Dehli zooparkında Rita adlı 57 yaşlı şimpanzenin ad günü qeyd olunub.

Rita in her enclosure Fotonun müəllifi National Zoological Park
Image caption Zoopark rəsmiləri Ritanın çox "mehriban" meymun olduğunu deyir.

Hindistan paytaxtı Dehlidə rəsmilər Rita adlı şimpanzenin 57 yaşının tamam olmasını ad günü mərasimi üslubunda qeyd edib.

Rita Dehli zooparkının ən yaşlı sakini sayılır.

Ad günündə şimpanzeyə hədiyyələr verilib, bayram tortu kəsilib, mərasimidə iştirak etmiş məktəb şagirdləri Ritanın şərəfinə ənənəvi "Happy Birthday" mahnısını ifa edib.

Hindistanın ən yaşlı yaşayan şimpanzesi olan Rita 1960-cı ildə Amsterdamda doğulub və Dehli zooparkına dörd yaşında gətirilib.

"Rita çox "mehriban" meymundur və özünü "xanım" kimi aparır", - zoopark direktoru Renu Singh BBC-yə deyib. - "Ad günündə biz ona uzun ömür və möhkəm sağlamlıq arzulayırıq".



Image caption Ritanın ad günü tədbirində məktəb şagirdləri də iştirak edib.

Cümə günləri zoopark bağlı olduğundan, Ritanın ad günü bir gün əvvəl, cümə axşamı qeyd olunub.

Ona verilən hədiyyələr arasında yumşaq futbol topu və digər oyuncaqlar olub.

Ritaya eləcə də yeni yorğan hədiyyə edilib.

"Mən ona quru meyvə və iki banan verdim, bananı həvəslə yeyir. Yorğan isə çox xoşuna gəlib", - Renu Singh deyib.

Rəsmi tərcümeyi-hala əsasən, Rita Amsterdam zooparkında 1960-cı il dekabrın 15-də doğulub və 4 ildən sonra Dehli zooparkına gətirilib.

Dehlidə Rita London zooparkından gətirilmiş Max adlı erkək şimpanze ilə birgə saxlanılıb, cütün 4 balası doğulub, lakin onlardan heç biri sağ qalmayıb.

1985-ci ildən 2006-cı ilədək damazlıq proqramı çərçivəsində Rita Pəncab zooparkına icarəyə verilib, lakin nəsil artırma baxımından həmin dövr Rita üçün uğurlu olmayıb.

Vəhşi təbiət mühitində şimpanzelərin ömür uzunluğu 40 yaşı həddində olur, lakin insan nəzarəti altında saxlanılan şimpanzelərin ömür uzunluğu 40 yaş həddindən xeyli çox ola bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş