Fransa prezidenti Macron Səudiyyə Ərəbistanına qəfil səfər edib

Səudiyyə Ərəbistanı Fotonun müəllifi AFP/Getty Images
Image caption Fransa prezidenti Emmanuel Macron Səudiyyə Ərəbistanına gözlənilməz səfər edib

Fransa prezidenti Emmanuel Macron deyib ki, Səudiyyə Ərəbistanına planlaşdırılmamış səfəri zamanı o, Livanda sabitliyin vacib olduğunu vurğulayacaq.

Bir neçə gün öncə Livanın baş naziri Saad Hariri Riyadda olduğu zaman həyatına təhlükə olduğunu deyib və sonra istefa verib.

Bu, Saad Hariri-nin rəsmi Riyadın təzyiqləri nəticəsində istefa verməsi şübhələrinə yol açıb.

Macron deyib ki, o, Yəmən böhranını Səudiyyə liderləri ilə müzakirə edəcək.

Səudiyyənin rəhbərlik etdiyi koalisiya müharibədən parçalanmış Yəmənə bütün yardım marşurutlarını bağlayıb.

Bu qərar Yəməndən Riyada raket atıldıqdan sonra verilib. Şənbə günü Səudiyyə Ərəbistanının paytaxtı, Riyad yaxınlığında bir ballistik raket vurularaq yerə salınıb.

Səudiyyə Ərəbistanı hücumda İranın dəstək olduğu Livan hərbi birləşməsi olan Hizbullahı günahlandırıb.

BMT blokadanın dayandırılması və yardımların çatdırılmasının bərpa edilməməsi zamanı milyonlarla insanın zərər görəcəyindən və livanlıların son on ilin ən böyük aclığı ilə üzləşəcəyindən narahatdır.

Livanlıların əksəriyyəti ölkələrinin böyük sünni güc olan Səudiyyə Ərəbistanı ilə onun bölgədəki böyük rəqibi, əsasən, şiə təriqətinə mənsub İran arasında munaqişə meydanına çevriləcəyindən qorxur.

Səudiyyə Ərəbistanı Livandakı vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.

Fransa prezidenti Səudiyyə taxt-tacına vəliəhd şahzadə Mohammed bin Salmanla da görüşmək istədiyini bildirib.

Cənab Macron deyib ki, o, "Livanın stabilliyini və bütövlüyünün əhəmiyyətini vurğulamaq" istərdi.

"İstəyim budur ki, bütün Livan siyasi rəsmiləri Livanda azad yaşasınlar. Bu, istənilən lideri hədələyənlərə qarşı çox sərt tələb mənasını daşıyır".

Fransa prezidenti Livanın baş naziri ilə qeyri-rəsmi əlaqə saxladığını da bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş