Zimbabve: Hakim partiya Mugabe-nin siyasi gələcəyinə dair qərar verəcək

Sit-in outside State House
Image caption Zimbabve paytaxtı Hararedə minlərlə adam prezident Mugabe-ni vəzifəsindən getməyə çağırıb.

Robert Mugabe-nin yaratdığı və hazırda ölkənin hakim siyasi qüvvəsi sayılan Zanu-PF partiyasında onun ən yaxın müttəfiqləri Zimbabve prezidentini istefa verməyə çağırıblar.

Partiyanın yüksəkvəzifəli rəsmiləri Zanu-PF-in bazar günü keçiriləcəyi gözlənilən iclasında Zimbabve liderinin siyasi taleyini müzakirə etmək niyyətindədir.

Mugabe-yə həmişə loyal olan partiyanın Gənclər Liqası mövgeyini dəyişərək indi ona qarşı çıxış edir.

Ordu rəhbərləri də Mugabe ilə bazar günü görüşməyi planlaşdırır.

Dövlət televiziyasının məlumatına əsasən, tərəflər arasında danışıqlar Katolik kilsə vaizinin vasitəçiliyi ilə keçiriləcək.

Zanu-PF Gənclər Liqası Zimbabve prezidentinin müttəfiqlərini "talançılıq və soyqunçuluqda", onun arvadı Grace-i isə "meşşanlıq, biclik və itaətsizlikdə" ittiham edərək, Robert Mugabe-ni istefa verməyə və "qocaman dövlət xadimi kimi istirahətə çıxmağa" çağırıb.

Zanu-PF partiyasının 10 özək təşkilatından doqquzu Mugabe-ni istefa verməyə çağırıb, bazar günü keçiriləcək partiyanın mərkəzi komitəsinin iclasında həmin təşkilatların çıxardığı qərarın təsdiqlənəcəyi gözlənilir.

Zimbabve 1980-ci ildə Britaniyadan müstəqillik qazandığı gündən ölkəyə Robert Mugabe rəhbərlik edir.

Şənbə günü Zimbabve paytaxtı Hararedə on minlərlə adam küçələrə çıxaraq, ordunun ölkəyə nəzarəti ələ almasını dəstəkləyib və prezident Mugabe-ni vəzifəsindən getməyə çağırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş