Britaniya mətbuatı: Amerika xristianları Trump-ın Qüds qərarını niyə dəstəkləyirlər?

Fotonun müəllifi Getty Images
Image caption "Economist" yazır ki, eyni məsələyə belə ziddiyyətli münasibət Xristian teologiyasında iki tam fərqli məktəbi təmsil edir.

Amerika xristianları Trump-ın Qüds qərarını niyə dəstəkləyirlər?

"Economist" yazır ki, prezident Donald Trump-ın Qüdsü (Yerusəlim) İsrail dövlətinin paytaxtı kimi tanımaq qərarını Amerika xristianları, ələxüsus da yevangelistlər (İsavilər) böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Halbuki regionun özündəki xristianlar bunun qəti əleyhinədirlər.

Floridadakı meqakilsələrdən birinin pastoru və Trump-ın dini işlər üzrə şurasının üzvü Paula White deyib ki, yevangelistlər coşqunluq içindədirlər.

"Çünki İsrail bizim üçün müqəddəs torpaq, yəhudilər isə əziz dostlarımızdır" -White deyib.

O, Trump-ı Allahın "ilahi planına" həssas olduğuna görə alqışlayıb və deyib ki, onun özü kimilər prezidentə bu planın icrasında kömək edəcəklər.

"Economist" yazır ki, belə hissiyyat yevangelistlərin iç çevrəsinə xüsusilə hakimdir və onlar Trump-ın hakimiyyətə gəlməsində əsas rollardan birini oynayıblar. Məqalədə deyilir ki, Trump-ı özünün İsrailə dost vədlərinə sadiq qalmasını da onlar təmin edirlər.

Bu arada Roma papası Francis cənab Trump-ın Qüds qərarının bu müqəddəs şəhərin və onun müqəddəs ocaqlarının idarə olunmasındakı həssas tarazlığı pozan qərarından dərin narahatlıq ifadə edib.

Roma papası dekabrın 6-da hamını şəhərin BMT qətnaməsinə uyğun status quo-sunun saxlanmasına sadiq qalmağa çağırıb.

Yerusəlimin ənənəvi xristian icmalarının 13 lideri Trump-ın qərarının böyük bir ehtimalla Yerusəlim və Müqəddəs torpaqda "nifrətin, münaqişə, zorakılıq və iztirabın" artmasına səbəb olacağını bildiriblər. Onların arasında şəhərin müqəddəs yerlərinin baxıcıları olan pravoslavlar və katoliklər də var.

"Economist" yazır ki, eyni məsələyə belə ziddiyyətli münasibət Xristian teologiyasında iki tam fərqli məktəbi təmsil edir.

Xüsusən də son 20 ildə İsrailə (və onun davakar siyasətçilərinə) dindən qaynaqlanan bu dəstək Amerika siyasətinin mühafizəkar qisminə güclü impuls verib.

Yəhudilərin bir yerə toplaşmasının Allahın hökmü olduğuna inam yevangelist seçicilərin 80 faizinin ürəyinə hakim kəsilib. Bu 80 faiz bir qayda olaraq respublikaçılara səs verir.

Bu düşərgə, xüsusilə də həvari Pavelin təliminə əsaslanır. Bu təlimə görə yəhudilər əhdi-ətiqi xristianlarla paylaşdıqlarına görə onların yoldaşı sayılırlar. Yevangelistlərin bənzətməsinə görə İsa peyğəmbər yəhudi kökünün simvolu olan zeytun ağacının yeni budağıdır və bu budaqdan Xristianlıq şaxələnib.

Həvari Pavel deyir ki, axırda bu ağacın bütün budaqları pöhrələnəcək və "bütün İsrail xilas olacaq".

Əksinə, qeyri-sionist xristianlar, o cümlədən Fələstin xristianları həvari Pavelin başqa bir kəlamına söykənirlər: "Xristianlığı qəbul edənlər üçün nə yəhudi, nə yunan, nə qul, nə azad insan, nə kişi, nə qadın var, çünki siz hamınız İsa Məsihdə eynisiniz".

Onlar burdan belə bir məna çıxarırlar ki, İsa bütün insan kateqoriyalardan ucaya qalxıb və o zamandan bəri Allahın "seçmə bir xalqı" yoxdur.

Bu təlimə görə, bütün insanlar irq və cinslərindən asılı olmayaraq oğullar və qızlar kimi Məsihin təlimini qəbul etməyə dəvət olunublar.

"Economist" yazır ki, Əhdi-cədiddə İsrail və Yerusəlimə aid nə varsa, hamısı mübahisəlidir.

Başqa sözlə, həvari Pavel ikibaşlı bir mesaj qoyub gedib. Məhz buna görə də "bütün İsrailin xilas olacağı" günü gözləyən yevangelistlər inanırlar ki, "İsrailin tam olması üçün" yəhudilər İsanı öz xilaskarları kimi qəbul etməlidirlər. Bir başqaları isə inanırlar ki, yəhudi olmaq Axirət günündə avtomatik xilas verir.

Daha ənənəvi Xristian təriqətlərində verilən təlimə görə "İsrail" sözünün mənası İsanın gəlişindən sonra dəyişib. Bu söz indi hər hansı irqi və ya dövləti yox, "Allahı görə bilən" hər bir insanı bildirir.

Vatikanın İsraillə münasibətləri mükəmməl olmasa da, son vaxtlarda katoliklik İsrail dövlətinə müsbət yanaşmağa başlayıb. 2008-ci ildə Roma papası Benedict dövlətin 60 illiyi münasibətilə İsrailə təbrik naməsi göndərib.

Uzun sözün qısası budur ki, bəzi xristianlar İsrailin qurulması və onun paytaxtının Yerusəlim olmasının Allahın son təntənəsinə yol açacağına inanırlar. Bir başqaları isə bunun, əksinə, müharibəyə yol açacağına inanırlar. Hər ikisinə inanlar da var.

Fotonun müəllifi Getty Images
Image caption "Express" yazır ki, bitcoin-in normal pul kimi tanınması Rusiyanın xam neft satışında ABŞ dollarına arxa çevriməsinə imkan verərdi.

Rusiya və onun dostları ABŞ dollarını necə məhv etmək istəyirlər?

"Express" yazır ki, böyük maliyyə birjaları dekabrın ortalarından kriptovalyuta olan bitcoin-i alış-veriş bazarına buraxmağa hazırlaşır. Bu o deməkdir ki, virtual pul bundan sonra tamamilə normal alış-veriş predmeti sayıla bilər.

Lakin "Express" yazır ki, bitcoin-in normal pul kimi tanınması Rusiyanın xam neft satışında ABŞ dollarına arxa çevriməsinə imkan verərdi.

ABŞ sanksiyaları Rusiya üçün ona görə ağrılıdır ki, Moskva neft və qaz satışını dollarla həyata keçirir.

Lakin heç bir mərkəzi bank tərəfindən tənzimlənməyən bitcoin Rusiya kimi ölkələrə sanksiyalara baxmayaraq varlanmaq imkanı yarada bilər.

PVM oil broker firmasından neft təhlilçisi Stephen Brennock deyib ki, kriptovalyutalar bir sıra ölkələrin ABŞ valyutasından imtina etməsi ilə nəticələnə bilər.

CNBC şəbəkəsinin əldə etdiyi şərhdə təhlilçi deyib: "Kriptovalyutaların yüksəlişi xammal ixrac edən ölkələrin dollardan ödəniş vasitəsi kimi istifadəsinə son qoyacaq".

Məqalədə deyilir ki, ABŞ-ın "yaşıl pulundan" neft alış-verişində imtina edilməsi istiqamətində hərəkətlərə son həftələrdə başlanıb.

Məsələn, ötən noyabrda yer almış 25 milyard dollarlıq rubl-yuan mübadiləsi neft ticarətində dönüş nöqtəsinə çevrilə bilər.

Rusiyanın baş naziri Dmitri Medvedev deyib ki, Çin və Rusiya daha çox sövdələşmələrində öz milli valyutalarından istifadəyə tərəfdardır.

ABŞ sanksiyalarından yan keçməyə çalışan İran da valyuta mübadiləsi sazişlərinin imzalanmasına çalışır.

Çin neft tranşlarında ABŞ dolları əvəzinə öz "petroyuan"larından istifadə etməklə ABŞ-ın təsirini minimuma endirməyə çalışır.

Venesuela bəyan edib ki, Donald Trump tərəfindən elan edilmiş maliyyə blokadasını yarmaq üçün özünün yeni kriptovalyutasını "petro"nu tədavülə buraxacaq.

Maliyyə şərhçisi Jim Rogers ötən sentyabrda Rusiyanın RT telekanalına demişdi: "Çox adamlar dollardan istifadə etmək istəmirlər, çünki ABŞ-ı qəzəbləndirsən, elə təzyiq altına düşə bilərsən ki, biznesini itirə bilərsən".

"Çin, Rusiya və başqa ölkələr bunu başa düşürlər və buna görə də dünya ticarətini və dünya maliyyəsini dollardan uzaqlaşdırmağa çalışırlar" -ekspert demişdi.

Bu barədə daha geniş