Paradise Sənədləri: Everton-u kim idarə edir?

Wayne Rooney and Alexis Sanchez Fotonun müəllifi PA/ Getty Images
Image caption İngiltərə Premyer Liqasında futbol klublarının sahibkarlığına dair sərt qaydalar mövcuddur

Sızan Paradise Sənədlərindən sonra, Everton Futbol Klubunun rəhbərliyinin kimə aid olması və ya İngiltərə Premyer Liqasının qaydalarının pozulması barədə suallar ortaya çıxıb.

Fərah Moşiri Everton-un təxminən 50%-ni almaq üçün 2016-cı ildə Arsenal payını satır.

Amma sızan məlumatlara əsasən, ondakı Arsenal payı, Arsenal-ın səhmlərinin 30.4 faizinin sahibi oliqarx Alişer Usmanov tərəfindən "hədiyyə" olub. İndi isə Evertondakı payın mənsubluğu sual yaradır.

Cənab Moşiri ciddi-cəhdlə pulun hədiyyə olmadığını iddia edir.

Everton-da onun adından çıxış edən vəkillər bildiriblər ki, Premyer Liqa qaydalarının pozulması iddiaları əsassızdır.

Onlara görə, cənab Moşiri zəngin şəxsdir və futbol investisiyalarını özü maliyyələşdirib.

Cənab Usmanovun qanuni nümayəndələri də iddialarda yanlışlıq olduğunu bildirərək əlavə ediblər ki, araşdırma özlüyündə müştərilərinin məxfiliyinə ümumi müdaxilədir.


Həmçinin oxuyun:


Premyer Liqa qaydalarına əsasən, bir klubun 10% və ya daha artıq payına sahib fərd, digər klubda pay sahibi ola bilməz. Bunun əsasında klublar arasındakı oyunlar və transferlər də daxil olmaqla maraqların toqquşmasının qarşısının alınması dayanır.

Rəsmi olaraq cənab Usmanov və oliqarxın keçmiş mühasibi cənab Moşini, 2007-ci ildə Arsenal-ın 14.8% payını birgə alıblar. Bu isə Red and White Holdings adlı ofşor şirkət vasitəsilə həyata keçirilib.

Lakin sənədlərdə, Arsenal paylarının alışının Epion Holdings adlı şirkətdən gəldiyi göstərilib ki, bu şirkətin sahibi hazırda 15.8 milyard dollar sərvəti olduğu söylənilən cənab Usmanovdur.

"Gallagher Holdings tərəfindən Alişer Usmanova verilən dividenti o, pul şəklində Moşiri-yə ötürəcək ki, vəsait investisiyaya çevrilsin. Red and White, Epion Holdings Limited tərəfindən maliyyələşdirilib," bir sənəddə deyilir.

Gallagher Holdings də Usmanov məxsus şirkətdir.

Mənbə sənədi

Image caption Sənədlərdə yaşıl rəngli mətn: "Gallagher Holdings Limited-dən Alişer Usmanova verilən məbləğ daha sonra bunu Moşiriyə hədiyyə edəcək ki, o bu pulu şirkətə yatıra bilsin. Red and White-a verilən məbləğ Epion Holdings Limited-dən gəlib.

Cənab Moşiri adından çıxış edən vəkillər, pulun Epion-dan gəlməsi fikrini təkzib ediblər.

Sonradan isə vəsaitin Epion-dan gəldiyini etiraf etsələr də, cənab Moşirinin onu cənab Usmanova qaytardığını bildiriblər.

Red and White Holdings isə Arsenal-dakı payını artıraraq 30.4%-ə çatdırıb.

2016-cı ilin fevralında cənab Moşiri Arsenal-dakı payının yarısını rusiyalı oliqarxa satıb.

Paradise Sənədlərində Appleby tərəfindən təqdim olunan məlumatda, müqavilədə qarşılıqlı anlaşmaya nəzarət edən şirkət, satışın Everton-da 49.9 faiz pay ala bilmək üçün həyata keçirildiyini təsdiqləyib. Göstərilənlərə görə qiymət, 87.5 milyon funt sterlinq olub.

Image caption Appleby sənədlərində belə yazılıb: 2016-cı ilin fevral ayında müştəri Everton Futbol klubuna yatırım üçün lazım olan kapitalı əldə etmək üçün Arsenal Futbol klubundaki səhmlərini Red and White Holdings-dəki tərəfdaşı Usmanova satıb. Fevralın 27-si klub cənab Moşirinin klubun səhmlərinin 49,9 faizini əldə etdiyini rəsmən təsdiqləyib.

Cənab Usmanov ilə yaxın əlaqəsi olan Rusiya mediasi Everton anlaşmasını əvvəlcə, "Rusiyalı biznesmen Alişer Usmanovun Everton-un yeni sahibi oldu" kimi təqdim edib. Şübhələr baş qaldırdıqdan sonra, məlumat silinib.

Daha sonra isə bu ilin yanvar ayında, Everton-un məşq etdiyi ərazi Finch Farm-ın cənab Usmanova məxsus USM Holdings tərəfindən sponsorlaşdırıldığı xəbəri yayılıb və şübhələr daha da artıb. Təlim yerinin adı USM Finch Farm-a dəyişdirilib.

BBC Panorama cənab Moşiri-yə yaxınlaşıb, Everton-un cənab Usmanovun idarəsində olub-olmadığı ilə bağlı sual versə də, suala sualla cavab alır: "Siz dəlisiniz? Sizi psixiatr müayinə edibmi?"

"Əgər bu kreditdirsə, demək ki, ona borclusunuz. Əgər hədiyyədirsə, demək ki, sizə aiddir. Amma bunların heç biri deyil, çünki onun pulunu ödəmişəm," o deyib.

Cənab Moşiri bir müddət sonra bildirib ki, hədiyyə kimi qeyd olunan bütün sənədlər "yanlışdır".

Cənab Moşirinin qanuni nümayəndələri, maliyyələşmə də daxil olmaqla Premyer Liqanın yoxlanışlar apardığını və müştərilərinin Sahiblərin və Direktorların Testi ilə uyğunlaşdığını deyiblər.

Onlar, həmçinin əlavə ediblər ki, Forbes-da sərvəti 2.4 milyard dollar göstərilən cənab Moşiri Everton-a daha artıq vəsaitə malik olduğunu göstərib.

Futbol Assosiasiyasının keçmiş sədri Greg Dyke Panorama-ya deyib ki, hədiyyə "qəribə səslənir". "Əgər bu sənədlərin onların dediklərini dediyini iddia edirsinizsə, əminəm ki, Premyer Liqa öz araşdırmasını aparmaq istəyəcək," cənab Dyke əlavə edib.

Araşdırmanın nəticəsi hər iki kişinin etdiklərindən və klubların nəyi bildiyindən asılı olacaq.

Məsələ haqqında Premyer Liqaya verilən suala cavab isə belə olub: "Premyer Liqa klublar və şəxslər haqqında şəxsi məlumatları məxfi saxlayacaq."

Everton sazişi Man adası şirkəti Bridgewaters Limitied tərəfindən qeydə alınıb.

Başqa Paradise Sənədlərindəki məlumatlara əsasən, Bridgewaters cənab Usmanov tərəfindən 2011-ci ildə gizli şəkildə ələ keçirilib. Bu iddia, həm Bridgewaters, həm də cənab Usmanov tərəfindən qəti rədd edilib.

Evertonun sahibi olan Blue Heaven Holdings şirkətinin Bridgewaters-də qeydiyyatdan keçmiş ofisi var və direktorlarının ikisi Bridgewaters və cənab Usmanovun şirkəti USM Holdings-in işçiləridir.


Alişer Usmanov kimdir?

Fotonun müəllifi Getty Images
  • 1953-cü ildə Özbəkistanda doğulub, Rusiya vətəndaşıdır
  • "Rusiyanın ağır adamı" ləqəbli Usmanov sərvətinin ilkin mənbəyi plastiklər, mədənçilik və metallar olub
  • Son illərdə sosial media, mobil telefonlar və nəşriyyata böyük yatırımlar edir
  • Arsenal Futbol Klubunun 30.4%-nin sahibidir. Böyük xeyriyyəçi donordur
  • 1980-ci ildə Sovet İttifaqında fırıldaqçılıq və dövlət əmlakının mənimsənməsi üzrə məhkum edilib və həbs olunub, lakin Özbəkistan Ali Məhkəməsi 2000-ci ildə dəlilləri uydurma adlandıraraq qərarı dəyişdirib
  • Kəskin şəkildə nüfuzunu qoruyur. Rusiyada müxalifət lideri Aleksey Navalnı-nı rüşvət iddialarına görə məhkəməyə verib və bu barədə ən yaxşı mim hazırlayanlara pulsuz mobil telefonlar hədiyyə edib
  • 1992-ci ildə ritmik gimnastika məşqçisi İrina Vayner ilə ailə quran Usmanov müsəlmandır və Vladimir Putin ilə yaxın olduğu deyilir

Cənab Usmanov-un vəkilləri iddialardakı "faktlarda və şərhlərdə yanlışlıqlar" olduğunu deyiblər, amma əlavə məlumat verməyiblər.

"Bizim müştərimiz sizin bütün suallarınıza cavab vermək məcburiyyətində deyil. O, qeyri-obyektiv görünən jurnalistik araşdırmanızı sizin əvəzinizdə etməli deyil," onlar söyləyiblər.

Mayda cənab Usmanov, Arsenal-ı əsas payçısı Stan Kroenke-dən almaq üçün hərracda bir milyard uduzub. Əks halda Arsenal-ın 97% payçısına çevriləcəkdi.

Cənab Usmanov Arsenal-da təsir göstərə bilmədiyinə görə gərgindir və heyətdə hələ ki yeri yoxdur.

Hər iki klubun kifayət qədər problemi var. Bir çox Arsenal azarkeşi, klubun son illərdəki çıxışından dolayı baş məşqçi Arsen Wenger-in qalıb-qalmamasını müzakirə etdiyi bir müddətdə, mövsümə pis başlayan Everton Ronald Koemanı işdən çıxarıb.

Komandalar oktyabrın 22-də Goodison Parkda üz-üzə gəliblər və Arsenal 5-2 hesabı ilə qalib olub.

Paradise Sənədləri nədir?

Paradise sənədləri, əsasən Appleby adlı ofşor hüquq şirkətindən sızmış nəhəng sayda sənədlərdən və 19 vergi yurisdiksiyalarının korporativ qeydiyyat siyahılarından ibarətdir. Bu sənədlər bir çox siyasətçilərin, məhşurların, biznes liderlərinin və korporativ nəhənglərin maliyyə əlaqələrinə işıq salır.

13.4 milyon sənəd Almaniyanın Süddeutsche Zeitung qəzeti tərəfindən əldə edilib və Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumu (International Consortium of Investigative Journalists - BTJK) ilə paylaşılıb. BBC üçün təhqiqata onun Panorama proqramı, The Guardian qəzeti də daxil olmaqla, 67 ölkədə 100 media təşkilatının iştiraki ilə həyata keçirilən beynəlxalq miqyaslı araşdırmanın tərkibində rəhbərlik edir. Sızılmış sənədlərin mənbəsi BBC-ə məlum deyil.

Bu barədə daha geniş