Britaniya mətbuatı: Məhəbbət adamı kökəldir. Xüsusilə də qadınları…

məhəbbət Fotonun müəllifi Getty Images

Britaniya mətbuatı yazır: Şimali İrlandiya, Şotlandiya, Uels və… hətta London Avropa İttifaqından çıxmaq istəmir; Erdoğan: "Amerika Türkiyəni diz çökdürə bilməyəcək" deyir; Məhəbbət adamı kökəldir. Xüsusilə də qadınları…"

Fotonun müəllifi AFP/GETTY
Image caption Britaniya baş naziri Theresa May Brexit üçün Avropa İttifaqından arzu edilən güzəştləri alacağına ümid bəsləyirdi

Şimali İrlandiya, Şotlandiya, Uels və… hətta London Avropa İttifaqından çıxmaq istəmir

"The Independent" yazır ki, Britaniyanın Avropa İttifaqından ayrılmaq cəhdi hər gün yeni bir maneə ilə üzləşir.

Brexit-dən sonra Britaniyanın bir parçası olan Şimali İrlandiya ilə müstəqil İrlandiya Respublikası arasında tənzimlənən əlaqələrin saxlanacağına dair xəbərlərin ardınca Şotlandiyanın birinci naziri Nicola Sturgeon deyib ki, Şotlandiyaya Avropa vahid bazarında qalmaq imkanı yaradılmalıdır.

Sızdırılmış razılaşma layihəsindən bəlli olub ki, Britaniya və İrlandiya rəsmiləri Brexit-dən sonra Şimali İrlandiyanın həm Avropa vahid bazarında, həm də gömrük ittifaqında qalmasının mümkünlüyü barədə razılığa gəliblər.

Şotlandiya millətçilərinin lideri bu xəbərlərdən çıxış edərək bildirib ki, Britaniya Avropa İttifaqından çıxsa da, Şotlandiya ittifaqla bütün ticarət sazişlərində qalmalıdır.

Şotlandiya liderinin bəyanatları Britaniyanın başqa bir muxtar əyalətində - Uelsdə də əks-səda verib. Uelsin birinci naziri Carwyn Jones və London meri Sadiq Xan deyiblər ki, Şimali İrlandiya üçün nəzərdə tutulan imtiyazlardan onlar da faydalanmaq istəyirlər.

Bütün bu çağırışlar Brüsseldə Avropa Komissiyasının prezidenti Jean Claude Juncker-lə nahar edən Britaniya baş naziri Theresa May-in bütün Brexit planlarını alt-üst edib.

O, nəhayət bu görüş zamanı Brexit üçün Avropa İttifaqından arzu edilən güzəştləri alacağına ümid bəsləyirdi.

Xanın Sturgeon Tvitterdə yazıb: "Əgər Birləşmiş Krallığın bir hissəsi Avropa İttifaqı ilə tənzimlənən ittifaqda və deməli, vahid bazarda qala bilərsə, başqalarının niyə belə bir imkana malik ola bilməməsinin praktik səbəbi olmamalıdır".

Birləşmiş Krallıq hökuməti indiyədək Şotlandiya ilə hər hansı məxsusi Brexit sazişi imzalanmayacağını bəyan edib.

Lakin Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, Şimali İrlandiyanın İrlandiya Respublikası ilə açıq sərhəd tələbi təmin edilməyincə, Brexit danışqıları irəli gedə bilməz.

Bununla belə, Şimali İrlandiyanın Avropa İttifaqı ilə xüsusi münasibətlərinə qarşı çıxan Demokratik İttifaqçı Partiya və ya DUP yunionistlərinin başçısı Arlene Foster təcili çağırdığı mətbuat konfransında deyib ki, Şimali İrlandiya Avropa İttifaqını bütün Britaniya ilə birlikdə və eyni şərtlərlə tərk etməlidir.

"Biz Şimali İrlandiyanı Birləşmiş Krallığın başqa hissələrindən iqtisadi və siyasi baxımdan ayıracaq heç bir tənzimlənən razılaşmanı qəbul etməyəcəyik" -Foster deyib.

Buna baxmayaraq, İrlandiya sərhədi məsələsi Britaniyanın Avropa İttifaqından çıxışına başlıca maneələrdən birinə çevrilib.

Fotonun müəllifi Getty Images
Image caption Erdoğan bəyan edib ki, "ABŞ Türkiyəni aldada bilməyəcək".

Erdoğan: "Amerika Türkiyəni diz çökdürə bilməyəcək"

"Express" qəzeti yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan öz ölkəsinin Amerika qarşısında "diz çökməyəcəyi" barədə xəbərdarlıq edib.

Türkiyə lideri bildirib ki, Vashington "istədiyi qədər çalışa bilər", lakin "Türkiyəni gözdən salmaq işində" müvəffəq olmayacaqdır.

Hazırda iki ölkə arasında münasibətlər son dərəcə gərginləşib. Bunun əsas səbəbi Birləşmiş Ştatrlarda Türkiyə vətəndaşlarına qarşı aparılan səs-küylü məhkəmə prosesidir.

Hazırda Türkiyənin iki vətəndaşı ABŞ həbsxanasındadır və daha yeddi nəfər ABŞ sanksiyalarından yayınmaq məqsədilə Amerikanın bank sistemindən qanunsuz istifadə daxil bir sıra cinayətlərdə ittiham edilir.

Cənab Erdoğan iddia edir ki, bu ittihamlar siyasi məqsədlərlə qondarılıb. Türkiyə prezidenti Donald Trump hökumətini dəfələrlə bu iki nəfərin azad edilməsinə çağırıb.

Ötən həftə həbsdə olanlardan biri iranlı Reza Zərrab Tehrana qarşı ABŞ sanksiyalarını pozduğuna dair ittihamları qəbul edib.

34 yaşlı qızıl taciri istintaqla əməkdaşlığa və Türkiyənin bank rəsmisi Mehmet Hakan Atillaya qarşı ifadə verməyə razılaşıb.

Atilla ABŞ-ın bank sistemindən qanunsuz məqsədlər üçün istifadə etməkdə ittiham olunur.

Prokurorlar keçmiş iqtisadiyyat naziri Zafer Çağlayan da daxil 9 Türkiyə vətəndaşına qarşı cinayət ittihamları irəli sürürlər. İttiham olunanların arasında dövlət maliyyə təsisatı olan Halkbankın keçmiş direktoru Süleyman Aslan da var.

Erdoğan bəyan edib ki, "ABŞ Türkiyəni aldada bilməyəcək".

Özünün hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxış edən prezident deyib: "Bizim millətimiz bilməlidir ki, bu hücumlar, böhtanlar və oyunlar bir-birilə əlaqəlidir. Onların hamısının bir məqsədi var. Türkiyəni diz çökdürmək və bizi bir-birimizə qarşı qoymaq…"

Ölkədəki insan haqlarının acınacaqlı vəziyyətinə görə Qərb tərəfindən kəskin tənqid olunan Erdoğan iddia edir ki, ABŞ prokurorları Pensilvaniyadakı müsəlman vaiz Fethullah Gülenlə əlbir hərəkət edirlər.

Türkiyənin ekstradisiyasını tələb etdiyi keçmiş imam türk siyasətçilərin təbirincə deyilsə, "terrorçu FETÖ təşkilatına rəhbərlik edir".

Hurriyet Daily News yazır ki, prezident öz partiyasının üzvlərinə deyib: "ABŞ bizi onun ssenarilərinə getmədiyimizə görə cəzalandırır, mühakimə edir və gözdən salır".

"Bu ssenari və qəsd göz qabağındadır və onlar bu əməllərini ölkəmizdəki əlbirlərinin köməyi ilə həyata keçirirlər. Onlar bunu FETÖ ilə birlikdə edirlər" -Erdoğan deyib.

Fotonun müəllifi JOE RAEDLE/ GETTY
Image caption Araşdırmalar göstərir ki, təzə evlənənlər evliliyin birinci ilində 2-3 kilo artıq çəki yığırlar

Evlilik niyə kökəldir?

"The Times" qəzeti Glasgow Universitetinin mühazirəçisi Catherine Hankey-ə istinadən yazır ki, təzə evlənənlər evliliyin birinci ilində 2-3 kilo artıq çəki yığırlar.

Onun sözlərinə görə, bəzi cütlüklər bu çəkini 3-4 aya da yığa bilərlər.

Alimin fikrincə, bu ona görə baş verir ki, yemək saatları birgə yaşayışın mərkəzi hadisəsinə çevrilir.

"Bu çox böyük mədəniyyət məsələsdir, - alim deyib, - Birgə yaşamağa başlayan ər-arvad doğrudan da çəkilərinə nəzarət etməlidir. Piylənmək yaxşı bir şey deyil və nəticədə münasibətləri də korlaya bilər".

Hankey-dən başqa bir sıra başqa alimlər də qeyd edirlər ki, xoşbəxt evlilik əlavə kilo yığmağın əsas səbəblərindən biridir.

2013-cü ildə Southern Methodist Universitetində aparılmış araşdırma göstərib ki, cütlər nə qədər çox xoşbəxt olurlarsa, bir o qədər çox kökəlməyə meyillənirlər.

Məntiqi olaraq münasibətləri çox da yaxşı olmayan cütlər adətən kökəlmirlər.

Ekspertlərin fikrincə, söhbət heç də təkcə rəsmi nikahdan getmir, sadəcə olaraq, birgə yaşayan sevgililərdə də kökəlmə prosesi təkan almış olur.

2014-cü ildə internet əczaçılığı saytı UKMedix-in apardığı bir araşdırma göstərib ki, birgə yaşayış zamanı kökəlməyə daha çox qadınlar məruz qalırlar. Bu araşdırmaya görə qadınların 43 faizi birgəyaşayışın ilk ilində kökəlir.

Məsələ burasındadır ki, bir-birlərinə sahib olmuş cütlər arxayınlaşır və rahat olurlar. Bundan sonra onların öz estetik standartlarını gözləmələrinə o qədər də ehtiyac qalmır.

Ekspertlər bildirirlər ki, adamlar, adətən, əks cinsin nümayəndəsini cəlb etmək üçün öz çəkilərinə və zahiri görünüşlərinə nəzarət edirlər. Elə ki, istədiklərinə nail oldular, estetika yaddan çıxır.

Bir sıra başqa elmi-tədqiqat işləri isə göstərir ki, boşanma və ya ayrılma, əksinə cütlərin çəki itirməsinə səbəb olur.

Britaniyada "boşanma pəhrizi" - dağılmış nikahları müşayiət edən fenomenə çevrilib. Alimlər bunu ilk növbədə ayrılığın yaratdığı streslə bağlayırlar.

"The Times" sonda bir daha xatırladır: Sözü gedən effektlər ilk növbədə qadınlara aiddir.