Fransa məşhurları #MeToo kampaniyasına qarşı niyə çıxış edir?

French activists demonstrate over violence against women, October 2017 Fotonun müəllifi Reuters
Image caption Fransada #MeToo kampaniyası ilə əlaqəli #balancetonporc kampaniyası təşkil edilib

ABŞ-da kinomaqnat Harvey Weinstein-ə qarşı seksual zəmində təhqir və təcavüz halları ilə bağlı ilk ittihamlar irəli sürüləndən bəri, qadınların seksual zorakılıq və təhqirlərdən müdafiəsini nəzərdə tutan və Hollywood ulduzlarının iştirakı və yardımı ilə müşayiət edilən ictimai kampaniya bir neçə aydır ki, genişlənməkdədir.

Bu kampaniya çərçivəzində nümayiş etdirilən yekdillik heyrətamizdir.

Ötən həftə Golden Globe mükafatının təqdim edilməsi mərasiminə bir çox məşhur kinoulduz seksual zorakılıq qurbanları ilə həmrəy olduqlarını bildirmək üçün tədbirə qara geyərək gəlmişdi.

Fransanın veteran ulduzu Catherine Deneuve isə bu həftə həmin məsələyə fərqli baxdığını açıqlayıb.

Catherine Deneuve və Fransanın daha 99 məşhur qadını sosial mediada aparılan #MeToo kampaniyasını tənqid edən açıq məktuba imza atıblar.

Məktub müəllifləri hesab edir ki, kampaniya müqəssirlərlə mübarizə çərçivəsini aşaraq "kişilərə və seksə qarşı nifrət hərəkatına" çevrilib.

"Puritanizm" həddini aşaraq "keçmişin əcinnə ovuna çevrilib", məktubda deyilib.

Fotonun müəllifi Getty Images
Image caption Catherine Deneuve 100-dən çox filmdə çəkilib

Məktub müəllifləri kişilərin qadnlara sataşmaq "azadlığını" müdafiə edərək, bunun "seksual azadlıq üçün mühüm olduğunu" vurğulayıblar.

Fransalı qadın ulduzların bu cür mövqeyi bütün dünyada, xüsusən də ABŞ-da, feminist fəalları şoka salıb. Fransanın özündə də ictimaiyyət bu məsələyə dair haçalanıb.

Sözügedən məktub Fransada və ABŞ-da feminizmin yozumundakı mövcud fərqlərdən xəbər verdi.

"ABŞ-da kinoulduzun belə məktuba imza atmasını təsəvvür etmək çətindir", - Emily Yoffe, The Atlantic jurnalının redaktoru.

Misal üçün ABŞ aktyoru Matt Damon #MeToo hərəkatı barədə nisbətən daha mülayim tənqidə görə həmkarlarının tənqid atəşinə tuş gəlmişdi.

Fotonun müəllifi Getty Images
Image caption Matt Damon deyib ki, kişilərin hamısna eyni gözlə baxılmamalıdır.

ABŞ-ın ən tanınmış yazıçılarından olan Lionel Shriver hesab edir ki, Hollywood-da hazırda müşahidə edilən yekdillik ab-havası əslində, təzyiqin və təcriddə qalmaq qorxusunun nəticəsidir.

"Dövrümüzün sosial kampaniyalarının təbiətini nəzərə alanda, tənqidi fikri olan susmağa üstünlük verir", - Lionel Shriver deyib.

Lionel Shriver tam şəkildə Catherine Deneuve-u baxışlarını bölüşür və #MeToo hərəkatını "əcinnə ovu" sayır.

"Biz artıq ciddi seksual təcavüzlə, hətta zorlama ilə dizə toxunmaq arasında fərqi seçə bilmirik, - o deyib. - Əgər məni kimsə cazibədar sayırsa, bu, məni məmnun edir. Yeganə məsələ odur ki, mənim "Yox" demək hüququmu tanıyırlarmı?"

Fotonun müəllifi AFP
Image caption Lionel Shriver Fransanın tanınmış yazıçılarından biridir.

Bəs görəsən, Catherine Deneuve-un hərəkəti Fransada tənqid doğurmayıb?

Parisdə mühazirələr oxuyan siyasi ekspert Anastasia Colosimo hesab edir ki, bunun səbəbi Fransada 1960-cı illərə xas olan və liberal baxışlara köklənən feminist hərəkatı ruhunun qorunub saxlanması ilə bağlı ola bilər.

"Həmin hərəkatın əsas məqamlarından biri qadın seksuallığını müşayiət edən hər hansı günah hissini yox etmək idi, - Anastasia Colosimo deyir. - Qadınlar açıq şəkildə bəyan edirdilər ki, onlar da, kişilərdə olduğu kimi, seks ehtirası hissi keçirir".

Le Monde qəzetində dərc olunan məktuba imza atan qadınlar arasında 69 yaşlı Catherine Millet də var.

2002-ci ildə o, özünün seksual həyatı barədə təfsilatlı xatirələrini kitab şəklində dərc edəndən sonra məşurlaşıb.

Məktub eləcə də sadomazoxist ruhlu yazıların müəllifi Catherine Robbe-Grillet və 1970-ci illərin pornoulduzu, hazırda isə televeziyada tokşou aparıcısı Brigitte Lahaie tərəfindən də imzalanıb.

Fotonun müəllifi AFP
Image caption Catherine Millet 2002-ci ildə özünün seksual həyatına dair xatirələri barədə kitab yazıb.

Feminist hərəkatının yaşlı nəslini təmsil edən bu qadınlar hesab edir ki, ABŞ-da seksual zəmində sataşma hallarına qarşı genişlənən hərəkat 1960-cı illərdə feminist hərəkatının həyata keçirdiyi seksual inqilabın nailiyyətləri üçün təhlükə kəsb edir.

Onlar seksual zorakılığa qarşı, o cümlədən, iş yerində belə hallara qarşı mübarizə aparmağın vacibliyi ilə razılaşır.

Lakin Anastasia Colosimo vurğulayır ki, bu cür təhlükəni müasir feminist hərəkatının mərkəzi elementinə çevirənlərin məntiqi qadını "azad şəxs kimi yox, daha çox, kişi şəhvətinin obyekti və aciz qurban kimi təsvir edir".

Kişi və qadın arasında mürəkkəb münasibtlərə nəzarət qurulması kampaniyası bu feminist qadınlarda narahatlıq doğurur.

Ötən il digər bir məşhur Fransa aktrisası, 1949-cu ildə doğulmuş Fanny Ardant seksual zəmində sataşma hallarına qarşı aparılan kampaniyadan "faşizm qoxusu gəldiyini" deyib.

Lakin Fransada da, onların səsi elə də ucadan gəlməsə də, Deneuve-un mövqeyinə qarşı şıxıç edən gənc feministlər olub.

Belələrindən ibarət bir qrup Deneuve-u və onun həmfikirlərini "problemi gizlətmək" və qurbanları "ələ salmaq" cəhdində ittiham edib.

Anastasia Colosimo Fransada yeni tipli feminizmə qarşı müqavimətin daha güclü olmasını tarixi amillərlə izah edir.

Fransada əsrlər boyu kişilərin qadınlara seksual ruhlu sataşmaları, qadının kişiyə "yox" demək hüququ tanınmaq şərti ilə, normal sayılıb.

Anastasia Colosimo-ya görə, fransız mədəniyyətində "Aralıq dəniz regionuna xas olan və qadınlara sataşmağı da özündə daşıyan "kişiliklə" Anglo-Sakson puritanlığı arsaında uğurlu bir balans özünə yer edib".

Onun qənaətincə, Fransada eşqbazlıq hissi ilə mübarizə aparmaq fransızların genetik koduna yad olan bir hərəkətdəir.

Odur ki, #MeToo kampaniyasına qarşı hərəkat "yalnız Fransa kimi bir ölkədə yarana bilərdi", təhlilçi vurğulayır.

Bu barədə daha geniş