış hökumətlərdən təqibindən qoruyur".
Paradise Sənədləri nədir?
Paradise sənədləri, əsasən Appleby adlı ofşor hüquq şirkətindən sızmış nəhəng sayda sənədlərdən və 19 vergi yurisdiksiyalarının korporativ qeydiyyat siyahılarından ibarətdir. Bu sənədlər bir çox siyasətçilərin, məhşurların, biznes liderlərinin və korporativ nəhənglərin maliyyə əlaqələrinə işıq salır.
13.4 milyon sənəd Almaniyanın Süddeutsche Zeitung qəzeti tərəfindən əldə edilib və Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumu (International Consortium of Investigative Journalists - BTJK) ilə paylaşılıb. BBC üçün təhqiqata onun Panorama proqramı, The Guardian qəzeti də daxil olmaqla, 67 ölkədə 100 media təşkilatının iştiraki ilə həyata keçirilən beynəlxalq miqyaslı araşdırmanın tərkibində rəhbərlik edir. Sızılmış sənədlərin mənbəsi BBC-ə məlum deyil.

Panama Sənədləri: Almaniya sızan məlumatlar üçün ‘milyonlar ödəyir’
Ötən il sızan sənədlərdə var-dövlətini gizlətmək üçün vergidən yayınan zəngin və güclü insanların adlarını qeyd olunmuşdu.