Britaniya mətbuatı: Keçmiş səfir: "Erdoğanı dayandırın… Türklər daha yaxşı qismətə layiqdirlər…"

Fotonun müəllifi AFP
Image caption Britaniyanın keçmiş Avropa naziri Denis MacShane: "Erdoğanı dayandırın… Türklər daha yaxşı qismətə layiqdirlər…"

Keçmiş səfir: "Erdoğanı dayandırın… Türklər daha yaxşı qismətə layiqdirlər…"

"The New European" saytında dərc olunmuş məqaləsində Britaniyanın keçmiş Avropa naziri Denis MacShane yazır ki, qitənin bir qurtaracağındakı ölkə - Britaniya Avropa İttifaqından çıxmağa çalışdığı bir vaxtda, qitənin başqa bir qurtaracağındakı ölkəni - Türkiyəni bu ittifaqın heç yaxınına da buraxmırlar.

Lakin Denis MacShane başqa bir ziddiyyətə də diqqət yetirir. O yazır ki, Britaniyanın Avropa İttifaqından çıxmaq qərarı qəbul etməsinin səbəbkarlarından biri olan Boris Johnson Türkiyənin bu İttifaqa üzvlüyünü müdafiə edir.

Avropanın "erdoğanlaşması"

Keçmiş nazir bu məqalədə Boris Johnson-a əməlli-başlı sataşır da…O yazır ki, "bizim xarici işlər nazirimizin damarlarında türk qanı axır".

Məqalədə deyilir ki, Johnson-un babası 1922-ci ildə səhv siyasi mövqe turaraq sultanı və ölkəni işğal edən İngiltərə-Fransa qoşunlarını dəstəkləyib və buna görə millətçilər tərəfindən öldürülüb.

MacShane Johnson-un riyakarlığını başqa bir məsələdə də görür. Axı, Johnson britaniyalıları Avropa İttifaqından çıxmağa çağıranda, onları əks halda 75 milyon türkün Birləşmiş Krallığa axışacağı ilə qorxudurdu.

Türkiyənin özünə gəlincə isə, müəllif Britaniyanın "The Times" və ya Fransanın "Le Monde" qəzetləri statusunda olan "Hürriyet" qəzetinin gənc müxbirinə istinad edir. Bu gənc müxbir bildirir ki, "Erdoğan Türkiyəni Yaxın Şərq ölkəsinə çevirib".

MacShane isə yazır ki, 63 yaşlı prezidentin getdikcə daha çox avtoritarlaşması təkcə Türkiyəyə xas bir proses deyil. Onun fikrincə, Avropa İttifaqının üzvləri arasında "erdoğanlaşma" yolunu tutan dövlət başçıları var. "Avropanın erdoğanlaşması" prosesi Polşada, Macarıstanda, Çexiyada da gedir. Bu siyasət Putin və Trump-la da çox səsləşir.

Məqalədə deyilir ki, türklər 1960, 1970, 1980-ci illərdə də hərbi diktaturaları görüblər, lakin indiki seçkili diktaturadır, üstəlik də biznes və onun korrupsiyasına bulaşıb. Lakin müəllifin fikrincə, Türkiyəni ram etmək elə də asan deyil. Çünki Türkiyədə diktatura Rusiya və ya Çindəki kimi xroniki xarakter daşımır.

Atatürkü sevməyən Erdoğan Atatürk olmaq istəyir

21-ci əsrin Türkiyəsində Erdoğan müasir çağımızın Atatürkü olmaq istəsə də, lakin əsl Atatürkün adının belə çəkilməsinə dözmür. O Mustafa Kemal Atatürk ki, Birinci Dünya Müharibəsində Churchill-in hərbi strategiyasını alt-üst edib.

Atatürk ərəb əlifbasını ləğv edib, rakı içməyi xoşlayıb və qadınlarla rəqs edərək türkləri başa salmağa çalışıb ki, qadınlarla qol-qola, yanaq-yanağa rəqs edərək də əsl müsəlman kimi qalmaq mümkündür.

"Hətta günü bugün də Londonun Oxford Street və Knightsbridge küçələrində İstambulun Taksim meydanında olduğundan daha çox burqalı və niqablı qadın görmək olar" -MacShane yazır.

Lakin onun fikrincə, buna baxmayaraq Türkiyənin islamlaşması sürətlə gedir və Erdoğan çox böyük sürətlə Mustafa Kemalın nailiyyətlərinin üstündən xətt çəkir.

Müəllifin qənaətinə görə, bütün bunlar ona İslamın qələbəsi üçün yox, özünün hakimiyyətdə qalmasına görə lazımdır. Onun ordunu zəif salmağı da bu niyyətdən doğur.

Erdoğan hökuməti hakimiyyətə qonşularla sıfır problem siyasəti ilə başlasa da, çox tezliklə bütün qonşuları ilə üz-göz olmağa vaxt tapıb. Əlbəttə, bütün bunlar təkcə Türkiyənin təqsiri deyil. Onun qonşularından ikisi - İraq və Suriyada müharibə başlayıb.

Erdoğan hakimiyyətə gələrkən kürdlərə öz dillərindən istifadə hüququ vermişdi, lakin bu, kürdləri silah götürüb Türkiyəyə qarşı çıxmaqdan saxlaya bilmədi.

Bu da qeyd olunmalıdır ki, Türkiyə iqtisadiyyatı ötən illərdə xeyli irəli gedib, hətta keçmiş Sovet İttifaqının ərazisində - Rusiyada, Azərbaycan və Qazaxıstanda böyük və uğurlu bizneslər qurub.

Qətiyyətli və maraqlı qadın

MacShane-nin fikrincə, Erdoğan öz uğursuzluqlarının banisi ola bilər, lakin 2016-cı ilin çevriliş cəhdi real idi və ona həyatı bahasına başa gələ bilərdi. Amma bunun ardınca onun apardığı repressiyalar, xüsusilə də Qərbi Avropa meylli jurnalistlərə qarşı repressiyalar müdrik addım sayıla bilməzdi. Çünki məhz bunlar indi Türkiyənin Avropa İttifaqına üzvlük məsələsini 18 ay bundan əvvəl olduğundan daha uzaq perspektivə atıb.

Bütün bunlara baxmayaraq, Erdoğan qarşıdan gələn seçkilərdə çox qətiyyətli və maraqlı bir qadın rəqiblə - yeni İYİ partiyasının lideri Meral Akşenerlə üzləşməli olacaq.

Lakin Akşenerə də bu yarışda onun millətçi keçmişi maneə yarada bilər. O, artıq bu millətçiliyi daxili işlər naziri və vitse-spiker postlarında göstərib.

Böyük elektorata malik etnik kürdlər Erdoğana qarşıdırlarsa da, onlara millətçi bucağından baxan Akşeneri də qəbul etmirlər. Nəzərə almaq lazımdır ki, kürdlər bu seçkidə də həlledici səsə malik olacaqlar.

Amma burası da var ki, Akşenerin kürdlərin milli arzularını qəbul etməməsi tanışdır, lakin o Erdoğan kimi kürdlərin siyasi liderlərini, hətta PKK-ya aidiyyatı olmayan kürdləri həbsxanalara atmayıb.

Hər şeyi Erdoğanla Akşenerin "dueli" həll edəcək

Bununla yanaşı, MacShane hesab edir ki, Putinin Rusiyadakı reytinqi qədər, Erdoğanın da Türkiyədə reytinqi var. Amma o bir vaxtlar olduğu lider deyil. O, islamçı partiyanı hakimiyyətə gətirmiş keçmiş silahdaşları ilə üzülüşüb, onları vəzifələrindən uzaqlaşdırıb.

MacShane-nin fikrincə, növbəti 18 ay ərzində Türkiyənin gələcək taleyini Erdoğanla Akşener arasındakı rəqabətin nəticəsi müəyyən edəcək.

Müəllif belə bir nəticəyə gəlir ki, Türkiyədə seçki kimi demokratik təsisatların hələ də yaşarı olduğu bir vaxtda, nə NATO, nə də Avropa İttifaqı bu ölkəni tək qoymamalıdır.

Türkiyənin ən səriştəli müşahidəçilərindən biri də Britaniyanın bu ölkədəki keçmiş səfiri, lord Peter Westmacott-dur. O, Türkiyədən sonra diplomatik karyerasını Paris və Vashinqtonda davam etdirib.

Westmacott türkcə səlis danışır, hətta bu ölkədə evi var və buna görə də bu ölkəyə ürəyi yandığını düşünmək olar.

O, bu yaxınlarda Atlantic Council məcmuəsində yazdığı bir məqaləsində bildirir ki, "Erdoğanın avtoritarlığa yuvarlanmasını kimsə dayandırmalıdır, çünki başqa cür Türkiyənin siyasi təsisatlarını, hətta mədəniyyət və reputasiyasını qoruyub saxlamaq mümkün olmayacaq".

"Belə diqqətəlayiq, şaxəli, canlı və əvəzsiz ölkə daha yaxşı qismətə layiqdir" -keçmiş səfir yazır.

Fotonun müəllifi Getty Images
Image caption Trump-ın lağa qoyduğu Oprah Winfrey seçkidə ona asanlıqla qalib gələ bilər

Trump-ın lağa qoyduğu Oprah Winfrey seçkidə ona asanlıqla qalib gələ bilər

"The Independent" yazır ki, təzəcə keçirilmiş rəy sorğusu Oprah Winfrey-in növbəti seçkidə Donald Trump-a asanlıqla qalib gələ biləcəyini göstərib.

Rasmussen Reports firmasının apardığı rəy sorğusu göstərir ki, əgər seçki bu gün keçirilsəydi, televizya ulduzu indiki prezidenti 10 bal geridə qoyardı.

Xanım Winfrey-in növbəti prezident seçkisinə namizədliyini verə biləcəyinə dair şayiələr o, Golden Globe mükafatları mərasimində çox coşqun bir çıxış edəndən sonra yayılmağa başlayıb.

Məşhurun rəfiqələri onun Trump-a qarşı yarışmaq əzmində olduğunu bildirsələr də, teleaparıcının özü bu şayiələri təkzib edib.

Məsələ burasındadır ki, söz-söhbətə prezident Trump-ın özü də müdaxilə edib. O deyib ki, Winfrey-in seçkiyə qatılacağını düşünmür, amma lap belə bir şey olsa da, ona asanlıqla qalib gələ bilər.

Lakin indi aparılmış rəy sorğusu göstərir ki, xanım Winfrey prezident olmaq məsələsinə ciddi baxsaydı, amerikalıların 48 faizi onu və yalnız 38 faizi Trump-ı dəstəkləyərdi.

Sorğu nəticələrindən bu da bəlli olub ki, respublikaçıların beşdə biri Oprah-ı dəstəkləyərdi. Bu da Trump-ın göstəricisindən daha yaxşı nəticədir.

Demokratların 76, respublikaçıların 22, partiyasızların isə 44 faizi keçmiş tok-şou aparıcısını dəstəklədiyini bildirib.

Donald Trump-a bu rəqabətdə respublikaçıların 66, demokratların 12 və bitərflərin isə 38 faizi səs verməyə hazır olduğunu deyib.

Trump əvvəllər xanım Winfrey-in heyranlarından biri olub. O, 2012-ci ildəki tvitlərindən birində yazırdı: "Mən Oprah-a vurğunam".

Belə görünür ki, amerikalıların da çoxu Oprah-a vurğundur. Rasmussen Reports-un 1000 nəfər arasında apardığı rəy sorğusunun nəticələrinə görə, adamların 55 faizi teleulduzu sevir.

Lakin politoloqlar bu qənaətdədirlər ki, Ağ Ev uğrunda mübarizə Winfrey-in populyarlığına ziyan vurardı. Onların fikrincə, əgər teleulduz prezidentlik niyyətini rəsmən elan etsəydi, bu qədər dəstək görməyəcəkdi.

Bu da qeyd olunur ki, adamlar Trump-dan sonra dövlətçilik təcrübəsi olan birisinə üstünlük verəcəklər.

Lakin məşhurlar və ekspertlər Oprah 2020 yarışının maraqlı ola biləcəyini deyirlər. O, Trump-dan fərqli olaraq, öz zəhməti ilə milyarder olanlardandır.