Bağdadda intiharçı hücumlar: azı 35 nəfər həlak olub, 90-dan çox yaralı var

Security forces clear the site of the bombing Fotonun müəllifi Reuters
Image caption Rəsmilər ölüm sayının artacağını güman edirlər

İraq paytaxtı Bağdadda törədilmiş qoşa intiharçı bomba partlayışı nəticəsində azı 35 nəfər həlak olub, tibbi mənbələr xəbər verib.

Bu, son 3 gün ərzində ikinci belə hücumdur.

Şəhərin mərkəzində yerləşən Tayran meydanında bazar ertəsi törədilmiş hücum nəticəsində 90-dan çox adam yaralanıb.

Bomba hücum intiharçı kəməri geyinmiş iki kişi tərəfindən həyata keçirilib, Daxili İşlər Nazirliyi bildirib.

Hücum edənlərin hədəfi hər səhər iş tapmaq üçün fəhlələrin meydana yığışdığı əmək bazarı olub.

Bu meydanı silahlılar keçmişdə də hədəfə alıb.

Şənbə günü paytaxtın şimalında yerləşən yoxlama-buraxılış məntəqəsində də intiharçı tərəfindən bomba hücumu həyata keçirilib.

Partlayış nəticəsində azı 5 nəfər həlak olub.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma 2014-cü ildə İraqın böyük ərazilərini nəzarətinə alandan sonra, Bağdad dəfələrlə silahlı və bomba hücumlarının hədəfinə çevrilib.

Lakin keçən ay İraq höküməti ölkənin bütün ərazisinə nəzarəti bərpa etdiyini elan edəndən sonra, Bağdadda hücumların intensivliyi zəifləməyə başlamışdı.

Bu barədə daha geniş