Britaniya mətbuatı: Prezidentə orta barmağını göstərən qadını işdən qovublar

Fotonun müəllifi AFP/GETTY

Prezidentə orta barmağını göstərən qadını işdən qovublar

"The Telegraph" yazır ki, bir şirkət menecerlərindən biri, prezidentin maşın karvanının yanından ötərkən Donald Trump-a orta barmağını göstərdiyinə görə vəzifəsindən azad edilib.

Orta barmağın kiməsə göstərilməsi Qərbdə təhqiramiz jest sayılır.

50 yaşlı Julia Briskman bu hərəkəti velosipedi ilə Virginia ştatında gedərkən edib. Donald Trump-ın korteji onu adətincə həftəsonu qolf kursuna aparırdı.

"Bilirsiniz həmin an mənim beynimdən hansı fikir keçirdi? Buna bax e…Bu yenə də qolf oynamağa gedir" - deyib qadın.

Briskman-ı əsəbiləşdirən bir də bu idi ki, həmin vaxt Puerto Rikoda təbii fəlakət baş vermişdi, uşaqkən Birləşmiş Ştatlara gətirilmiş miqrantlar qovula bilərdilər, Las Vegas-da elə bir faciə baş vermişdi.

"Mən bütün bunlar barədə fikriləşərkən qara maşınların karvanı məni ötdü. Bəli, o, yenə qolf kursuna yollanırdı" - qadın The Washington Post qəzetinə deyib.

Maşın karvanı keçəndə qadının heç ağlına da gəlməmişdi ki, onun orta barmağı ilə verdiyi "salamı" AFP və Getty Images agentlikləri üçün işləyən fotomüxbir Brendan Smialowski çəkə bilər.

Bu şəkil dərhal media fırtınası yaratmışdı.

"Hə…mənəm. Çox gülməlidir eləmi?" - deyə o rəfiqələrinin fotoşəkil barədə suallarına cavab verib.

İndi Julia Briskman bu şəkli öz Facebook səhifəsinin divarına çevirib. O, bu şəkli həm də özünün Twitter sosial şəbəkəsindəki hesabında profil fotosu edib. Amma onun işlədiyi yoqa firmasının sahibi şəkillərin sosial mediadan çıxarılmasını tələb edib. Həm də Julia-ya hədə dolu e-maillər gəlirdi.

O, çalışdığı hökumət şirkəti Akima-dakı rəhbərlərinə fotodakı qadının özü olduğunu etiraf edib.

Lakin onu Hellouin bayramı günündə işindən qovublar və şirkətin binasından mühafizəçilərin müşayiəti ilə çıxarıblar.

Onun işdən qovulmasını "qeyri-peşakar hərəkətlə" əlaqələndiriblər, halbuki hadisə həftəsonu baş vermişdi və onun əynində dövlət şirkətində çalışdığını göstərən heç bir geyim yoxdu.

"Mən həmin gün heç işləmirdim də… Amma onlar dedilər ki, mən şirkətin davranış məcəlləsini pozmuşam".

Amma iki yeniyetmə anası olan xanım Briskman peşman deyil.

"Mən bunu bir də edərdim" - o, deyib.

Fotonun müəllifi Reuters

Neftin qiyməti niyə qalxır və niyə yenidən düşə bilər?

"The Guardian" yazır ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi antikorrupsiya repressiyalarına başlayandan sonra neft qiymətləri 2015-ci ilin iyulundan bəri ən yüksək həddinə çatıb.

Məqalədə deyilir ki, milyarder şahzadə Əlvalid bin Təlal da Məhəmməd bin Salman tərəfindən həbs edilən şahzadələrin və nazirlərin arasındadır.

OPEC karteli noyabrın sonunda Vyanada keçiriləcək görüşündə hasilat ixtisarı müddətinin uzadılması məsələsinə baxılacağını bildirib.

Təhlilçilər deyirlər ki, Brent neftinin qiymətinin ilin birinci hissəsindəki 50 dollardan 62 dollara sıçramasında Səudiyyənin gələcək kralının hərəkətlərindən doğan siyasi qeyri-müəyyənlik əsas rolu oynayıb.

Sun Global İnvestments sərvət menecmenti firmasının baş direktoru Mihir Kapadi deyib ki, "son qiymət qalxımının əsas səbəbi Səudiyyə Ərəbistanından qaynaqlanan qeyri-müəyyənlikdir".

"The Guardian" yazır ki, neftin qiymətini qaldıran başqa faktorlar da var. Səudiyyə Ərəbistanı, Rusiya, Qazaxıstan və Özbəkistan ötən həftəsonu görüşərək neft qiymətlərinin qaldırılması məqsədilə hasilatın ixtisarı müddətinin uzadılmasına razı olduqlarını bildiriblər.

Bundan əvvəl dünyanın üçüncü böyük neft istehsalçısı olan ABŞ-da buruq saylarının artması neft qiymətlərinin yüksəlişinə mane olurdu, lakin yeni quyuların artımı avqust ayında dayanıb. Təkcə ötən həftə buruqların sayı 11 ədəd azalaraq 898-ə düşüb.

Başqa geosiyasi hadisələr də neft qiymətinin dirçələşinə təsir edib. Bu mənada İraq hökumətinin Kürdüstanın neftli ərazilərindəki fəaliyyəti xüsusi təsirə malik olub.

Bundan başqa Niger deltasında da neft infrastrukturları üzərinə hücumların sayı artıb.

Lakin İsveçrənin Julius Baer bankçılıq qrupunun ekspertləri deyirlər ki, neftin qiyməti yenidən 50 dollara enəcək, çünki xammala tələbat azalıb.

Vitol neft ticarəti şirkətindən Ian Taylor "The Guardian" qəzetinə bildirib ki, o neft qiymətlərinin gələn il 55-57-yə düşəcəyini gözləyir.

Təhlilçilər deyirlər ki, Səudiyyədə gələcək kralın apardığı repressiyalar onun OPEC siyasətini dəyişməyəcək. Məhəmməd bin Salman Aramco dövlət neft şirkəti səhmlərinin 5 faizinin əcnəbilərə satılmasını istəyir. Bu səhmlərin qiymətləri neftin qiymətlərindən asılı olacaq.

RBC Capital Markets bankının təhlilçiləri inanırlar ki, bin Salman OPEC razılaşmasının 2018-ci ilədək uzadılması və Aramco səhmlərinin satışı firkindən dönməyəcək.

HedgeEye şirkətinin təhlilçisi Joseph McMonigle deyib ki, Səudiyyədəki qeyri-müəyyənlik başqa neft hasil edən regionlara da təsir göstərib.

O bildirib ki, neft bazarları onsuz da İraqın kürd müstəqilliyi referendumuna reaksiyasına görə geosiyasi risk əndişəsində idi. ABŞ-ın İran üzərinə yeni sanksiyaları və Venesueladakı vəziyyət bu riskləri artırıb.

Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft hasilatçısı və OPEC-in aparıcı üzvüdür. OPEC-ə daxil olan İraq və Birləşmiş Ərəb Əmirlikləri də hasilat ixtisarı vaxtının uzadılmasını dəstəkləyəcəklərini bildiriblər.

Fotonun müəllifi Getty Images

John Kerry İran sazişini xilas etməyə çalışır

"The Independent" qəzetinin məqaləsində deyilir ki, ABŞ-ın keçmiş dövlət katibi John Kerry İranla nüvə sazişinin iflasa uğramasının dünyanı daha təhlükəli bir yerə çevirəcəyi barədə xəbərdarlıq edib.

Keçmiş dövlət katibi prezident Donad Trump-ın bu sazişi ləğv etməsinin qarşısını almağa cəhd göstərən Avropa liderləri ilə Londondakı Chatham House mərkəzində görüşüb. Prezident bütün dəlillərə rəğmən iddia edir ki, İran nüvə sazişinin "ruhuna" əməl etmir.

Kerry deyib ki, üstəlik İranla sazişin zəiflədilməsinə cəhd Yaxın Şərqdə baş verən başqa hadisələrlə birlikdə daha böyük narahatlıq yaradır. Səudiyyə Ərəbistanında şahzadələr və nazirlər həbs edilir, Yəməndən Səudiyyə ərazisinə raket atılır, Livanın baş naziri Saad Həriri İranı ona sui-qəsd hazırlamaqda ittiham edərək istefa verir…

Cənab Kerry İran və dünya gücləri arasında həyati nüvə razılaşmasının əldə edilməsində həlledici rol oynayıb.

"Sadə şeyləri başa düşmək lazımdır. İranla nüvə sazişi işləyir. Bu saziş imzalandığı məqsəd istiqamətində işləyir. Prezident Trump-ın İranın sazişin şərtlərini yerinə yetirməsini təsdiq etməməsinin heç bir əsası yoxdur. Beynəlxalq Atom Enerjisi agentliyi İranın sazişin şərtlərinə əməl etdiyini səkkiz dəfə təsdiqləyib" - deyib Kerry.

O, İranın guya sazişin "ruhunu" pozması barədə Trump-ın mülahizəsini rədd edib.

"Bu sazişin ruhu yoxdur. Bu sazişdə diqqət nüvə məsələlərinə yönəldilib və nəticələr də var. Sazişin pozulması barədə iddialar havadan götürülüb…" - deyib keçmiş dövlət katibi.

Vyetnam müharibəsində ABŞ donanmasında xidmət etmiş cənab Kerry çıxışında deyib ki, sülhün həmişə qalib gəlməsi mühümdür.

"The Independent" yazır ki, Vyetnam müharibəsi çağırışından yayınmış Donald Trump isə Amerikanın düşməni saydıqlarını dəfələrlə hədələməklə məşğulur.

Londondakı Chatham House analitik mərkəzində çıxış edən Kerry yaxasında gəzdirdiyi "xatirə laləsinin" mənası barədə suala belə avab verib:

"Bizim bunu yaxamıza taxmağımızda məna var. Biz bu lalələri taxırıq ki, əvvəlcə bütün diplomatik vasitələri tükəndirmək ehtiyacının olduğunu unutmayaq. Unutmayaq ki, axmaqlıq və səhvlər çox sayda ölümlərə səbəb ola bilər".

Britaniyada noyabrın ilk günlərindən adamların yaxalarına taxdıqları lalə nişanları Birinci Dünya Müharibəsində həlak olanların xatirəsini yad etmək üçündür.

Keçmiş dövlət katibi London görüşü zamanı İsrailin baş naziri Benjamin Netanyahu-nun prezident Barack Obama-nı dilə tutmasını xatırlayıb. İsrail lideri ABŞ-ın İranı bombalamasını istəyirdi.

"Ölkəni bombalamaqla sən ona bomba əldə etmək ehtiyacı yaradırsan. İran sazişi İsrail üçün daha böyük təhlükəsizlik təmin edir" - deyib Kerry.