Britaniya mətbuatı: Birləşmiş Krallıqda daha bir Avropa İttifaqı referendumuna çağırışlar ucalır

Fotonun müəllifi AFP

Birləşmiş Krallıqda daha bir Avropa İttifaqı referendumuna çağırışlar ucalır

"The Independent" qəzetinin eksklüziv məqaləsində deyilir ki, Britaniya ictimaiyyətinin Avropa İttifaqından çıxmaq barədə rəyi əsaslı şəkildə dəyişib və indi ittifaqda qalmaq istəyənlər çıxmaq istəyənləri on bal geridə qoyurlar.

Xüsusi olaraq "The Independent" üçün aparılmış BMG sorğusunun nəticələrinə görə hazırda britaniyalıların 51 faizi ölkənin Avropa İttifaqında qalmasına tərəfdardır. Adamların yalnız 41 faizi Brexit-i dəstəkləyir.

Məqalədə deyilir ki, "bilmirəm" cavabını verənləri "divara dirədikdə" qalmaq istəyənlərin üstünlüyü 11 bala çatır.

Bütün hallarda bu, 2016-cı ildən bəri ən böyük rəy dəyişikliyidir.

Məqalədə deyilir ki, indi siyasətçilər "The Independent" qəzetinin sabahkı nömrəsində ikinci referenduma ehtiyac olub-olmadığına dair fikirlərini bildirəcəklər.

Michael Heseltine, Peter Mandelson, Gina Miller və Vince Cable "yenidən düşünməyə", amma mühafizəkarlar Matthew Elliott, James Cleverly və Suella Fernandes Brexit prosesini davam etdirməyə çağırırlar.

Ötən həftə Britaniyanın ittifaqdan çıxmasının yeni çətinlikləri məlum olub.

Avropa İttifaqı indi elə şərtlər irəli sürür ki, hətta ən qatı avroskeptiklər üçün də məqbul olmaya bilər.

Digər tərəfdən baş nazir Theresa May Nümayəndələr Palatasındakı səsvermədə ciddi məğlubiyyətə uğrayıb və "qiyamçı mühafizəkarların" mövqeyi nəticəsində böyük güzəştlərə gedib.

Bütün bunlar Britaniya cəmiyyətində əsəbilik yaradır və onlar Brexit-ə getdikcə daha çox arxa çevirirlər.

Sorğu zamanı respondentlərə belə bir sual verilmişdi: "Birləşmiş Krallıq Avropa İttifaqının üzvü olaraq qalmalıdır, yoxsa ittifaqdan çıxmalıdır?"

Bu suala adamların 51 faizi "qalmalıdır", 41 faizi "çıxmalıdır" cavabını verib.

7 faiz "bilmirəm" cavabını verib. Lakin "bilmirəm" cavabını verənlərdən qəti fikir bildirmələrini istəyəndə "qalmaq istəyənlərin" faizi 55, 5-ə, çıxmaq istəyənlərin sayı isə 44, 5 faizə yüksəlib. Beləliklə qalmaq tərəfdarı olanların sayı 1 faiz də artıb.

Maraqlıdır ki, ötən ilin dekabrında çıxmaq istəyənlər hələ irəlidə idilər. Lakin il ərzində qalmaq istəyənlərin sayı dramatik şəkildə artıb.

BMG Araşdırma Mərkəzinin direktoru, professor Michael Turner deyir ki, çıxmaq istəyənlər son dəfə 2017-ci ilin fevralında irəlidə olublar.

Turner bunu da qeyd edir ki, diqqətli təhlil aparanda qalmaq istəyənlərin 2016-cı il referendumunda ümumiyyətlə səs verməyənlərin hesabına artdığı məlum olur. Bu ondan xəbər verir ki, hər iki cəbhədə olanların 10-dan 9-u öz rəyində qalır.

Başqa bir dramatik dəyişiklik budur ki, indi daha çox siyasətçi ikinci referenduma ehtiyac olduğunu açıq çşəkildə dilə gətirir.

Bunlar əsasən müxalif leyborist və liberal-demokratlardır.

Amerikada 2012-ci ilədək rəsmi Uçan Naməlum Obyektlər proqramı olub

Fotonun müəllifi AFP

"The Guardian" yazır ki, Pentaqon 5 il müddətində UNO (uçan naməlum obyekt) proqramı apardığını etiraf edib. Hərbi idarə bu proqramı yalnız 2012-ci ildə qapayaraq diqqətini başqa prioritetlərə yönəldib.

The New York Times yazır ki, 2007-ci ildən 2012-ci ilədək fəaliyyətdə olan bu proqrama ildə 22 milyon dollar fond ayrılırmış.

Qəzet bildirir ki, bu proqrama başlanmasının təşəbbüsü Nevada ştatından demokrat senator Harry Reid-dən gəlib. O bu kosmik fenomenə vurğun siyasətçilərdən biri sayılır.

Lakin proqramın dəstəkçiləri onun hələ də davam etdirildiyini iddia edirlər. Onlar deyirlər ki, müxtəlif müşahidələr əsasında UNO araşdırmaları dayandırılmayıb.

Pentaqon bu proqram barədə etirafı Reuters agentliyinin sorğusu əsasında edib.

"Təkmil Avisasiya Təhlükəsinin İdentifikasiyası Proqramı" 2012-ci ilin vaxt çərçivəsində başa çatdırılıb" - bildirib Pentaqonun sözçüsü xanım Laura Ochoa öz e-mail-ində.

Ochoa qeyd edir ki, fond ayrılması üçün daha prioritetli və xeyirli sahələr olduğuna görə Müdafiə Nazirliyi UNO proqramını dayandırıb.

Lakin Pentaqon UNO proqramının onun çoxsaylı departamentlər şəbəkəsində hələ də davam etdirilib-etdirilməməsi məsələsinə tam aydınlıq gətirməyib.

"Müdafiə Nazirliyi inandırıcı faktlar olduqda xalqımıza, mülkiyyət və missiyamıza qarşı bütün potensial təhlükələri diqqət mərkəzində saxlayır" - deyilir elektron məktubda.

"The Guardian" yazır ki, bu məsələdə şübhə doğurmayan yeganə məqam senator Reid-in UNO-lara olan sevgisidir.

Onun sözçüsü xanım Kristen Orthman Tvitterdə yazıb ki, "onun UNO-lara olan sevgisini bilmək üçün senatorla 60 saniyə söhbət etmək kifayətdir".

Reid-in özü Times qəzetindəki məqalə ilə bağlı Tvitter postunda yazılanların həqiqət olduğunu təsdiq edib.

Bu barədə daha geniş