Britaniya mətbuatı: Bəzi müsəlmanları stüardessalar və saqqalsız kişilər niyə narahat edir?

Fotonun müəllifi Getty Images

Bəzi müsəlmanları stüardessalar və saqqalsız kişilər niyə narahat edir?

"The Independent" yazır ki, Malayziyada hakim partiyadan iki millət vəkili AirAsia və Firefly hava şirkətlərinin stüardessalarının geyim formasının "çox açıq-saçıq" olmasını tənqid edib.

Umno partiyasından senator Abdullah Mat Yasim deyib ki, qadın hava bələdçilərinin uniformaları sərnişinlərdə "ehtiras hissi" oyada bilər.

Bu deputat habelə deyib ki, stüardessalar rəsmi dini İslam olan Malayziyanı təmsil etmirlər.

"Malayziya Aviasiya Komissiyası doğrudan da bu məsələyə baxmalıdır" - senator Abdullah dekabrın 18-də keçirilən debatlarda deyib.

Senator Meqat Zulkarnayn Omardin deputat həmkarının fikri ilə razılaşıb və deyib ki, stüardessaların formaları yenidən dizayn edilməlidir.

"Mən, eləki, Malindo və ya AirAsia şirkətlərinin təyyarələrində tək uçmalı oluram, arvadım evdə nigaran qalır, - deputat zarafatla deyib, - Mənə problem yaranır e…"

Amma senator Abdullah deyib ki, Malindo Air şirkətinin stüradessalarını çox dar geyimlərinə baxmayaraq "məqbul" saymaq olar.

"Onlar heç olmasa bədənlərinin "həssas yerlərini" örtürlər, amma Firefly və AirAsia haqqında bunu demək olmaz" - millət vəkili deyib.

Malayziya parlamentinin yuxarı palatası Devan Neqaranın spiker müavini Abdul Halim Abd Samad bu məsələni qaldırdığı üçün senator Abdullahı alqışlayıb və deyib: "Bu təyyarələrlə səfərlər edən insanlar üçün çox mühüm məsələdir",

"The Independent" yazır ki, Malayziya parlamentində stüradessa geyimlərinin debatlara səbəb olması ilk dəfə deyil.

Ötən həftə senator Hanafi Mamat parlamentə demişdi ki, Malayizya kimi İslam ölkəsinin təyyarə bələdçiləri şəriət qaydalarına uyğun geyinməlidirlər.

Millət vəkili bildirib ki, stüardessaların belə "seksanə və biədəb" qiyafəsi "ölkəmizə gələn turistlərdə Malayziya haqqında yanlış təsəvvür yarada bilər".

"The Independent" yazır ki, AirAsia hava yolları şirkətinin qadın bələdçilərinin geyimi ağ köynəkdən, dar qırmızı pencək və dizdən yuxarı, böyrü yarıqlı qırmızı ətəkdən ibarətdir.

Firefly stüardessalarının geyimləri isə bədənə sıx narıncı dondan ibarətdir. Bu don dizdən bir azca yuxarıda qurtarır, amma onun da yan kəsiyi var.

Fotonun müəllifi Thinkstock

"Saqqal kişini qadından fərqləndirən iki şeydən biridir"

"The Daily Mail" qəzetinin yazdığına görə isə, Türkiyədə bir müsəlman vaizi saqqalsız kişilər narahat edir.

O moizələrində deyir ki, kişilər qadınlardan tam fərqli görünmək üçün saqqal saxlamalıdırlar.

Vaiz Murat Bayaral "Fatih Medreseleri" televiziya şousunda saqqalsız kişiləri "yıxıb və sürüyüb".

Bayaral deyib: "Kişilər saqqal saxlamalıdırlar. Kişini qadından fərqləndirən iki bədən komponentindən biri də saqqaldır".

"Məsələn əgər uzaqdan uzun saçlı bir kişini görsəniz və onun saqqalı olmasa, düşünmək olar ki, bu qadındır. Çünki indi kişilər və qadınların geyimləri eynidir, - deyib vaiz, - Allah göstərməsin adam pis fikirlərə düşə bilər".

"The Mail" yazır ki, vaizin dedikləri ölkədə ciddi əks-sədaya səbəb olub.

İstanbuldakı Siyasət Mərkəzindən ekspert Magdalena Kirchner deyib ki, indi Türkiyədə Bayral kimi adamların belə moizələri təəccüb doğurmur.

Ekspert xatırladıb ki, Erdoğan 2012-ci ildə "mömin bir nəsil" yetişdirmək niyyətini ifadə etmişdi. Baş nazirin keçmiş müavini Bülent Arinç isə 2014-cü ildə demişdi ki, qadınlar ictimai yerlərdə bərkdən gülməməlidirlər.

Kirchner deyib ki, Bayaralın bu açıqlamaları Türkiyə hökumətinin heç bir hüquqi məhdudiyyətlər qoymadan əhalinin dünyəvi kəsimi üzərinə belə təzyiqlər etmək niyyətindən xəbər verir.

Sidneydən olan vaiz Nassim Abdi oktyabr ayında, uşaqlarına avtomobildə musiqiyə qulaq asmağa və ya evdə rəqs etməyə icazə verən valideynləri tənqid etmişdi.

O deyirdi ki, uşaqların ürəyinə musiqini, yoxsa Quranı hakim kəsdirmək arasında seçim edilməlidir.

Elə həmin Sidney şəhərindən başqa bir vaizə qadın Üm Camal ud-Din qaşlarını alan qadınları pisləmişdi.

O demişdi ki, qadınların qaşlarını hətta gigiyenik mülahizələrlə alması da günah sayılmalıdır.

"Görün bir bu qızlar nə deyirlər? Qaşlarımı almıram ki…təmizləyirəm. Guya böyük iş görür. Onda qırx getsin. Amma bu böyük günahdır. Şeylərin adını dəyişməklə reallıq dəyişmir axı…"

Fotonun müəllifi COTSWOLD WILDLIFE PARK
Image caption Canavar, Foto:Arxiv

Canavar var idi, bu yandan da çaqqal çıxdı

"The Telegraph" yazır ki, Fransada uzun illərdən sonra görünməmiş hadisə baş verib. Daha doğrusu son vaxtlar canavarlara qarşı kampaniya aparan fermerlər indi də çaqqal müşahidə ediblər.

Təbiəti mühafizə fəalları deyirlər ki, canavarlardan vücudca kiçik çaqqallar qoyunlara hücum etmirlər, amma fermerlər onların toyuq-cücəyə hücum edəcəyindən narahatdırlar.

Məqalədə deyilir ki, Fransanın İsveçrə ilə şərq sərhədindəki Savoy məntəqəsi yaxınlığında qurulmuş gizli kameraya qızılı çaqqal düşüb.

Tülkü boyda olan çaqqallar cənub-şərqi Avropa, Asiya və Afrikada geniş yayılsa da, son zamanlar bu heyvanlar Qərbi Avropaya da keçməyə başlayıblar. Ekspertlər deyirlər ki, Fransaya 1990-cı illərdə qayıtmış canavarlar kimi çaqqallar da Alp dağlarından aşaraq gəliblər.

Fransanın Hot Savoy rayonunda Ovçular Federasiyasının sədri André Mugnier deyib ki, "biz bir neçə yerdə canavar və vaşaqları müşahidə etmək üçün gizli kameralar qoymuşuq, çaqqallar da bu kameraya təsadüfən düşüblər".

Hökumətin Canlı Təbiət və Ovçuluq idarəsi bildirib ki, "çaqqalların da bir gün Fransaya gələcəyi qaçılmaz idi, amma əvvəlcə bunun çaqqal, yoxsa canavar olduğunu araşdırmaq lazımdır".

Canlı təbiət fəalları isə parlamenti çaqqalları qoruyan qanunvericilik aktının qəbuluna çağırırlar. Canavarlar barədə belə bir akt qəbul olunub.

Canavarların qorunmasından qəzəbli heyvandarlar isə indi çaqqala da belə imtiyazların verilə biləcəyindən narahatdırlar.

Savoydakı qoyunçulardan Karine Richard deyib ki, "canavar və çaqqal ovuna qadağan qoyulsa, təsərrüfatlardakı qoyunların kitabı bağlanacaq".

"The Telegraph" yazır ki, indi Fransadakı canavarların rəsmi sayı 360-dır. Bunlar ötən il 10 min qoyun və başqa ev heyvanını tələf ediblər.

Hökumət gələn ilin iyuluna qədər ölkə üzrə 40-dək canavarın ovlanmasına icazə verib. Amma fermerlər onların ovlanmasına limit qoyulmamasını tələb edirlər.

Fermerlər iddia edirlər ki, canavar kimi təsnif olunan bir çox heyvanlar əslində onların itlərlə cütləşməsindən törəyiblər və buna görə də qanun tərəfindən mühafizə edilməməlidirlər.