Britaniya mətbuatı: Trump Rusiya üçün əhəmiyyətini itirib

Fotonun müəllifi AFP

"The Independent" qəzetinin Moskva müxbiri Oliver Carroll yazır ki, Donald Trump-ın ötən ilki seçkidə gözlənilməz qələbəsi Moskvada eyforiya dalğası yaratmışdı. Bayram edənlər təkcə Kremldəkilər deyildilər. Clinton-un sərt bir prezident olacağından narahatlıq keçirən bir çox liberal düşüncəli ruslar rahatlıqla nəfəs almışdılar. Rusiyanın bəzi yerlərində inaqurasiya qonaqlıqları keçirilmişdi.

"Lakin ən məmnun olanlar hündür qırmızı hasarların arxasındakılar idi, - qəzet yazır, - Onların yüksək riskli strategiyası bəhrə vermişdi. Kreml öz adamını əldə etmişdi".

İndi artıq Ruisya və Amerika prezidentləri yanaşı idilər. İndi tam əməkdaşlıq üçün meydan açılmışdı, lakin…reallıq tamam başqa cür oldu.

Amma Rusiyanın bu xəyali bal ayı demək olar, dərhal qanqaraçılığa çevrildi. Bunun əsas səbəbi rusların Trump-ı prezident etmək üçün fırıldağa əl atmaları barədə iddialar idi. Tezliklə məlum olmuşdu ki, Rusiya əvvəlcə xanım Clinton-a qarşı, daha sonra isə Trump-ın xeyrinə çalışıb.

Məqalədə deyilir ki, hazırda bütün bu deyilənlərlə bağlı dörd təhqiqat aparılır. Daha sonra isə yeni sanksiyalar qoyulub, diplomatik binalar müsadirə olunub, diplomatlar iki ölkədən qarşılıqlı şəkildə qovulub. Kremlin maliyyələşdirdiyi Rusiya Today "dövlət agenti" adlandırılıb, ona Tvitterdə elanlar vermək qadağan olunub. Rusiya isə bunun əvəzini CNN-dən, Azadlıq radiosundan, "Amerikanın səsi"ndən və hətta Tvitterdən çıxmaq istəyir.

İndi iki ölkə arasında münasibətlər Soyuq müharibədən bəri ən aşağı səviyyədədir.

Onsuz da gərgin olan münasibətlər şəraitində Rusiya anti-Amerika ritorikasını ucaldıb. Guya Amerika Suriyada Rusiyanın dəstəklədiyi qüvvələrə ziyan vurmaq üçün İŞİD-lə anlaşmaya daxil olub, Amerika müsadirə olunmuş missiyaların binalarından Rusiya bayrağını çıxarmaqla dövlət atributunu təhqir edib və sair.

Lakin Qərbə tərəf axıdılan çirkab əsnasında ABŞ prezidenti ipə-sapa yatmaq bilmir. Özünün siyasi televiziya şoularında Trump iddia edir ki, "saxta xəbərlər" və "rusofobiya" onun rusiyayönlü addımlarını bloklayır. Ötən ay Valday forumunda çıxış edən Putin isə adamları onun amerikalı həmkarına hörmət etməyə çağırıb.

"Onlar hələ də Trump-a pozitiv yanaşırlar, - Kremlin keçmiş müşaviri Vladimir Frolov deyir, - Hər halda o ən azı Amerikanı xaosa qərq edərək onu Rusiya ilə qarşıdurmadan çəkindirib".

Bir neçə Rusiya hökumət rəsmisi "The Independent" qəzetinə deyib ki, indi Birləşmiş Ştatlarda ABŞ-Rusiya siyasətini kimin apardığı bəlli deyil. ABŞ Dövlət Departamentində vəzifələr boş qalır, Ağ Evdə əməkdaş çatışmır və ümumilikdə, Trump administrasiyası işin öhdəsindən gəlmir. Rusiya rəsmiləri hesab edirlər ki, Trump Rusiya siyasəti üzərində nəzarəti Konqresə uduzub.

"Cənab Trump ABŞ-Rusiya siyasətində hələ də dəyərlidir, çünki o bu münasibətləri qatıb-qarışdırıb" - hokumət elitasına yaxın ekspertlərdən Fyodor Lukyanov deyir. Onun fikrincə, Trump indi siyasi fiqur yox, ABŞ-ın daxili siyasətində alətdir.

Lukyanov daha sonra deyib ki, Rusiya elitasında indi heç kim eyforiya keçirmir - vəziyyət dəyişir.

Məqalədə deyilir ki, bunu istəməsə də, Kreml bir müddət ABŞ xəbərlərinin başlıqlarında olacağını anlayır. Trump-Rusiya münasibətlərini araşdıran xüsusi prokuror Robert Mueller təhqiqatına yenicə başlayıb, artıq ev məhbusu olanlar var.

Frolov isə deyir ki, Kremlin narahatlığı artıb və çox güman hakerlikdən kampaniyaları təsirləndirmək üçün indi daha az istifadə olunacaq, amma hakerlik casusluq aləti kimi davam edəcək.

Ekspertin sözlərinə görə, vəziyyətin "xeyli təhlükəli" olduğunu başa düşürlər. Rusiyanın müdafiə sektoruna və oliqarxlara qarşı sanksiyalar fevralda qüvvəyə minəcək. Məntiqlə bu, münasibətlərin daha da pisləşməsi deməkdir.

"The Independent" yazır ki, bütün bunlar indi Donald Trump-ın Ruisya üçün heç bir önəm daşımadığını göstərir.

Fotonun müəllifi AFR/GETTY IMAGES

Çılpaq şəklini internetdə görmək istəməyənlər bu şəkli Facebook-a göndərməlidirlər

"The Guardian" qəzetinin yazdığına görə, Facebook özlərini "porno intiqamından" qorumaq istəyən istifadəçilərdən onların çılpaq fotolarını istəyib.

İstifadəçilər keçmiş partnyorları ilə çılpaq vəziyyətdə intim münasibətlərini əks etdirən foto və videolarının paylaşılmasının qarşısının alınması üçün bu materialları Facebook-a yollamalıdırlar.

Facebook bu foto və videoları rəqəmsal şifrəli ştampa çevirəcək və onların post lentində peyda olması avtomatik bloklanacaq.

Facebook yeni texnologiyanı Avstraliya hökuməti ilə birgə həyata keçirir.

Ekspertlər bildirirlər ki, bəzən nə vaxtsa istifadəçinin razılığı ilə çəkilmiş video və fotolar sonradan şantaj predmetinə çevrilir.

New York-da mənzillənmiş seksual sirlər vəkili Carrie Goldberg deyib ki, o, Facebook-un bu problemin çözümünə çalışmasından məmnundur.

Avstraliya pilot layihəsinə görə istifadəçilər əvvəlcə İnternet Təhlükəsizliyi Nazirliyinin saytında verilmiş xüsusi formanı doldurmalıdırlar. Bu anketlərdə onlar nədən narahat olduqlarını bildirməlidirlər.

Bundan sonra onlardan narahat olduqları foto və videoları Messenger vasitəsilə göndərmələri rica ediləcək.

Öz növbəsində nazirlik materialları aldığı barədə Facebook-a bildiriş göndərəcək. Facebook bu bildirişi aldıqdan sonra kompüter proqramçısı materialların şifrəli ştampını çıxaracaq.

Xüsusi proqram bu ştampları olan foto və video materialların paylaşılmasını avtomatik bloklayacaq.

Facebook materialları qısa müddət saxladıqdan sonra silməyə borcludur.

"The Guardian" yazır ki, 2016-cı ilin bir hesabatına görə, ABŞ internet istifadəçilərinin təxminən 4 faizi "qisas pornosunun" qurbanı olur.

Fotonun müəllifi Getty Images

Arvad ərin xəyanətindən göyün yeddinci qatında xəbər tutanda

"The Telegraph" yazır ki, Balidən Dohaya uçan təyyarə bir sərnişin qadın ərinin ona xəyanət etdiyindən uçuş vaxtı xəbər tutduğuna və bu səbəbdən dava-dalaş saldığına görə təcili qaydada Hindistanın Çennay limanında təcili eniş etməli olub.

Məqalədə deyilir ki, iranlı cütlük və onların uşağı İndoneziyanın cənnət məkanı olan Denpasarda istirahətə gedirdilər.

Bəzi məlumatlara görə, qadın uçuş zamanı mobil telefonu açmaq üçün yuxuya getmiş ərinin baş barmağını telefonun ekranına basıb. Qadın ərinin barmağı ilə telefonu açdıqdan sonra həyat yoldaşının ona xəyanət etdiyini başa düşüb.

Bu da xəbər verilir ki, içkili vəziyyətdə olan qadın tamamilə nəzarətdən çıxıb. Təyyarə heyətinin qadını sakitləşdirmək cəhdləri heç bir nəticə verməyib və pilot Qatar Airways reysinin ağzını Hindistanın Çennay aeroportuna döndərib.

Mərkəzi Təhlükəsizlik Qüvvələrindən "Times of India" qəzetinə verilən məlumatda deyilir ki, ekipaj Çennay hava limanından "intizamsız sərnişinlə" əlaqədar təcili eniş icazəsi istəyib.

Rəsmilər bildirirlər ki, "qadın, onun əri və uşaq burada təyyarədən düşürülüblər və reys Baliyə uçuşunu davam etdirib".

"The Telegraph" yazır ki, ailənin Hindistan vizası olmadığına görə onları saxlama məntəqəsinə yerləşdiriblər.

Xəbər verilir ki, ailə Çennay hava limanında bir gün qaldıqdan sonra Batik Air şirkətinin təyyarəsi ilə Kuala Lumpura, oradansa Dohaya uçub.

Ailəyə qarşı heç bir polis tədbirinə əl atılmayıb.

Təyyarələri izləyən FlightRadar24 saytı göstərir ki, təyyarə Çennaya doğru istiqaməti Hindistanın şərq sahili üzərində olarkən götürüb. Təyyarə buradan Hind okeanı üzərinə keçərək Denpasar tərəfə uçmalı idi.

Baliyə uçan təyyarə insidentə görə iki saat gecikib.

Qatar Airways şirkəti "sərnişinlərin şəxsi sirlərinə hörmət" prinsipini əsas gətirərək heç bir şərh verməyib.

Əlaqəli mövzular