Hindistanda nazirin "xərçəng Allahın cəzasıdır" deməsi qəzəblə qarşılanıb

Himanta Biswa Sarma is Assam state's health minister Fotonun müəllifi Getty Images
Image caption Himanta Biswa Sarma Hindistanın Assam ştatının Səhiyyə naziridir.

Hindistanda Assam ştatının Səhiyyə nazirinin xərçəng xəstəliyini "günahlara görə verilən Allah cəzası" adlandırması ölkədə qəzəblə qarşılanıb.

Çərşənbə günü keçirilən tədbirdə Himanta Biswa Sarma deyib ki, insanlar xərçəngə, o cümlədən, "valideynlərinin də günahlarına görə" tutula bilər.

Times of İndia qəzetinin yazdığına görə, nazir deyib: "Günahlarımıza görə Allah bizə cəza verir. Bəzən gənclərin xərçəngə və ya digər bir bəlaya tutulmasınının şahidi oluruq. Bu halları dərk etməyə çalışanda anlayırsan ki, bu, Allahın cəzasıdır. Başqa bir şey deyil. İlahi cəzanın əzabını çəkməliyik".

Xərçəng xəstələri və onların yaxınları nazirin bəyanatından məyus olduqlarını bildirib, sosial mediada onun ifadəsi qəzəbli tənqidlə qarşılanıb.

Müxalifət partiyaları nazirin söylədiklərini "yersiz" adlandıraraq, ondan ictimaiyyət qarşısında üzr istəməsini tələb edib.

Assam ştatının müxalifətçi Ümumhindistan Vahid Demokratik Cəhbəsi bildirib ki, nazir Sarma sözügedən bəyanatını "ştatda xərçəngin yayılmasının qarşısını ala bilmədiyini ört-basdır etmək üçün" verib.

Təxminlərə görə, xərçəng hallarına tutulma halları 2020-ci ilədək Hindistanda 25 faiz artacaq.

Hindistan hakim Bharatiya Janata partiyasının (BJP) üzvü olan Sarma dediklərinə sonradan aydınlıq gətirməyə çalışıb, lakin onun bu cəhdləri daha çox qəzəb doğurub.

Hindistan Tibbi Araşdırmalar Şurası tərəfindən aparılmış tədqiqatın nəticələrinə əsasən, məlumatsızlıq və müayinələrin aparılmaması üzündən pasiyentlərin yalnız 12,5 faizi xəstəliyə tutulduqda onun müalicəsinə erkən mərhələlərdən başlayır.

Əlaqəli mövzular

Bu barədə daha geniş