Səudiyyə Ərəbistanındakı korrupsiya ittihamlarının mərkəzində olan şahzadə Əl Valid bin Talal kimdir?

El Velid Fotonun müəllifi AFP

Ötən həftə sonu Səudiyyə Ərəbistanı tarixində ən böyük korrupsiya əməliyyatları həyata keçirilib.

Aralarında şahzadələrin və nazirlərin də olduğu çox sayda insan həbs olunub.

Həbs olunanlar arasında ən çox diqqəti çəkən 17 milyard dollar sərvətilə dünyanın ən zəngin 100 adamından biri olan şahzadə Əl Valid bin Talaldır.

Səudiyyə Ərəbistanının ilk kralı olan İbn Səud kimi tanınan Əbdüləziz bin Əbdürrəhmanın nəvəsi şahzadə Əl Valid bəlkə də dünyanın ən mühüm investorlarındandır.

1955-ci ildə doğulan şahzadə Əl Validin şəxsi internet saytında yer alan tercümeyi halında böyük şirkətlərə qoyduğu sərmayələr sadalanıb.

Uzun siyahıya daxil olan şirkətlərdən bəziləri belədir: Twitter, Euro Disney, Twentieth Century Fox, dəbdəbəli otellər, Səudiyyə Ərəbistanında tikintisi davam edən və tikintisi bitdikdən sonra dünyanın ən yüksək binası olacaq göydələn.

Şahzadə Əl Validin bu investisiyaları, şəxsi həyatının da ara-sıra beynəlxalq mediada əks olunmasına səbəb olur.

Business İnsider xəbər saytının yaydığı bir məlumatda belə deyilir: "Şahzadə Əl Valid sarayında onu əyləndirməsi üçün təlxəklər tutub. Yalnız əyləncəli olsun deyə bəzən təlxək xidmətçilərini sağa-sola fırladır".

Fotonun müəllifi AFP
Image caption Şahzadə Əl Valid və xanımı şahzadə Əmirə Londondakı Savoy otelinin açılışında

İqtidardan uzaqlaşan sülalə qolunun bir hissəsi

Əl Valid ilk kral İbn Səudun nəvəsi olsa da onun daha gənc yaşlarında olarkən taxta keçmək şansı yox deyiləcək qədər azalmışdı. Ancaq Əl Validin atası Talal bin Əbdüləziz 1960-cı illərdə krallığın qatı idarəetmə formasını tənqid etdiyinə görə ailə iqtidardan uzaqlaşdırıldı.

Yenə də Əl Valid bin Talal ara-sıra verdiyi iqtidar çıxışlarıyla tanınırdı.

Fotonun müəllifi AFP
Image caption Əl Valid 1990-cı illərdə Citibank-ın sahibi olan Citicorp-a qoyduği invsestisiya ilə sərvətini artırmışdı

Sərvətini necə əldə etdi?

ABŞ-da mənzillənmiş Vanity Fair jurnalı 2013-cü ildə "Kənardakı səhmdar" başlığı altında Əl Validin geniş tərcümeyi halını dərc etmişdi.

Həmin yazıda Əl Validin 30 yaşında ABŞ-ın California ştatındakı Menlo College-da biznes təhsilini tamamlayaraq Səudiyyə Ərəbistanına qayıtdığı bildirilirdi.

"Əl Valid atasından 30 min dollar almış, lakin bu pulu bir ildə xərcləmişdi. Bu dəfə atası ona 300 min dollar vermişdi. Əl Validin bu pulu xərcləməsi isə 3 il çəkmişdi. "

Yazıda şahzadə Əl Validin atasından üçüncü dəfə pul istəyən zaman bəxtinin gətirmədiyi ifadə edilir:

"Əl Validin atası bu dəfə oğluna pul deyil, nəsihət verdi: "Özünə bir iş qur. Səudiyyə krallığının sərvətini də təminat olaraq göstərən şahzadə aldığı kreditləri ağıllı investisiyalar üçün istifadə etməyə başladı."

Fotonun müəllifi AFP
Image caption Şahzadə Əl Valid 2011-ci ildə xanımı şahzadə Əmirə ilə birlikdə Britaniya şahzadəsi William və Kate Middleton-un toyunda iştirak etmişdi

Lakin Əl Validin sərvətini kürəyini Səudiyyə Ərəbistanının neft sahəsinə dayayaraq əldə etdiyini ifadə edənlər də var.

Hətta Vanity Fair-ə müsahibə verən bəzi şəxslər Əl Validin kral ailəsi üçün sadəcə bir pərdə olduğunu ifadə ediblər.

Hər nə qədər bunun necə olması barədə müzakirələr davam etsə də, şahzadə Əl Valid 1990-cı illərin əvvəllərində dünyanın ən zəngin insanları siyahısında yuxarı pillələrə qalxmışdı.

O, öz sərvətini Səudiyyə kral ailəsinin sərvətiylə deyil, o zamanlarda çətin vəziyyətdə olan ABŞ-ın Citicorp bankına qoyduğu sərmayə ilə artırmışdı.

Citicorp sərmayəsindən böyük bir gəlir əldə edən şahzadə Səudiyyə Ərəbistanına bağlı qalmaq məcburiyyətində olmayan beynəlxalq bir invrestora çevrildi.

62 yaşında Apple və Twitter kimi texnologiya dünyasının ən əhəmiyyətli şirkətlərində səhm sahibi oldu.

Əl Valid sərvətiylə bağlı heç bir zaman danışmaqdan çəkinməyib. Hətta iqtisadi və biznes jurnalı Forbes-a qarşı sərvətini olduğundan daha az göstərmək ittihamıyla iddia qaldırmışdı.

Fotonun müəllifi DHA

Bodrumda ənənəvi tətil

Şahzadə Əl Valid üçün Türkiyə sevimli bir istirahət ölkəsidir.

Bu yay Bodruma gedən şahzadənin şəxsi təyyarəsindən 300 baqaj və 30 velosipedin endirildiyi Türkiyə mətbuatında əks olunmuşdu.

Doğan xəbər agentliyi iyul ayında yaydığı bir məlumatda şahzadə Əl Validin və onunla Bodruma gələn kral ailəsi mənsublarının bir şam yeməyi üçün 5 min 280 avro hesab ödədiklərini, 500 avro da bəxşiş verərək restoranı tərk etdiklərini yazmışdı.

11 sentyabr ianəsi və mübahisələr

2001-ci il 11 sentyabr Əl-Qaidənin hücumlarından sonra Əl-Valid Dünya Ticarət Mərkəzi göydələnlərinin vurulduğu New York ştatına 10 milyon dollar bağışlamağı təklif etdi.

Lakin həmin zaman New York-un bələdiyyə başçısı Rudy Giuliani Əl Validin Fələstin məsələsində İsrail və ABŞ-ı tənqid edən açıqlamalarını əsas gətirərək bu ianəni rədd etmişdi.

Fotonun müəllifi AFP
Image caption Əl-Validin Ciddədə inşa etdiyi göydələnin 2019-u ildə başa çatacağı gözlənilir

Səudiyyə Ərəbistanına investisiya

Ölkədən kənarda qazandığı sərvətini ölkə daxilində böyük və dəbdəbəli layihələrə xərcləyən şahzadə Əl Validin son layihəsi dünyanın ən yüksək göydələnini inşa etdirməkdir.

Ciddədə tikintisi davam edən göydələnlə bağlı şahzadə Əl Valid Forbes jurnalına verdiyi müsahibədə "Ciddənin mərkəzi olacaq tam bir maqnit inşa edirik" deyib. Göydələnin tikintisinin 2019-cu ildə başa çatacağı gözlənilir.

"Sosial cavabdehlik" və siyasi mövqe

Şahzadə Əl Valid sərvətinin bir hissəsini də ehtiyacı olanlara kömək məqsədilə xərcləmək istədiyini söyləmişdi. Forbes jurnalının müxbiri şahzadə Əl Validlə Riyadın kasıb məhəllələrində gəzərkən gördüklərini jurnaldakı yazısında belə anladırdı:

"İçi pulla dolu zərfləri küçədəki insanlara paylayarkən "Bu vəziyyətə inanırsanmı? Bu dəhşətdir" deyirdi".

Ərəb Baharı vaxtlarında New York Times üçün bir yazı yazan şahzadə Əl Valid ərəb dünyasındakı təzyiq göstərən rejimləri qınayır, onları sadəcə öz xeyirlərinə xidmət göstərməkdə ittiham edirdi.

Şahzadə Əl Valid son olaraq iki il əvvəl Bill Gates kimi qərbli milyarderlərin yoluyla gedərək bütün sərvətini "Daha sülhpərvər və ədalətli bir dünyanın qurulması üçün" fonda bağışlayacağını söyləmişdi.

Trump ilə söz davası

Şahzadə Əl Valid ABŞ-da prezidentlik uğrunda mübarizə zamanı Donald Trump-ı "Amerikanın üz qarası" adlandırmış və Twitter-dəki ismarıcında Trump-ı prezidentlik uğrunda mübarizədən geri çəkilməyə çağırmışdı.

Trump isə şahzadəyə "axmaq" deyə cavab vermiş və onun "ata puluyla amerikalı siyasətçiləri idarə etməyə çalışdığını " söyləyərək "Mən prezident seçilsəm belə bir şey olmayacaq" demişdi.

Şahzadə Əl Valid Donald Trump prezident seçildikdən sonra, "Seçilmiş president Donald Trump, fərqli fikirlər olsa da, Amerika danışdı. Təbriklər və uğurlar" demişdi.

Fotonun müəllifi AFP

Niyə həbs edildi?

Şahzadə Əl Validlə yanaşı daha 10 şahzadə həbs edilib. Washington Post şahzadə Əl Validin əmisi oğlu vəliəhd şahzadə Məhəmməd bin Salmanın "korrupsiya ilə mübarizə" əməliyyatını başlatmasının arxasında kral Salmanı taxtdan devirmək planının ola biləcəyini yazır.

Əl Valid Forbes-a verdiyi müsahibədə "Bu ölkədə kral Əbdüləzizin oğulları və nəvələri taxta çıxar. Mən də onlardan biriyəm" deyirdi.

Amerikanın Washington Post qəzeti isə "Dayanmadan dünyanı gəzən beynəlxalq investor şahzadə Əl Valid vəliəhd Məhəmməd bin Salmanın gözündə bir təhlükəyə çevrilə bilərmi?" sualın verir.

Əlaqəli mövzular

Bu barədə daha geniş