Paradise Sənədləri: Britaniya kraliçasının 10 milyon funt (22 milyon manat) şəxsi pulu ofşora yatırılıb

The Queen Fotonun müəllifi Getty Images

Sızmış sənədlərə görə, kraliçanın 10 milyon funt (təxminən 22 milyon manat) şəxsi pulu ofşora yatırılıb.

Kraliçanı gəlirlə təmin edən Lancaster hersoqluğu vəsaitini Kayman adaları və Bermudada yerləşən fondlarda saxlayır.

Məbləğin kiçik bir hissəsi məsuliyyətsiz kirayə ittihamı ilə günahkar bilinən BrightHouse və 17,5 milyon funt sterlinq vergi borcu ilə müflisləşən Threshers mağazalar şəbəkəsinə yatırılıb.

Hersoqluqdan bildirilib ki, BrightHouse holdinqin dəyəri hazırda 3208 funta bərabərdir və fond investisiyaları qərarlarında iştirak etməyib.

500 milyon funt sterlinqlik əmlakın baş maliyyəçisi Chris Adcock BBC-ə deyib: "Bizim sərmayə strategiyamız, investisiya məsləhətçilərinin məsləhət və tövsiyələri və aktivlərin müvafiq bölüşdürülməsi əsasında qurulur..."

"Hersoqluq yalnız investisiya məsləhətçilərinin sözü əsasında yüksək səviyyəli özəl kapital fondlarına yatırım edib."

"Biz, bir sıra yatırımları idarə edirik və bunlardan yalnız bir neçəsi ofşor fondlara malikdir. Bütün yatırımlarımız tam təftiş olunub və qanunidir," Lancaster hersoqluğunun sözçüsü deyib.

"Kraliça Hersoqluqdan aldığı istənilən gəlir məbləği üçün könüllü olaraq vergi ödəyir."


Həmçinin oxuyun:


Hersoqluğun nüfuzu

Hersoqluğun investisiyası ilə bağlı məlumatlar Paradise Sənədləri ilə üzə çıxıb. Ofşor sənayesinin zirvəsində yerləşən Appleby də daxil olmaqla şirkətlərdən sızan 13.4 milyon sənədə Paradise adı verilib.

Ofşor maliyyə sənayesinin mərkəzində yerləşən və korporativ verginin tətbiq olunmadığı fondlardan ikisi Britaniyanın xaricdəki ərazilərində mənzillənir.

Lakin Hersoqluqdan bildirilib ki, onlar ofşor fondlardakı sərmayənin vergi üstünlüyündən bixəbər olublar və əlavə edilib ki, vergi strategiyası mülkün sərmayə siyasətinin bir hissəsi olmayıb.



Sənədlərdə göstərilir ki, Lancaster Hersoqluğu Bermudada yerləşən Jubilee Absolute Return Fonduna 2004-cü ildə 5 milyon funt yatırım edib və bu, 2010-cu ildə tamamlanıb.

2005-ci ildə Hersoqluq Dover Street VI Kayman Fund LP-yə 5.7 milyon funt (7.5 milyon dollar) dəyərində sərmayə üçün razılıq verib.

Sənədlərdən fondun səhiyyə və texnologiya şirkətlərinə investisiya qoyduğu müəyyənləşib.

"Ev almaq üçün kirayə" sistemilə işləyən BirghtHouse şirkətilə əlaqə isə 2007-ci ilə təsadüf edir. O zaman fondu idarə edən ABŞ şirkəti Hersoqluqdan beş layihə üçün 450,000 dollar məbləğ istəyib.

Buraya Londonda mənzillənən özəl kapital şirkəti Vision Capital üçün pay da daxil olub. Bu şirkət isə BirghtHouse-un 100% və Threshers-in 75% payına sahib olub.

Yeni rəhbərliyin idarəsi altında Threshers-in borcu artmağa başlayır və iki il korporativ vergidən yayınır. 2009-cu ilin oktyabrında iflasa uğrayan bu içki pərakəndəçisinin 6000 işçisi işsiz qalmışdı.

Vision Capital-ın BrightHouse yatırımının böyük bir hissəsi sonradan Lüksemburqda yerləşən bir şirkətə ötürülür və beləliklə, Birləşmiş Krallıqdan (BK) daha az korporativ vergi ödəməyə başlayır.

Britaniyanın Maliyyə Davranış Təşkilatı keçən ay bildirmişdi ki, əsasən aşağı gəlirli ailələrə həftəlik ödənişlərlə elektrik malları və mebel satan BrightHouse, "məsuliyyətli borcverən" kimi davranmayıb və ondan 249.000 müştərisinə 14.8 milyon funt kompensasiya ödəməsini tələb edib.

Hersoqluqdan isə deyiblər ki, Kayman adaları fondu 2019 və ya 2020-ci ilə qədər davam edə bilər və dəyəri mülkün ümumi qiymətinin 0.3%-nə bərabərdir. BrightHouse-un faiz dərəcəsi isə 0.0006% ilə ölçülür. Hersoqluq Thresher-dəki faizləri ilə bağlı rəqəmlər təqdim etməyib.

Fotonun müəllifi Hidefumi Nogami, Asahi Shimbun
Image caption Jubilee Absolute Return Fund Limited şirkəti Bermuda adasında yerləşir

Hersoqluğun illik hesabatında, "əmlakına əsaslı maraq ayıran kralıçanın nüfuzuna mənfi təsir göstərə bilən hər hansı hərəkət və ya hərəkətsizliyin olmaması üçün daimi diqqət verilir" deyə qeyd etmişdi.

İctimai Hesablama Komitəsinin keçmiş sədri və leyboristlər partiyasından olan deputat Margaret Hodge, Kraliçanın investisiya məsləhətçilərinə "acıqlı" olduğunu deyib və əlavə edib ki, bu, onun nüfuzuna təsir göstərə bilər.

"Əgər monarxiyanın pullarının taleyi sənin əlindədirsə, təmizdən də təmiz olmalısan və pul yuyulması, vergidən yayınma və ya şübhəli yollarla pul qazanmaq kimi çirkli dünyaya bulaşmamalısan," o söyləyib.



'Kasıbların istismarı'

BrightHouse-un biznes modeli artıq uzun müddətdir ki diqqət mərkəzindədir.

2015-ci ildə parlament hesabatında göstərilirdi ki, şirkət 94%-ə qədər faiz dərəcəsindən istifadə edib. Şirkətin beş müştərisindən biri ona borcludur və 10 müştərisindən biri yenidən müqaviləyə məcbur qalır. Deputatlar və lordlar tərəfindən gözdən keçirilən bir halda isə, Jonh Lewis univermağında 644 funta satılan Samsung soyuducusunun bu yolla 1716 funta başa gəldiyi müəyyənləşib.

Fotonun müəllifi Alamy

BrightHouse əlverişli kirayəçi nüfuzunu qoruyur və ölkə boyunca 300 dükanı vasitəsilə ənənəvi kredit ala bilməyən milyonlarla britaniyalıya xidmət göstərir.

Amma onun fəaliyyəti Hersoqluğun sərmayə yatırdığı dövrdə artıq diqqət çəkməyə başlamışdı. Hələ 2008-ci ildə Financial Times, şirkətin icraçı direktorunu mağazalar şəbəkəsinin 'kasıbları istismar' etməsi ilə bağlı çətin vəziyyətə salmasına dair iddialara cavab verməyə çağırmışdı.

Bertie Layihəsi

Vision Capital 2007-ci ilin iyununda BrightHouse və Threshers-in hissələrinə sahib olduğunu elan edir.


Mənbə sənədləri

Ofşordan sızan sənədlərdə Lancaster Hersoqluğunun, Dover Street VI Kayman LP-yə 312 milyon dollar yatırım etmiş 46 sərmayəçidən biri olduğu göstərilir.

2007-ci ilin sentyabrında sərmayəçilərdən, maliyyə öhdəliklərinin 6%-ni "Bertie Layihəsi" də daxil olmaqla beş layihəyə yatırım kimi ödəmələri istənilib.

Sərmayəçilərə deyilib ki, Bertie Layihəsi, Vision Capital tərəfindən əsası qoyulan şirkətin "Birləşmiş Krallıqdakı iki pərakəndəçinin portfoliosunu əldə etmək üçün" təsis edilib.

"Kapital çağırışında" Lancaster Hersoqluğunun 450.000 dollar öhdəliyi də sənədlərdə göstərilib.

Başqa bir sənəddə isə, Jubilee Absolute Return Fonduna edilən investisiyadan söhbət gedir.


Tam açıqlama

700 ildən daha əvvəl əsası qoyulan Lancaster Hersoqluğu, kommersiya və yaşayış yerləri portofilosu və maliyyə investisiyalarına malikdir.

Onun əsas məqsədi "Lancaster Hersoqu" kimi bilinən Kraliçanı gəlirlə təmin etməkdir.

Baxmayaraq ki, Hersoqluq vergi ilə mükəlləf deyil, 1993-cü ildən bəri Kraliça əldə etdiyi gəlir üçün könüllü vergi ödəyir.



Hersoqluğun illik hesabatı və hesablarında holdinqləri və maliyyə fəaliyyətinin xülasəsini Parlamentə təqdim edir. Ofşor sərmayələr hesabatlarda yer almasa da, Hersoqluğun holdinqlərinin xüsusi detallarının vurğulanması kimi bir tələbat da mövcud deyil.

Kral Ailəsinin varidatı ilə bağlı kitabın müəllifi Dave McClure BBC-ə deyib ki, "Hersoqluğun onilliklərdir ki, saxladığı məlumatların müvafiq parlament nəzarətində üzə çıxarılması üçün Milli Audit Şöbəsi təzyiq göstərə bilər.

"Problemin həlli tam açıqlama olmalıdır ki, hər kəs nəyə sərmayə etdiyini anlasın."

Fotonun müəllifi Getty Images

Hersoqluqdan bildirilib ki, Kraliça "Hersoqluğun əmlakına və kirayəçilərə xüsusi maraq göstərsə də, Hersoqluğunun işlərini idarə etməsi üçün katib və Hersoqluq Şurasını təyin edir".

Əlavə olaraq göstərilib ki, Dover Street VI Kayman Fondu LP sərmayəçiləri, "verilən müddət" və "həmin müddət ərzində davam edən investisiya qərarlarının hissəsi" olmadıqları və ya pulun "son olaraq haraya yatırıldığını" bilmədikləri barəsində öhdəlik götürüblər.

Hersoqluğun başqa hər hansısa ofşor hesabda yatırımının olub-olmaması sualına, "İrlandiyada yerləşən bir fonda investisiya edilib" deyə cavab verilib.

Lancaster Hersoqluğunun Katibi dövlət naziridir və kabinetdə yer alır, amma mülkün idarəsində formal rol oynayır. Cari katib deputat Ser Patrick McLoughlin, Mühafizəkarlar Partiyasının sədridir. Hersoqluq 2005-ci ilin sentyabrında Dover Street VI Kayman Fondu LP-yə yatırım edərkən katibi deputat John Hutton olub.

BirghtHouse və Threshers-i satın alan şirkətə yatırıma çağırışlar isə Leyboristlər Partiyasının keçmiş lideri Ed Miliband-ın Hersoqluğun kansleri olduğu vaxta təsadüf etmişdi. Və təsadüfən, 2016-cı ildə BBC-dən Victoria Derbyshire-nin proqramında keçmiş Leyborist lideri BrightHouse kimi şirkətlərə nəzarəti gücləndirməyə çağırmışdı.

Paradise Sənədləri nədir?

Paradise sənədləri, əsasən Appleby adlı ofşor hüquq şirkətindən sızmış nəhəng sayda sənədlərdən və 19 vergi yurisdiksiyalarının korporativ qeydiyyat siyahılarından ibarətdir. Bu sənədlər bir çox siyasətçilərin, məhşurların, biznes liderlərinin və korporativ nəhənglərin maliyyə əlaqələrinə işıq salır.

13.4 milyon sənəd Almaniyanın Süddeutsche Zeitung qəzeti tərəfindən əldə edilib və Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumu (International Consortium of Investigative Journalists - BTJK) ilə paylaşılıb. BBC üçün təhqiqata onun Panorama proqramı, The Guardian qəzeti də daxil olmaqla, 67 ölkədə 100 media təşkilatının iştiraki ilə həyata keçirilən beynəlxalq miqyaslı araşdırmanın tərkibində rəhbərlik edir. Sızılmış sənədlərin mənbəsi BBC-ə məlum deyil.

Bu barədə daha geniş