Britaniya mətbuatı: Rusiya Türkiyəyə görə Suriya konfransını təxirə salıb?

Fotonun müəllifi Getty Images

Rusiya Türkiyəyə görə Suriya konfransını təxirə salıb?

"The Daily Mail" qəzeti yazır ki, Türkiyə Rusiyanın bu ay keçirilməli olan Suriya sülh konfransını təxirə saldığını bəyan edib.

Rusiyanın belə bir konfrans keçirmək planı Ankara və Qərb tərəfindən çox soyuq qarşılanmışdı.

Prezident Recep Tayyip Erdoğanın sözçüsü İbrahim Kalının bu bəyanatı Moskva tərəfindən rəsmən təsdiq edilməyib.

Rusiya "Suriya Milli Dialoqu" adlı konfransı noyabrın 18-də Soçidə keçirməyi planlaşdırırdı. Bu konfransa prezident Bəşər əl-Əsədin hökumət üzvləri və müxalifət nümayəndələri dəvət edilmişdilər.

İbrahim Kalın bunu da deyib ki, Türkiyə bu konfransa qatılmağı planlaşdırmırdı.

Bu konfrans barədə bir neçə Qərb dövlətləri də şübhələrini ifadə etmişdi. Onlar deyirdilər ki, Suriya üzrə sülh prosesi BMT çərçivəsində getməlidir.

Türkiyə həm də bir neçə Suriya kürd qruplaşmalarının bu konfransda iştirak etmək ehtimalından narahat idi. Ankara PYD başda olmaqla bu qruplaşmaları qanunsuz hesab edir.

Bundan əvvəl Rusiya elan etmişdi ki, Suriyaya dair konfransın keçirilməsi barədə qərar İran və Türkiyənin də iştirak etiyi Astana görüşündə qəbul olunub.

"Biz bundan dərhal imtina etmişdik, - Kalın deyib NTV telekanalına, - Bundan sonra Kreml bizimlə əlaqəyə girərək konfranası təxirə saldığını bildirdi".

Kalın deyib ki, əgər həmin söhbətdən sonra planlar dəyişməyibsə, noyabrın 18-də heç bir konfrans olmayacaq. O bildirib ki, konfrans daha gec bir tarixdə keçirilə bilər.

Türkiyə prezidetinin sözçüsü bunu da əlavə edib ki, bu konfransda Suriya qrupları iştirak edəcəklər, lakin əgər PYD bu konfransda olsa, Ankara ora yalnız müşahidəçisini göndərəcək.

"The Mail" yazır ki, Türkiyə və Rusiya Suriyada döyüşən qarşı tərəfləri dəstəkləsələr də, 2016-cı ildən bəri bu münaqişənin başa çatdırılması naminə birgə işləyirlər.

Rusiya İranla birlikdə Suriya prezidenti Bəşər əl-Əsədi dəstəkləyir.

Bir çox təhlilçilər deyirlər ki, Rusiyanın Suriya münaqişəsinə hərbi müdaxiləsi bu ölkədə hökumətlə qiyamçılar arasındakı münaqişədə qüvvələr balansını Dəməşqin xeyrinə dəyişib.

Türkiyə isə Bəşər Əsədin hakimiyyətdən getməsini istəyir.

Türkiyənin bu siyasəti rəsmən dəyişməz qalsa da, Ankara Dəməşq rejiminə qarşı ritorikasını bir az yumşaldıb.

Rusiya və Türkiyə hazırda Suriyada atəşkəsin bərqərar edilməsi üçün "təhlükəsiz zonaları" işlək hala gətirməyə çalışır.

Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Livanın baş naziri Saad əl-Həriri gözlənilmədən istefa verib

Bəhreyn öz vətəndaşlarını Livandan geri çağırır

"The Telegraph" yazır ki, Bəhreyn regional sünni gücləri və İran arasında getdikcə qızışan qarşıdurma əsnasında öz vətəndaşlarına Livanı tərk etmək göstərişi verib.

Hazırda Livan hökuməti bu qarşıdurmaya görə iflas həddinə çatıb. Bəhreynin Xarici İşlər Nazirliyi Livanın baş naziri Saad əl-Həririnin gözlənilmədən istefa verməsindən narahatlıq ifadə edib.

Bəhreyn Səudiyyənin hegemonluq etdiyi Körfəz Əməkdaşlıq Şurasında bir qayda olaraq anti-İran ritorikasının ifadəçisi sayılır.

"The Telegraph" yazır ki, Bəhreynin öz vətəndaşlarına Livanı tək etmək əmrini verməsi İran və Səudiyyə arasında çoxcəbhəli qarşıdurmanın bir daha güclənməsindən xəbər verir.

Cənab Həriri vəzifəsindən istefa etdiyini Səudiyyədə elan edib. O bu ölkəyə şəxsi təhlükəsizliyi üçün gəldiyini bildirir. O iddia edir ki, İran tərəfindən ona qarşı sui-qəsd cəhdi olub.

O, İranı Livan siyasətinə müdaxilə etməkdə və bu ölkəni girova çevirməkdə ittiham edib.

Həriri deyib ki, Livanda yaranmış hazırkı situasiya 2005-ci ili xatırladır. O vaxt onun atası, baş nazir Rafiq əl-Həriri avtomobil partlayışında həlak olmuşdu.

İranın Xarici İşlər Nazirliyi bildirib ki, Həririnin istefası Səudiyyə və İsrailin birgə qurduğu planın tərkib hissəsidir. Tehran Livan baş nazirinin həyatına sui-qəsd cəhdi ilə hər hansı əlaqəsi olduğuna dair iddianı rədd edib.

Livanın şiə Hizbullah lideri Sayyed Həsən Nəsrullah Səudiyyəni Həririnin istefasını təşkil etməklə Livanın daxili işlərinə qarışmaqda ittiham edib.

Məqalədə deyilir ki, Livan İran və Səudiyyə arasında siyasi çəkişmənin meydanına çevrilib. Bu ölkədə böyük siyasi qüvvə olan Hizbullah Tehran tərəfindən dəstəklənir.

Hizbullahın müttəfiqi sayılan prezident Michel Aoun deyib ki, baş nazir ölkəyə qayıtmayınca onun istefasını qəbul etməyəcək.

Fotonun müəllifi Reuters

Trump-ın daha bir keçmiş rəsmisinə qarşı cinayət işi açıla bilər

"The Guardian" qəzeti yazır ki, ABŞ-da xüsusi prokuror Robert Mueller prezident Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-ə və onun oğluna qarşı cinayət işi qaldırmaq üçün kifayət qədər dəlillərə malikdir.

Mueller Trump komandası ilə Rusiya rəsmiləri arasında mümkün sövdələşməni araşdırır.

Bir neçə mənbəyə istinad edən NBC xəbər verir ki, Mueller-in komandası çirkli pulların yuyulması və dövlət orqanlarına yalan məlumat verilməsi kimi ittihamları irəli sürə bilər. Söhbət həm də Flynn-in milyonlarla dollar rüşvətin müqabilində Türkiyə prezidentinin bir "opponentinin" Amerikadan çıxarılmasından gedir.

Bu xəbərləri dərhal təsdiq etmək mümkün olmayıb. Oğul Michael Flynn-in vəkili Barry Coburn şərh verməkdən imtina edib.

Oğul Flynn rəsmi şərh verməsə də Tvitterdə yazıb ki, "sosial ədalət cəngavərləri" yenə də onun ovuna çıxıblar, amma onu həbsxanaya göndərə bilməyəndə möhkəm pərt olacaqlar.

"The Guardian" yazır ki, Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort və onun biznes şəriki Rick Gates-ə cinayət işi qaldırlandan və prezidentin keçmiş xarici işlər müşaviri George Papadopoulos-un ifadə verməyə hazırlaşdığı barədə xəbərlər yayılandan sonra respublikaçılar və Ağ Ev Mueller üzərinə təzyiqi artırıblar.

Mueller isə öz növbəsində Manafort-un üzərinə təzyiqləri artırmaqla məşğuldur.

Buna baxmayaraq Nümayəndələr Palatasının respublikaçı spikeri Paul Ryan deyib ki, Mueller nə vəzifəsindən uzaqlaşdırıla, nə də istefa verə bilər.

O deyib ki, peşkarlara öz işlərini normal şəraitdə görmək imkanı tanınmalıdır.

"Mən düşünmürəm ki, o işdən çıxarılmalı və ya istefa verməlidir"- Ryan Fox News kanalına deyib.

Flynn cəmi 24 gün ərzində Trump-ın milli təhlükəsizlik müşaviri ola bilib. O, Rusiya diplomatı ilə kommunikasiyaları barədə vise-prezidentə yanlış məlumat verdiyinə görə vəzifəsindən azad edilib.

NBC xəbər verib ki, Flynn və onunla birlikdə işləmiş oğlu Michael G Flynn şərh verməkdən boyun qaçırıblar. Xüsusi prokuror Robert Mueller-in də komandası şərh verməyib.