İran zəlzələsindən salamat çıxanlar kömək gözləyir

Çərşənbə axşamı Sərpol Zəhab şəhərinə prezident Həsən Ruhani baş çəkib Fotonun müəllifi Reuters
Image caption Çərşənbə axşamı Sərpol Zəhab şəhərinə prezident Həsən Ruhani baş çəkib

Ölkənin qərbində baş vermis zəlzələdən sonra ikinci gecəni soyuq havada keçirməli olan minlərlə iranlı kömək gözləyir.

Hökumət dağlıq vilayət olan Kirmanşahda evləri dağılan sakinlərə yardım çatdırmağa çalışır.

Noyabrın 13-də İran-İraq sərhəddində baş vermis zəlzələdə təxminən 540 nəfər ölüb, 8 minə yaxın yaralanan var.

İran noyabrın 14-də Milli Matəm günü elan edib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
İran-İraq sərhədində ölümcül zəlzələ anı

Çərşənbə axşamı günü bölgəyə baş çəkən İran prezidenti dövlət tərəfindən inşa edilmiş evlərin daha çox zədələndiyini deyib.

Həsən Ruhani buna cavabdeh olanların məsuliyyətə cəlb ediləcəyini deyib.

Xilasedicilərin dağıntılar altında sağ qalanların olmasına ümidi azalıb.

İranın dövlət televiziyası sağ qalan sakinlərin əldəqayırma çadırlarda və ya açıq havada gecələdiyini göstərib.

Evləri salamat qalan sakinlər də ara-sıra baş verən zəlzələsonrası yeraltı təkanlara görə evlərinə qayıtmağa qorxurlar.

Fotonun müəllifi EPA
Image caption Çoxlu yaralılar var

"Çox soyuq gecədir… bizim köməyə ehtiyacımız var. Hər şeyə ehtiyac var. Hökumət gərək bizə kömək üçün tələssin", Sərpol Zəhab şəhərinin sakini, gənc qadın deyir.

Qurbanların çoxu bu şəhərdəndir.

Zəlzələnin dağıdıcı təsirinə məruz qalan daha bir şəhər - Qəsri Şirin 42 yaşlı sakini deyib ki, insanlar isinmək üçün taxta qutuları yandırır.

"Biz çadırda yaşayırıq, ərzaq və su çatışmır", - Əli Gulani deyib.

"Uşaqların ağladığını eşidə bilərsiniz, çox soyuqdur. Onlar isinmək üçün valideynlərindən aralanmır - vəziyyət çox pisdir!"

Daha əvvəl bir yardım agentliyi bildirib ki, 70 min adama çadır lazımdır. BMT deyir ki, "tələb edilsə, onlar yardıma hazırdırlar".

İslam İnqilabi Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri deyib ki, daha çox çadırlara, su və ərzağa ehtiyac var.

Fotonun müəllifi EPA
Image caption Zəlzələ regionunda səyyar xəstəxana qurulub

Regiona baş çəkən Məhəmməd Əli Cəfəri dövlət televiziyasına bildirib ki, binaların yenidən qurulmasına ehtiyac var.

İran Qızıl Aypara Cəmiyyəti deyib ki, bir çox ərazilərdə su çatmır, elekltrik enerjisi kəsilib və yollar bağlandığından yardım çatdırmaq çətinləşib.

Təşkilatın İranda mənzillənən nümayəndəsi 12 min yaşayış evinin "tamamilə çökdüyünü" bildirib.

BBC-ə danışan Mənsurə Bağiri deyib ki, xilasetmə əməliyyatının başa çatdığına görə insanların çevik şəkildə sığınacaqla təmin olunması əsas məsələdir.

İranın hərbi helikopterləri yardıma cəlb olunub. Rəsmi İrna xəbər agentliyi bildirir ki, Qızıl Aypara Cəmiyyətinin 30 komandası zəlzələ ərazilərində işləyir.

Rəsmilər 30 min evin dağıdıldığını, iki kəndin yerlə-yeksan olduğunu açıqlayıblar.

Sərpol Zəhabda dağıntılar altında sağ qalmış bir qadın uşağı ilə çıxarılıb, İran mediası yazıb.

Noyabrın 12-də gecə saatlarında İran-İraq sərhəddində 7,3 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar Türkiyə, İsrail, Küveytdə, hətta Azərbaycanın Naxçıvan və cənub bölgəsində də hiss edilib.

Bu barədə daha geniş