Britaniya mətbuatı: Tunisli qadınları Dubaya niyə buraxmırlar?

Emirates hava yolları şirkəti Fotonun müəllifi AFP
Image caption Tunis Emirates hava yolları şirkətinin bütün reyslərini dayandırıb

Tunisli qadınları Dubaya niyə buraxmırlar?

Tunis Birləşmiş Ərəb Əmirliklərində, xüsusilə də qadınlara qarşı sərt təhlükəsizlik yoxlamalarına etiraz olaraq, Emirates hava yolları şirkətinin bütün reyslərini dayandırıb.

Tunisin Nəqliyyat Nazirliyi bildirir ki, hava şirkəti bu problemə "beynəlxalq qanunlara və razılaşmalara" uyğun şəkildə həll tapanadək bütün uçuşlar dayandırılır.

Bir çox Tunis qadınları bildiriblər ki, onların Dubaya səfərləri əlavə yoxlamalara görə xeyli ləngidilib.

Bu hadisə Tunisin sosial media şəbəkəsində hiddət partlayışı törədib.

BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş Tvitterdə yazıb: "Biz xüsusi prosedurlara görə əlavə təhlükəsizlik tədbirləri ilə bağlı tunisli qardaşlarımıza izahat vermişik. Biz yanlış cəhdlərdən uzaq olmalıyıq".

Xarici işlər nazirinin bu "çox qeyri-spesifik" izahatından elə bir şey başa düşülmür.

Ötən cümə günü Tunis BƏƏ-nin ölkədəki səfirindən izahat istəyib. Səfir bildirib ki, əlavə təhlükəsizlik tədbirləri yalnız qısa müddət üçün nəzərdə tutulub.

Buna baxmayaraq, Tunis insan haqları təşkilatları tədbirləri "ayrıseçkiçilik və irqçilik" adlandırır.

"The Guardian" yazır ki, Tunis BƏƏ ilə münasibətlərini 2011-ci ildə baş vermiş inqilabdan bu yana yaxşılaşdırmağa çalışır.

Bu inqilabın ardınca Tunisdə Qətərlə güclü bağları olan islamçı ən-Nəhda partiyası hakimiyyətə gəlmişdi.

Qətərlə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər ötən iyundan bəri kəsilib. BƏƏ, Bəhreyn və Misir də Riyadın bu hərəkətinə qoşulublar.

Ərəb ölkələri Qətəri terrorçu təşkilatları dəstəkləməkdə ittiham edir.

Bir sıra ərəb saytları bundan əvvəl tunisli qadınların Birləşmiş Ərəb Əmirliklərinə səfərlərinə qadağan qoyulduğunu yazırdılar.

Maraqlıdır ki, hər iki tərəf bu qadağanın səbəbləri barədə susmağa üstünlük verir.

Fotonun müəllifi Getty Images
Image caption Qvatemala prezidenti Jimmy Morales

Trump-ın Qüds hədəsindən qorxan ölkə tapıldı: Qvatemala

"The Independent" yazır ki, Donald Trump Qüds/Yerusəlimi rəsmən İsrailin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyini bu şəhərə köçürəcəyini bəyan etdikdən üç həftə sonra Birləşmiş Ştatlardan nümunə götürmək qərarına gələn ölkə tapılıb. Bu, Mərkəzi Amerikada yerləşən Qvatemaladır.

Qvatemala bu həftənin əvvəllərində BMT Baş Assambleyasında keçirilmiş səsvermədə Trump-ın qərarını dəstəkləyən 9 ölkədən biri olmuşdu.

138 ölkə Qüdsün İsrailin paytaxtı olması qərarının əleyhinə səs vermiş, daha 35 ölkə səsvermə zamanı bitərəf qalmışdı.

Qvatemala prezidenti Jimmy Morales özünün Facebook səhifəsində yazıb ki, o, İsrailin baş naziri Benjamin Netanyahu ilə telefon söhbətindən sonra ölkəsinin səfirliyinin Tel Əvivdən Yerusəlimə köçürülməsi üçün Qvatemala Xarici İşlər Naziriliyinə sərəncam verib.

Qvatemala prezidenti Tvitterdə yazıb ki, onun ölkəsi ilə İsrail arasında əla münasibətlər mövcuddur.

"Ən əsas məsələ Qvatemala səfirliyinin Yerusəlimə qaytarılmasıdır. Mən maliyyə nazirinə bu dəyişikliklə bağlı işlərin əlaqələndirilməsini tapşırmışam" -Jimmy Morales yazıb.

BMT Baş Assambleyasında qəbul edilmiş qətnamə Yerusəlimi İsrailin paytaxtı kimi tanıyan bütün qərarları "qüvvəsiz və etibarsız" elan edir.

128-9 nisbətində səsvermə fələstinlilər üçün böyük qələbə sayılır, lakin hər halda onların proqnozlaşdırdığı və ümid etdikləri qədər dəstək deyil.

Məqalədə deyilir ki, bu səsvermədən əvvəl ABŞ prezidenti Donald Trump onun Qüds qərarına qarşı səs verəcək ölkələrə ABŞ maliyyə yardımını dayandıracağı ilə hədələmişdi.

Qvatemala ABŞ-ın maliyyə yardımlarından son dərəcə asılı bir ölkədir, qəzet yazır.

Fotonun müəllifi DEAN FARM TRUST
Image caption Britaniyalılar ildə 10 milyon hinduşka yeyir

Britaniyalılar ildə 10 milyon hinduşka yeyir

"The Sun" qəzeti yazır ki, Britaniyada dekabrın 25-i - Milad günündə qoyun, qaz və donuz əti pərəstişkarlaırnı çıxmaqla əksəriyyətin masası üstündə hindtoyuğu olur.

Bəzi statistik məlumatlara görə, 2017-ci ilin Miladında da britaniyalıların 87 faizi bayram yeməyi kimi bu quşun adını çəkiblər.

Bəs görəsən britaniyalılar Milad günündə niyə məhz hinduşka yeyirlər?

"The Sun" yazır ki, bu ənənə çox güman bir yorkşirli kişidən başlanıb.

Təxminən 500 il bundan əvvəl - 1526-cı ildə William Strickland adlı bir şəxs Amerika hindularından 6 hindtoyuğu alıbmış.

O, Amerikada aldığı bu ev quşlarını Britaniyaya gətirməzdən əvvəl ada sakinləri bayramlarda yalnız qaz, qaban başı, toyuq və hətta qırqovul yeyərmişlər.

Buna görə də 16-cı əsrdə ölkəyə gəlmiş bu quşun dadına ilk dəfə kral 8-ci Henrix baxıb.

Sonralar kral 7-ci Edvard hindtoyuğunu populyarlaşdırıb.

"The Sun" yazır ki, ticarətdən yaxşı başı çıxan britaniyalılar bu quşun sərfəli olduğunu dərhal başa düşüblər. Hinduşka həm böyüklüyünə görə ailələri bayramlarda tam doyuzdurur, digər tərəfdən toyuqları və mal-qaranı kəsməkdən xilas edirdi. Əvəzində evlərin südü və yumurtası da bol olurdu.

İndiki statistikaya görə, Britaniyada ildə 10 milyon hinduşka yeyilir. Bu da bəllidir ki, britaniyalıların 25 faizi hinduşkanı Miladdan bir ay əvəl alıb buzxanada saxlayır. Belə, ucuz başa gəlir, əlbəttə.

Əlaqəli mövzular

Bu barədə daha geniş