Almazla örtülü alman şəhəri

Fotonun müəllifi Getty Images
Image caption Nördlingen ərazisinə 15 milyon il əvvəl asteroid düşüb

Almaniyanın Nördlingen şəhərinin ilk sakinləri vulkanik kraterdə yaşadıqlarını düşünürmüşlər. Lakin ərazinin unikal landşaftı tamamilə başqa şeydən ibarət imiş.

Şəhərdə yerləşən qotik üslublu kilsə qalasının pilləkənlərini qalxdıqca yeyilmiş pillələrin gün işığında parladığını görürdüm. Tünd boz rəng əvəzinə onlar gözlənilməz parıltı saçırdılar.

"Bunun səbəbi odur ki, bütün qala suevit daşından tikilib və daşın tərkibində almaz hissəcikləri var," qalanın gözətçisi Horst Lenner həvəslə izah edir.

"Xoşbəxtlikdən onlar çox, çox xırdadırlar. Əks halda çoxdan qalanı sökərdilər," o, gülümsəyərək əlavə edir.

Lener-in sözlərində həqiqət var. Şəhərin inşası əsnasında sakinlər istifadə etdikləri daşın milyonlarla kiçik almazlarla dolu olduğunu bilməyiblər. Söhbət təxminən eramızın 9-cu əsrindən gedir. Bu tərkibə dünyanın heç bir yerində rast gəlinməyib.

Qalanın başından bu yuxulu Bavariya şəhərinə baxdıqca ərazinin verdiyi hüzuru duymamaq mümkün deyildi. Təxminən 15 milyon il əvvəl əraziyə düşən bir asteroid, Nördlingen-i Almaniyanın almaz geyimli şəhərinə çevirib.

Saniyədə təqribən 25 km sürətlə hərəkət etdiyi hesab edilən 1 km böyüklüyündəki həmin asteroid yerə dəyərək, hazırda şəhərin yerləşdiyi 26 km genişliyində bir krater yaradıb.

Son dərəcə yüksək temperaturdan və təzyiqdən əmələ gələn karbon köpükləri, dərhal 0.2 millimetr ölçülü və insanın görə bilməyəcəyi almaz dənəcikləri yaradıb.

Fotonun müəllifi @JulieOvgaard
Image caption Asteroidin güclü zərbəsi torpaqda almazla dolu suevit daşı əmələ gətirib

Almaza bələnmiş suevit qayası haqqında xəbəri olmayan insanlar, bahalı daşla dolu bir şəhər quraraq Nördlingen-i dünyanın unikal bir yerinə çeviriblər.

"Şəhərdəki bütün tikililər asteroid zərbəsindən yaranan daşdan inşa edilib," Nördlingen sakini Roswitha Feil deyir.

Ən qəribəsi isə budur ki, Nördlingen-in sakinləri kraterin tarixi haqqında cəmi 5 onillik əvvəl öyrəniblər.

Evlərinin parlaq keyfiyyətinə əhəmiyyət verməyən sakinlər, Nördlingen-in sönmüş vulkan kraterində qurulduğuna inanırmışlar. Ta ki, ABŞ geoloqları Eugene Shoemaker və Edward Chao şəhərə 1960-cı ildə baş çəkənə qədər.

Nördlingen-in landşaftını uzaqdan tədqiq edən alimlər, kraterin vulkan meyarlarına uyğun gəlmədiyini aşkarlayırlar. Onlar fərziyyələrini sınamaq üçün şəhərə baş çəkmək qərarına gəlirlər və görürlər ki, şəhər daxildən yox, xaricdən formalaşıb.

Nəzəriyyələrinin doğruluğunu ortaya çıxarmaq alimlər üçün heç də uzun çəkməyib. Nördlingen kilsəsinin bir divarını yoxlamaq bəs olur.

Fotonun müəllifi Getty Images
Image caption Almazlar aşkarlanmamışdan əvvəl Nördlingen sakinləri vulkanik kraterdə yaşadıqlarını düşünürmüşlər

"Məktəb dərsliklərində torpağın vulkan səbəbindən bu formada olduğu tədris olunurdu," Feil deyir.

"Sonra isə buna səbəb asteroid zərbəsinin olduğu müəyyənləşdirildi və bütün dərsliklər dəyişdirildi."

Shoemker ilə Chao-un Nördlingen-ə ilk səfərindən çox keçməmiş yerli geoloqlar, şəhər divarlarının və binaların 72.000 ton almazdan ibarət olduğunu hesablaya biliblər.

Suevitə dünyanın eyni zərbəyə məruz qalan başqa yerlərində rast gəlmək olsa da, heç bir yerdə Nördlingen-dəki qədər almaz qatılığına rast gəlinmir.

Qalanın başından endikdən sonra, mən şəhərin sakit küçələrində gəzişdim. Soyuq bir gün olsa da, məni kəskin Bavariya küləyindən rəngli evlər və Nördlingen-i əhatələyən qədim qala divarları qoruyurdu. Günəş buludların arxasından parlamağa macal tapan kimi gözlərim parlayan divarlara sataşırdı.

"Son dərəcə unikaldır," RiesKrater muzeyinin direktoru və geoloq Dr. Stefan Hölzl deyir.

16-cı əsrə məxsus anbarda mənzillənən muzey, ziyarətçilərə şəhərin gələcəyini formalaşdıran asteroid zərbəsi haqqında məlumat verir. . 6 otaqdan hər birində vitrinlər meteorit və əlbəttə ki, suevit parçaları ilə doludur.

Fotonun müəllifi @JulieOvgaard
Image caption Yerli geoloqlar şəhər divarlarının və binaların 72.000 ton almazdan ibarət olduğunu hesablaya biliblər

"Dünyanın başqa yerlərində də bu cür asteroid zərbəsindən alınan materialın binaların inşasında istifadə olunduğunu görmək mümkündür, amma bu qədər deyil," muzeyi gəzdikcə Hölzl izah edir.

"Burada həmin materialdan bütün şəhərin inşasında istifadə olunub."

Və burada milyon illər əvvəli əks etdirən təkcə binalar deyil. Qalanın kənarında Yura dövrdəkinə bənzər iynəyarpaqlılar və şam ağaclarından ibarət meşələr kraterin kənarını bəzəyir.

Hölzl mənə, Nördlingen kraterinin unikalllığından danışır. O qədər unikaldır ki, Apollo 14 və Apollo 16 kosmonavtları Aya səfərlərindən əvvəl əraziyə baş çəkib və kosmosda hansı daşları axtarmaq gərəkdiyi, Yerə hansı daşlar gətirə biləcəkləri ilə maraqlanıblar.

"Hələ də bizim Nasa-dan qonaqlarımız olur. Cəmi iki həftə qabaq buraya Avropa Kosmik Agentliyindən gəlmişdilər," Hölzl fəxrlə deyir.

O, məni muzeyin, Apollo kosmik missiyaları əsnasında yerə gətirilən ay daşının nümayiş olunduğu otağına apardı.

Fotonun müəllifi @JulieOvgaard
Image caption Nördlingen-in krateri o qədər unikaldır ki, Apollo kosmonavtları kosmosda rastlaşa biləcəkləri daşları tanımaq üçün buraya baş çəkiblər

Bununla belə, şəhərin bəzi sakinləri üçün milyonlarla xırda almaz içində yaşamaq adi haldır.

Kilsədən çıxan bir qadın mənə dedi: "Hər gün gördüyümüz bir şey niyə xüsusi olsun ki?!"

Münhendən Nördlingen-ə köçən Hölzl-ə isə insanların bu soyuq münasibəti son dərəcə qəribə gəlir.

"Onlar bunun maraqlı bir şey olduğunu düşünmürlər. Səyahətçilərin buraya səfər etməsinə qəribə baxırlar," o şikayət edir.

Hölzl Nördlingen-in də ay daşı kimi müstəsna bir şey olduğuna inanır.

"Nördlingen-i bu təbiət hadisəsi ilə bağlayan əlaqə milyonlarla illərə dayanır. Bu reallıqdır. Nə qədər qədim olur olsun, bu əlaqəni hələ də görmək mümkündür," o deyir.

"İndiki zaman keçmişin məhsuludur."

Əlaqəli mövzular

Bu barədə daha geniş