Britaniya mətbuatı: İnsanların beyinləri də bir-birinə wi-fi kimi bağlanır

Fotonun müəllifi Getty Images
Image caption Professor Tantum belə bir mülahizə yürüdür ki, "beyinarası" həm də insanların dinlərə bağlanmasını, habelə futbol matçları və konsertlərdə böyük izdihamlarla bir araya gəlmək ehtiyacını yaradır.

İnsanların beyinləri də bir-birinə wi-fi kimi bağlanır

"The Telegraph" yazır ki, insan beyinləri də bir-birilə bir növ wi-fi-ya bənzər prinsiplə bağlanırmış. Bir tanınmış professorun dediyinə görə, bu, bəzən insanların özlərinin belə hiss edib başa düşmədiyi şəkildə baş verir.

Sheffield Universitetinin Psixoterapiya Klinikasının professoru Digby Tantum-un gəldiyi qənaətə görə, dil insanlar arasında ünsiyyətin yalnız bir hissəsidir və düşünən insanların beyinləri arasında ünsiyyət mikrosiqnalları hərəkət edir.

Bu həm də bəzən "ürəyimə damıb" və ya intuisiya kimi anlayışların mövcud olmasının səbəbidir. Bu o vaxt baş verir ki, insan hiss etdiyini məntiqlə analiz edə bilmir.

Bu həm də ona səbəb olur ki, qatar və ya avtobusda gedən sərnişinlər bir-birlərinin gözlərinə uzun müddətdə baxa bilmirlər. Çox sayda insanlar beyinlərini böyük həcmdə şüuraltı informasiya ilə yükləyir. Qəhqəhə və gülüşün niyə yoluxucu olmasını da bu izah edə bilər.

Professor Tantum bu fenomeni "beyinarası" termini ilə - 'The Interbrain' adlandırır və özünün yeni eyniadlı kitabında açımını verməyə çalışır.

"Biz başqa insanların emosiyalarına, onların nəyə fikir verdiklərinə birbaşa bağlana bilirik, - deyir alim, - Bu, bizim beyinlərimiz arasında birbaşa əlaqənin göstəricisidir. Mən buna Interbrain deyirəm".

Alimin dediyinə görə, bu fenomenin bir üstünlüyü də ondadır ki, o bir növ arxa planda baş verir. Biz bu fenomenə o ortalığa qabarlıq şəkildə çıxmayınca heç fikir də vermirik.

"Autizmi olan insanlar arasında beyinarası əlaqə çox azdır və ya yerli-dibli yoxdur. Onlar bəzən emosiyaların nə demək olduğunu öyrənirlər. Buna baxmayaraq bu onların mövcud olmayan insani bağlantısına kömək etmir" - deyir professor.

Professor Tantum inanır ki, beyinlər arasında kommunikasiya "qeyri-ixtiyari sızma" şəklində baş verir və bir növ "qoxubilmə" hissinə bənzəyir. Beyindəki neyronların ən intensiv fəaliyyəti beynin ön qabığında baş verir və bunlar iybilmə hissinə bağlıdır. Diqqətli nəzəryetirmə ilə də beynin bu hissəsi məsğuldur.

İnsanın daxili kimyasındakı dəyişiklik - məsələn qorxu, xəstəlik və seksual coşqunluq hissi ilə bağlı siqnallar verir. Bu zaman mühüm deyildir ki, insan bu siqnallara uyğun bir vəziyyətdə olsun. Başqa sözlərlə məsələn seksual coşqunluq hissi tamamilə əlaqəsiz şəraitdə yarana bilir.

"Gözün aldığı informasiya proses olunmaq üçün beynin arxa hissəsinə göndərilir, lakin burnun kiçicik qoxu ilə kontaktı birbaşa beyinə bağlanır. Beynin buruna yaxın hissəsi orbifrontal qabıq adlanır. Bu, insanlar arasındakı iy bağlantısını izah edə bilər" - deyir professor.

Professor Tantum belə bir mülahizə yürüdür ki, "beyinarası" həm də insanların dinlərə bağlanmasını, habelə futbol matçları və konsertlərdə böyük izdihamlarla bir araya gəlmək ehtiyacını yaradır.

"Sərhəddən aşma hissi insanın dindarlığını və həyatın məna axtarışını izah edə bilər. Bir kütlə və ya izdiham və qələbəlik kimi bir araya gəlmə ehtiyacı sankı bizim zaman, perspektiv, məkan və tutum kimi sərhədlərimizi aşmaq arzumuzdan irəli gəlir" - deyir alim.

Onun fikrincə, bu həm də bəzi insanların qətl və terror törətməsinin səbəblərini də izah edir. Kitabda deyilir ki, nifrət, qəzəb, ikrah kimi hisslər "beyinarası" funksiya "söndükdə" baş verir. Bu ona gətirib çıxarır ki, biz etdiyimizi başqa insanın perspektivindən görmək qabiliyyətimizi itiririk.

Lakin professor Tantum inanır ki, internet bu mənada insanları milyon illərlə formalaşmış ünsiyyətinə ziyan vura bilər. Bu insanları heyvanlardan ayıran əsas xüsusiyyətdir.

"Sizə videodan baxan üz bir neçə saniyə bundan əvvəlki üzdür, - deyir alim, - Əgər bu zaman ünsiyyətdə olan insanların yaxşı beyin bağantısı varsa da da, bu, artıq bir neçə saniyə geri qalan bağlantıdır".

"Emosional ötürmə elektron transmissiyanın sürəti ilə deyil, işıq sürəti ilə baş verir. Üzbəüz ünsiyyət zamanı səs, jest, qoxu və tər, toxunuş imkanı bağlantını təmin edir. Lakin internet ünsiyyəti zamanı çatışmayan yeganə element həmin bu beyinarası bağlantıdır".

Fotonun müəllifi Getty Images

Erdoğan ABŞ-la əlaqələri kəsəcəyi ilə hədələyir

"The Independent" yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Amerikanın ədliyyə sistemini kəskin tənqid edərək ABŞ və öz ölkəsi arasında ikitərəfli sazişləri kəsəcəyi ilə hədələyib.

Buna səbəb ABŞ-da Türkiyə bankirlərindən birini, habelə bu ölkənin rəsmilərini qiyabi olaraq ittiham edən məhkəmənin keçirilməsi olub.

Manhattanda keçirilən məhkəmə Halkbank-ın menecerlərindən Mehmet Hakan Atilla ona qarşı irəli sürülmüş 6 ittihamdan beşi üzrə təqsirli bilinib.

Bu məhkəmədən sonra özünün ilk ictimai şərhində cənab Erdoğan deyib ki, bu məhkəmə prosesi Türkiyənin hökumət və iqtisadiyyatını çökdürməyə hesablanmış Amerika qəsdidir.

"Əgər Amerikanın ədalətdən anladığı budursa, onda dünyanın axırı çatıb" - deyib Erdoğan Fransaya yola düşməzdən əvvəl keçirilən mətbuat konfransında.

O sözünə belə davam edib: "Bizim aramızdakı bağlar etibarını itirir. Mən bunu deməkdən kədərlənirəm, amma bundan sonra vəziyyət məhz belə olacaq".

ABŞ-da keçirilən məhkəmədə münsiflər heyəti Mehmet Hakan Atillanı İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilib.

Məsələ burasındadır ki, bu məhkəmədə Atilla ilə yanaşı bir sıra vəzifəli Türkiyə rəsmiləri də qiyabi olaraq mühakimə olunurlar. Ankara bu işin qondarma olduğunda israr edir.

Türkiyənin Xarici İşlər Nazirliyi ötən cümə axşamı günü bu məhkəməni Türkiyənin daxili işlərinə qarışılması kimi pisləyən bəyanat verib.

Bu məhkəmə Türkiyənin xarici investorlarını ölkədən hürküdüb və milli valyuta lirənin məzənnəsini kəskin salıb.

Məhkəmə işi iki NATO üzvü arasındakı münasibətləri son dərəcə tarıma çəkib. Bu münasibətlər Türkiyədə 2016-cı ilin iyulunda baş vermiş çevriliş cəhdindən bəri onsuz da soyuq idi.

Yalnız ötən həftə Türkiyə və ABŞ öz aralarında vizaların verilməsini tam bərpa etmişdilər. Bundan əvvəl ABŞ İstanbuldakı konsulluğununun iki yerli əməkdaşı saxlananadan sonra Türkiyədə vizaların verilməsini etiraz nümayişi kimi tam dayandırmışdı. Buna cavab olaraq Ankara da eyni addımı atmışdı.

Atilla-nın işi üzrə məhkəmə İran azərbaycanlısı olan qızıl taciri Rza Zərrabın şahid ifadələri əsasında aparılırdı.

Zərrab məhkəmə prosesi başlanmazdan əvvəl təqsirini etiraf etmiş, əvəzində ona şahid statusu verilmişdi.

Özünün ifadələrində Zərrab prezident Erdoğan başda olmaqla bir sıra vəzifəli Türkiyə rəsmilərinin İranın çirkli pullarının yuyulmasında iştirak etdiyini iddia edib.

Öz növbəsində Türkiyə ABŞ məhkəmə rəsmilərinin bu ölkədə yaşayan müsəlman vaiz və Erdoğanın keçmiş yaxın müttəfiqi, hazırda isə qatı düşməni Fethullah Gülenin təsiri altında olduğunu bildirir.

Türkiyə bankı hər hansı qanunsuzluğa yol vermədiyində və beynəlxalq qanunları pozmadığında israr edir.

"Birləşmiş Ştatlar Türkiyəyə qarşı qəsd həyata keçirir…Bu təkcə hüquqi qəsd yox, həm də iqtisadi qəsddir" - deyib Erdoğan.

Bu barədə daha geniş