Britaniya mətbuatı: "Keçmiş kəşfiyyat başçısı: "Trump-ı Rusiya oynadır..."

Fotonun müəllifi AFP
Image caption ABŞ-ın iki keçmiş kəşfiyyat başçısı: "Donald Trump ABŞ üçün "təhlükə" təşkil edir, çünki o, Rusiya tərəfindən oynadılır"

Keçmiş kəşfiyyat başçısı: "Trump-ı Rusiya oynadır..."

ABŞ-ın iki keçmiş kəşfiyyat başçısı bəyan ediblər ki, Donald Trump ABŞ üçün "təhlükə" təşkil edir, çünki o, Rusiya tərəfindən oynadılır.

Bu bəyanatdan az əvvəl Donald Trump Putinin, Rusiyanın ABŞ seçkisinə müdaxilə etmədiyi barədə açıqlamasına inandığını bildirmişdi.

Milli Təhlükəszilik Agentliyinin keçmiş rəhbəri James Clapper və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş başçısı John Brennan onları "siyasi badalaq" adlandıran prezidentə sərt cavab veriblər.

Trump bu iki keçmiş rəsminin Rusiyanın ABŞ seçkisinə müdaxilə etdiyi barədə qənaətlərini tənqid etmişdi.

"Birincisi, o bizi "siyasi badalaq" adlandırır, çünki kəşfiyyatın gəldiyi nəticələrin legitimliyinə şübhə yaratmaq istəyir" - Brennan CNN telekanalına deyib.

O əlavə edib ki, Rusiyanın seçkiyə müdaxilə etdiyinə dair nəticələrə şübhə yaratmaqla Trump Putinin əlinə oynamış olur.

Brennan bunu da qeyd edib ki, bütün bunlar cənab Putinə Donald Trump-ın onun qılığına girə bilən xarici liderlər tərəfindən idarə olunmasının mümkünlüyünü nümayiş etdirir, bu isə milli təhlükəsizlik üçün son dərəcə böyük hədədir.

Xüsusi prokuror Robert MuellerTrump-ın köməkçilərinin Kremllə mümkün sövdələşməsini araşdırır və bu təhqiqatın gedişində artıq ittihamlar irəli sürülüb.

Ötən şənbə günü prezident Trump Air Force 1 təyyarəsinin göyərtəsində jurnalistlərə demişdi ki, Rusiya ilə münasibətlərin korlanması "milyonlarla insanın həyatı bahasına başa gələ bilər".

Prezident Rusiyanın seçkiyə müdaxiləsinə dair iddiaları Putinin nəzərinə çatdırıb-çatdırmadığı barədə suala cavab verərkən deyib ki, o, Rusiya prezidentinin bəyanatına inanır.

"O hər dəfə məni görəndə deyir ki, mən bunu etməmişəm və mən ona inanıram" -Trump deyib.

Da Nanqda keçirilən APEC summitindən sonra Trump adəti üzrə yazdığı tvitdə "nifrətçilərə və axmaqlara" müraciətlə bəyan edir ki, "Rusiya ilə yaxşı münasibət yaxşı şeydir, çünki o, Şimali Koreya problemini həll etmək istəyir".

Ötən həftəsonu Trump Şimali Koreya liderini "gombul və qısaboy" adlandırıb.

Trump APEC sammiti ərzində regional liderlərlə görüşlər keçirib.

Bazar günü Vyetnamda jurnalistlərin suallarına cavab verən John Kelly prezidentin internetdəki "fəaliyyətinin" yaratdığı qalmaqalı yatırmağa çalışıb və deyib ki, o Trump-ın tvitlərini oxumayıb.

Kelly deyib ki, tvitlərə əhəmiyyət verməyə dəyməz, çünki həyatı onlar yox, görülən işlər idarə edir.

Lakin elə bazar günü Trump öz sözlərinin əksinə gedərək deyib ki, o ABŞ kəşfiyyatına etibar edir.

Buna baxmayaraq, Clapper Trump-ın şənbə günü dediklərindən yapışıb. O, CNN telekanalına deyib ki, belə mövqe dəyişiklikləri Trump-ın zəifliyini nümayiş etdirir.

O bildirib ki, Trump prezidentliyin gətirdiyi dəbdəbədən zövq alır və bu xüsusiyyət onun zəifliyini göstərir.

"Mən düşünürəm ki, ruslar və çinlilər Trump-ı oynada bilərlər," -Brennan deyib.

Trump həm demokratların, həm respublikaçıların hakimiyyəti altında çalışmış ClapperBrennan-ı, habelə keçmiş FTB rəhbəri Comey-ni "bu Rusiya məsələsinə" görə sərt tənqid edib.

Brennan deyib ki, o, Trump-ın tənqidlərini "şərəf ordeni" hesab edir.

"Veteranlar günündə bütün həyatını bu ölkəyə həsr etmiş Jim Clapper barəsində şübhə yaratmaq cəhdi hiddət doğurur. Məncə, cənab Trump bundan utanmalıdır. Amma belə görünür ki, onun öz hərəkətlərindən utanmaq qabiliyyyəti yoxdur," -Brennan deyib.

Trump-ın maliyyə naziri keçmiş kəşfiyyat başçılarının dediklərini "axmaq bəyanatlar" adlandırıb.

"Prezident Trump-ı heç kəs oynatmır, - maliyyə naziri Steven Mnuchin CNN telekanalına deyib, - prezident Trump diqqətini Şimali Koreya və Suriya kimi ciddi sahələrə yönəldib və biz bu sahələrdə Rusiya ilə işləyib onları öz strategiyamıza çəkməliyik".

Fotonun müəllifi Getty Images
Image caption "İbtidai məktəblərdə oğlanlara istədikləri halda dikdaban ayaqqabı və balerina ətəyi, qızlara isə alət kəməri və yanğınsöndürən dəbilqəsi geyinmək icazəsi verilməlidir"

Kilsə oğlan uşaqlarına dikdaban geyinmək icazəsi verir

İngiltərə Kilsəsinin müəllimlər üçün gender məsələlərində qaydalar kitabında deyilir ki, ibtidai məktəblərdə oğlanlara istədikləri halda dikdaban ayaqqabı və balerina ətəyi, qızlara isə alət kəməri və yanğınsöndürən dəbilqəsi geyinmək icazəsi verilməlidir.

Kanterberi arxiyepiskopu tərəfindən təsdiqlənmiş qaydalar kitabında deyilir ki, uşaqlar ittihamla üzləşmədən öz hiss etdikləri kimi olmaq imkanı əldə etməlidirlər.

Məqalədə qeyd olunur ki, kilsənin qaydalar kitabında bu məsələyə xüsusi diqqət yetirməsinin səbəbi son vaxtlar çox sayda uşağın öz cinsi oriyentasiyasını sual etməsidir.

Gender Kimliyi İnkişafı Xidmətinin bu ilin əvvəllərində verdiyi məlumata görə, şimali London klinikalarına müraciət edən 18 yaşınadək olanların sayı 2011-ci ildəki 314-dən ötən il 2016 nəfərə çatıb.

Qaydalarda deyilir ki, "uşaqların özünütəsəvvür yaradıcılığı kimi azadlıq məkanına müqəddəs haqqı vardır".

Bundan başqa müəllimlərə uşaqların cinsi kimlik xüsusunda incidilməsi və lağa qoyulmasının qarşısının alınması yolları göstərilir.

İngiltərədə ibtidai məktəblərin əksəriyyəti formal olaraq İngiltərə kilsəsinin nəzdində hesab olunur.

Qaydalar kitabında məktəblərdə özünün rəsmi cinsinə uyğun gəlməyən uşaqların təhqir edilməsinin və ya lağa qoyulmasımının yolverilməz olduğu bildirilir.

"Allahın bütün uşaqları" adlı tövsiyələr kitabını təqdim edərkən Kanterberi arxiyepiskopu Justin Welby deyib: "Xristian ilahiyyatının mərkəzində duran budur ki, bizim hamımızı Allah öz surətində xəlq edib".

"The Telegraph" yazır ki, İngiltərə məktəblərinin çoxu uşaqlara cinsi baxımdan sərbəst geyinmək imkanı verir.

Yaşı 18-dən aşağı olanlar cinsiyyətlərinin bədənlərinə uyğun olmadığından şikayət etdikdə onlara cərrahiyyə əməliyyatı təklif edilməsə də, cinsiyyəti məhdudlaşdıran hormonlar verilir.

Son məlumatlara görə, hazırda İngiltərədə 800-dək uşaq cins dəyişməsi üçün hormonal müalicə kursu keçir.

Tənqidçilər bildirirlər ki, bunun tibbi riskləri kifayət qədər öyrənilməyib.

Lakin kampaniyaçıların fikrincə, uşaqların öz cinsi oriyentasiyalarını qısmağa məcbur edilməsi onların sonrakı yaşlarda ruhi sarsıntılardan əzab çəkmələrinə yol aça bilər.

Bu ilin əvvəllərində təhsil naziri Justine Greening deyib ki, hazırda gender dəyişməsinin sürətləndirilməsi prosesi işlənib hazırlanır.

Qaydalarda deyilir ki, uşaqlara "gey" sözünün lağ mənasında işlədilməsinin düzgün olmadığı aşılanmalıdır.

Məqalədə qeyd edilir ki, xeyriyyələr və LGBT kilsənin qaydalar kitabını alqışlayıblar.

İngiltərə kilsəsinin 4700 məktəbində bir milyondan artıq uşaq təhsil alır.

Bəzi islahatlar İngiltərə Kilsəsinin öz daxilində ixtilaflara səbəb olur.

Ötən həftə ali kilsə şurasının üzvlərindən biri Kilsə içində "kafirliyin" qol-qanad aşmasını tənqid edərək vəzifəsindən istefa verib.

Bu barədə daha geniş