Britaniyalı analar ana südünü mübadilə edirlər. Bu təhlükəlidirmi?

Breastfeeding Fotonun müəllifi Getty Images

BBC-nin araşdırması minlərlə ananın öz südünü sosial şəbəkələrdəki qruplar vasitəsilə satdığını müəyyən edib. Böyük Britaniya Səhiyyə Nazirliyinin ünvanına qeyri-rəsmi süd donoru olmaq istəyən analar üçün yeni tövsiyyələr planı hazırlanması üçün çağırışlar səslənib. Bəzi ekspertlər bu təcrübənin təhlükəli viruslar, xüsusulə QİÇS və hepatitin yayılmasına şərait yaradacağından ehtiyat edirlər. Digərləri isə qadınların yaxşı məlumatlandırıldığını və şüurlu şəkildə hərəkət etdiklərinə inanırlar.

Image caption Bex südünün çatmadığını anlayırdı, amma inək südü və uşaq yemək qarışığı onun üçün alternativ deyildi

Uşaq yemək qarışığı əvəzinə

Wolverhampton (mərkəzi Britaniya) şəhərindən olan Bex Poole oğlunu özü əmizdirə bilmədiyini anlayanda həyəcanla alternativ yollar axtarmağa başladı. Teo-nun onun yaşında olan sağlam körpələr kimi çəkisi artmırdı. Lakin Bex özü inək südü içmir və oğluna da onu vermək istəmir. O, körpəni uşaq yemək qarışığı ilə yedizdirmək də istəmirdi. Rəfiqəsi ona Facebook-dakı "İnsan övladı üçün insan südü - Birləşmiş Krallıq" səhifəsinə daxil olmağı tövsiyyə edir. Sosial qrupda südü həddən artıq çox olan analar südü az olan analarla bölüşə bilirlər. Son 5 ildə səhifədə "bəyəni" işarəsi 5 dəfə artaraq 18 minə yüksəlib.

"Mənim daha südüm yox idi və mən düşünmədən kömək üçün bu səhifəyə üz tutdum ", - deyə Bex danışır.

"Mənim südüm həddən artıq çox idi"

Tezliklə Worcestershire qraflığındakı Kiddenminster (həmçinin mərkəzi Britaniya, Wolverhampton-un cənubundan 27 km aralı) şəhərindən olan gənc ana Sarah McHough onunla əlaqə saxlayır. Onun özünün də qızı Harriet-i əmizdirməklə bağlı problemləri var idi, lakin sonradan elə alındı ki, onun südü həddən artıq oldu.

"O zaman mən əmizdirən analar qrupundan birinə yazdım və onlarla südümü bölüşməyə hazır olduğumu dedim ", - deyə Sarah danışır.

Image caption Sarah McHough-un özü əvvəlcə əmizdirməklə bağlı problemlə qarşılaşmışdı, lakin nəticədə onun südü lazım olandan artıq idi

Qadınların ilk görüşü axşam vaxtı baş tutduğuna görə, onlara elə gəldi ki, nə isə qeyri-qanuni bir şey baş verir.

"Sadəcə, biz bunu başqa vaxt edə bilməzdik ", - deyən Bex əlavə edir ki, hər şey şübhəli bir sövdələşməni xatırladırdı: Sarah-ın qapısı qarajların arxasında gizlənmişdi. "Onun körpəsi yatmışdı, özü isə gecə geyimində idi və özü də yatmağa hazırlaşırdı. Mən südü götürdüm və dərhal getdim. Yalnız evə gəldikdən sonra mən ona ismarıc yazıb təşəkkür etdim," - deyə Bex danışır.

Image caption Sarah McHough ana südünün bir hissəsini südü çatmayan anaya vermişdi

Öz növbəsində Sarah bir vaxtlar belə problemlə üzləşdiyinə görə, başqa qadına kömək etməsindən çox məmnun idi.

"Hazırda hamını körpəsini ana südüylə bəsləməyə çağırırlar. Axı, hər kəs körpəsini ana südüylə qidalandıra bilmir və ya kifayət qədər südü yoxdur. Bu isə onu alternativ (məsələn, onlayn cəmiyyətlər) yollar axtarmağa məcbur edir.

İndi qadınlar onların arasında əlaqənin yarandığını hiss edirlər: Bex-in soyuducusu Sarah-ın südüylə doludur.

Bağırsaq çöpü və digər sürprizlər

Bu cür qeyri-rəsmi sxemlər bəzi ekspertlərin tənqidinə səbəb olub. Onların bəzisi başqasının körpəsini ana südü ilə təmin etməyin zərərsiz bir təşəbbüs olduğuna şübhə ilə yanaşır. Sarah və Bex əmindirlər ki, burada başlıca məsələ qabda olan südü götürməzdən əvvəl doğru sualları verməkdir.

"Mən özüm haqqında çox ətraflı məlumat vermişdim. Sağlam və yaxşı fiziki formaya sahib olduğumu, siqaret çəkmədiyimi və südü xəstəxanadakı süd bankına təhvil verdiyimi söyləmişdim ". Onun fikrincə, bu məlumatlar digər anaları sakitləşdirirdi.

"Körpəsini bəsləyən analar arasında gizli bir etibar vardı ", - deyən Bex buna əmindir.

"Mən düşünmürəm ki, problemi olan bir qadın öz südünü paylayasın", - o deyir.

Sarah və Bex-in tanış olduğu Facebook səhifəsində analar üçün bir xatırlatma var. Müəliflər donora siqaret çəkmək, narkotikadan istifadə və dərman qəbulu barədə suallar verməyi tövsiyyə edirlər. Səhifə, həmçinin südün keyfiyyətilə bağlı hər hansı bir şübhə yaranacağı təqdirdə onun sınaqdan keçirilməsi üçün xəstəxanaya aparılmasını məsləhət görür. Nəhayət, qadınlara südü evdə pasterizə etmək təklif olunur. Anaları onunla sakitləşdirirlər ki, bir çox ölkələrdə doğuşa hazırlıq zamanı və doğuşdan sonra qadınlardan infeksiyalara qarşı analizlər götürülür. Lakin Binmingham-dakı qadın xəstəxanasında məsləhətçi neonatoloq olan Gemma Holder həkim nəzarəti olmadan süd mübadiləsi aparan anaların körpənin sağlamlığını riskə atdıqlarından ehtiyat edir.

Holder Britaniya və İrlandiya ərazisindəki 16 süd bankından birində çalışır. Bankda donor süd toplanır və bu südlə zəif, vaxtından əvvəl doğulmuş körpələr bəslənir.

Fotonun müəllifi Би-би-си
Image caption Həkim Gemma Holder labaratoriya nəzarəti olmadan süd mübadiləsinin təhlükəsiz olduğuna şübhə edir

Bundan əvvəl süd Klinika Standartları Milli İnstitutunun tələblərinə uyğun olaraq diqqətlə yoxlanır.

"İlk növbədə biz süddə infeksiyanın olub-olmadığını yoxlayırıq. Bundan başqa analar qanla keçən QİÇS, sifilis və Hepatit B virusunun körpələrə ötürülmədiyinə əmin olmaq üçün qan analizi verirlər ".

Sonda süd pasterizə edilir və istifadədən əvvəl dondurulur.

"Təzə donor süd böyük ehtimalla infeksiya daşıyıcısı ola bilər, xüsusulə nəzərə alsaq ki, onun necə hazırlandığı məlum deyil ", - həkim deyir.

Onun sözlərinə görə, labaratoriya analizinin sayəsində süddə bakteriyaları - xüsisulə bağırsaq çöplərini tapmaq mümkündür.

"Ayda bir dəfə südünü sadəcə qəbul edə bilmədiyimiz donorlar bura gəlirlər. Bizdə aparıldığı kimi yoxlamalar aparılsaydı, o zaman qeyri-qanuni cəmiyyətlərdə də imtina faizləri çox olardı", - Holder belə hesab edir.

Lakin Bristol-dakı universitetin əməkdaşı Sally Dowling qeyd edir ki, qadınlar həmişə bir-biriylə südü bölüşüblər.

Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) müstəqil bəsləmək alternativi olaraq körpənin digər ananın südüylə qidalandırılmasını müsbət qəbul edir. "Tədqiqatlar göstərir ki, qadınlar özləri risk qiymətləndirməsiylə daha yaxşı bacarırlar ", - Dowling əmin edir.

"Onlar donoru sorğu-sual edərək, südü sağmazdan əvvəl əllərini yuduqlarını və infeksiyalara qarşı verdikləri analizin nəticələrini göstərib-göstərə bilməyəcəklərini soruşurlar ", - deyə ekspert yekunlaşdırır.

"Əlbəttə ki, risk var, lakin qadınlar nə etdiklərini gözəl bilirlər. Onlar donor südü götürən zaman hər şeyi öyrənməyə cəhd edirlər", - Dowling qeyd edir.

Növbəti addım - hökumətdən gəlməlidir

Fotonun müəllifi Би-би-си
Image caption Şotlandiya Milli Partiyasının üzvü Alison Thewliss əmindir ki, anaların süd banklarının təşkilində dövlətin köməyinə ehtiyac var.

Britaniya Qida Standartları Agentliyi hesab edir ki, südün mübadiləsi təhlükəsiz deyil və o bunu etməyi tövsiyyə etmir.

"Süd donoru olmağı arzulayanlar məsləhət üçün qadın məsləhətxanasına və ya digər tibbi müəssisələrə müraciət edə bilərlər ", -deyən agentlik əməkdaşı bəzi dövlət xəstəxanalarının anaları ana südüylə təmin etdiyini əlavə edib. Lakin ekspertlərin fikrincə, bu kifayət deyil və dövlət bundan artığını etməlidir.

Şotlandiya Milli Partiyasından (SNP) olan siyasətçi, uşaqların bəslənməsi üzrə parlament qrupuna başçılıq edən Alison Thewliss-in fikrincə, Britaniya Şotlandiya nümunəsindən istifadə etməlidir. Şotlandiyanın vahid süd bankı səhiyyə sisteminin tam bir hissəsidir. Bank donorlardan süd alır və geniş şəbəkə vasitəsilə onu ehtiyacı olanlar arasında bölüşdürür.

Thewliss əmindir ki, Britaniya Səhiyyə Nazirliyi İngiltərədəki buna bənzər paylama məntəqələrinə nəzarəti öz üzərinə götürməlidir.

"Hazırda süd banklarında ehtiyat tez-tez çatışmır və onlar ayrıca xəstəxanaların könüllü layihələri kimi mövcuddurlar ", - o, deyir.

"Mən istərdim ki, hökumət Britaniya Süd Bankları Assosiasiyası ilə işləməyə başlasın. O zaman südünü paylaşmaq istəyənlərin bunu öz evlərinin yaxınlığında, təhlükəsiz və həkim nəzarətində etmək imkanı olacaq. Südə ehtiyacı olanlar isə onu asanlıqla əldə edəcəklər ", - deyə siyasətçi qeyd edir.

Bu barədə daha geniş